Əmirulla Məmmədov
Əmirulla Məmmədəli oğlu Məmmədov (24 iyul 1946, Fatmayı) — fizika-riyaziyyat elmləri doktoru (1986), professor (1988), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (1988), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2016), Bilkənd Universiteti Nanotexnologiya Elmi Mərkəzinin Emeritus Professoru və Baş Elmi İşçisi, Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Xeyriyyə Cəmiyyətinin Qəyyumlar Şurası və İdarə Heyətinin üzvü.
Məmmədov Əmirulla 24 iyul 1946-cı ildə Azərbaycanın Bakı şəhərinin Fatmayı kəndində anadan olmuşdur. 1953-cü ildə Bakı 44 nömrəli orta məktəbində təhsilinə başlamışdır. Orta məktəbi 1963-cü ilində bitirmişdir. Daha sonra Ali təhsilini 1968-ci ilində tamamlamışdır. 1968-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirəndən sonra Sovet Ordusu sıralarına çağrılmışdır.
Hərbi xidmətdən tərxis olduqdan sonra 1991-ci ilinə qədər Bakı Dövlət Universitetinin Yarımkeçiricilər Fizikası Elmi Tədqiqat Mərkəzində işləmişdir.
1973-cü ildə fizika riyaziyyat elmləri namizədi (bərk cisimlər fizikası ixtisası üzrə) dissertasiyasını müdafiə etmişdir.
1977-ci ildə bərk cisimlər fizikası ixtisası üzrə baş elmi işçi alimlik ünvanını və sonrasında da Dosent alimlik ünvanını almışdır.
1982-ci ildən Elmi Mərkəzin Qeyri-xətti Optika Bölümünün müdiri olaraq işinə davam etmişdir.