Bəkir Nəbiyev
Bəkir Əhməd oğlu Nəbiyev (21 avqust 1930, Ağdaş – 15 mart 2012, Bakı) — Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycan SSR Əməkdar elm xadimi (1990), Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.
== Həyatı ==
Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947). 1949-cu ildə məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan Bəkir Nəbiyev 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O,1956–1959-cu illərdə universitetin Azərbaycan ədəbiyyatı kafedrasının aspirantı olmuşdur.Atası Əhməd Məhəmməd oğlu Nəbiyev 1888-ci ildə doğulub. İlk təhsilini atasından alıb, Qurani-Kərimi babasından öyrənib. O, keçən əsrin əvvəllərində Ağdaşda "Darülürfan" məktəbi açmış həmyerlimiz, məşhur maarif xadimi Muxtar Əfəndizadənin (1880–1975) yanında ərəbcəsini daha da təkmilləşdirib, rus dilini öyrənib, coğrafiya, həndəsə, tarix, ədəbiyyat, nücum sahəsində yeni biliklər əxz edib.1937-ci ildə atası və əmisi həbs edilir. Arxangelskdə,Komidə "cəzasını" çəkərkən atası taleyinə düşən işgəncələrə dözməyib,1942-ci ildə Ural dağlarının ətəklərində yerləşən məhbəs baraklarının birində həlak olub.Anası Seyid Zəhra 1898-ci ildə Ağdaşın, Üçqovaq kəndinin "Yuxarı başında", gənc yaşlarında dünyasını dəyişdiyi üçün üzünü görmədiyi Mir Sadıq babasının ailəsində doğulub. Namaz qılar,Quran oxuyar, oruc tutardı. Öz davranış və əməlləri ilə daim ailəsinə başucalığı gətirən anası Seyid Zəhra 1967-ci ildə vəfat edib.