Görkəmli adamların həyatı
Görkəmli adamların həyatı — məşhur şəxsiyyətlərin həyat və yaradıcılığı haqqında kitab seriyası. Əsası 1890-cı ildə Florenti Fyodoroviç Pavlenkov tərəfindən qoyulmuş və Maksim Qorkinin təşəbbüsü ilə 1933-cü ildən Moskvada buraxılmağa başlanmışdır. 1938-ci ildən "Molodaya qvardiya" nəşriyyatında buraxılır. Bu seriyaya daxil olan kitablar içərisində yazıçı, bəstəkar, rəssam və digər sənət adamlarına, alimlərə (İbn Sina, Şekspir, Dante, Mixail Lomonosov, Onore de Balzak, Gi de Mopassan, Şopen, Lev Nikolayeviç Tolstoy, Dostoyevski, Çexov və başqaları) həsr olunmuş nəşrlər mühüm yer tutur. Həmin seriyadan Babək, Nizami, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Firudin bəy Köçərli, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə və başqaları haqqında kitablar çap olunmuşdur. Nəşr olunan bu kitablarda dahi şəxsiyyətlərin həyatı, yaradıcılıqları diqqət mərkəzinə gətirilir, zəruri faktlar, yaxud arxiv sənədləri əsasında tədqiqata cəlb olunur, maraqlı faktlar, araşdırmalar üzə çıxarılır. Müəllifin həyat və fəaliyyətinin bütün incəliklərini olduğu kimi oxucuya təqdim etdiyi qəhrəmanı isə öz növbəsində, geniş oxucu marağı üçün zəmin yaradır. Məsələn, "Görkəmli adamların həyatı" seriyasından Şərqin böyük şairi və mütəfəkkiri Ömər Xəyyamla bağlı nəşr olunan kitabda şairin həyat və yaradıcılığından, xüsusən də bir çox dillərə tərcümə olunaraq dünya şöhrəti qazanmış rübailərindın bəhs edilir. Ömər Xəyyamın həm də bir riyaziyyatçı və filosof kimi məşhur olması diqqət mərkəzinə gətirilir. Ümumiyyətlə, müəlliflər az məlum olan çoxlu materiallar əsasında Ömər Xəyyamın həyat və fəaliyyətini işıqlandırmaqla yanaşı, həm də XI–XII əsrlərdə müsəlman Şərqində mövcud tarixi şəraiti və mənəvi həyatı da geniş qələmə almışlar .