1. Qırğız dilində ay “getmək”, “yerimək” mənasında işlədilir. Soraq sözünün qəlibi üzrə də ayaq yaranıb, mənası “gediş”, “hərəkət üçün vasitə” deməkdir. Ehtimal etmək olar ki, addım sözü də bu kəlmə ilə kökdaş olub. Söz aşaq, adaq formasında da işlədilib. İndi də kəndin ayağı dedikdə onun aşağı tərəfi başa düşülür. Ayaq və baş sözləri antonimdir. Deməli, baş – “yuxarı” (dağın başı deyirik), ayaq isə “aşağı” deməkdir. Bu, ayaq sözünün ikinci yozumudur. Ayaq sözünün üçüncü mənası “badə, qədəh, piyalə” anlamı ilə bağlıdır. İndi bu məna arxaikləşib. Türk aləmində heyvanın heç nəyi atılmazmış: gönündən, ətindən, yunundan, bağırsağından, sümüyündən... hər şeyindən müəyyən məqsədlər üçün istifadə olunmuşdur. Dəvənin dırnağından həm də şərab qabı kimi istifadə olunmuş və ona ayaq deyilmişdir. “Ta girib meyxanə içrə başıma çəkim ayaq” (S.Ə.Şirvani) cümləsində ayaq qədəh mənasındadır. Ayaqçı (saqi mənasında) sözü də var: “Cam içirən ayaqçıya döndü Füzuli...”. Ayaq sözünün dördüncü mənası “hörmət” deməkdir. Filankəsin ayağına getmək “onun hörmətini yüksək tutmaq” kimi başa düşülür. Güman edirəm ki, “hörmət” mənasında işlədilən ayaq sözü, əslində, ağır şəklində olmuş, sonra təhrif edilmişdir. Ağır sözü “hörmətli”, “qiymətli” anlamlarında indi də işlədilir (ona görə də “ayağına getmək” deyirik, “qoluna getmək” və s. demirik).
2. Ayağına yıxılmaq, aya feildir, “hörmət etmək” deməkdir. Ayaq “hörmət sahibi” anlamını əks etdirib. Ayağına yıxılmaq “qarşısındakını ulu hesab etmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)