Aydın Məmmədov (dövlət xadimi, 1932)
Aydın Yusif oğlu Məmmədov (15 may 1932, Kəpənəkçi, Lüksemburq rayonu – 1 noyabr 2022) — Azərbaycan dövlət xadimi, "Azərbxariciticarət" Birliyinin baş direktoru, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri (1988–1990), Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1983–1986), Azərbaycan Kommunist Partiyasının Mingəçevir Şəhər Komitəsinin (1981–1983) və Oktyabr Rayon Komitəsinin (1968–1971) birinci katibi, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1971–1978), Azərbaycan SSR maarif nazirinin müavini (1964-cü ildən), Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X, XI və XII çağırış deputatı.
== Həyatı ==
Aydın Yusif oğlu Məmmədov 1932-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının Marneuli rayonunun Kəpənəkçi kəndində doğulmuşdur. 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda ali təhsilini tamamlamışdır. O, həmçinin 1960–1964-cü illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbində ali təhsil və Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasında aspirantura təhsili almışdır. İqtisad elmləri namizədidir.
Aydın Məmmədov 1956-cı ildən əmək fəaliyyətinə başlamışdır.
== Siyasi fəaliyyəti ==
=== Sovet dövrü ===
Aydın Məmmədov 1957-ci ildən Azərbaycan LKGİ Sumqayıt Şəhər Komitəsinin birinci katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin ikinci, sonra isə birinci katibi vəzifələrini daşımışdır.
Aydın Məmmədov 1958-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.