Mirzə Vəli bəy Baharlı
Mirzə Vəli bəy Baharlı (1725 – 1795, Tehran) — Qarabağ xanlığının vəziri, şair, Əlişəkər bəy Baharlının nəslindəndir.
== Həyatı ==
Mirzə Vəli bəy Baharlı təxminən 1725-ci ildə anadan olmuşdur. Onun XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Vorucerd və Nəhavənd hakimi olmuşdur. Böyük Moğollar İmperatorluğunun başçısı Əkbər şahın atabəyi olub, ölkəni 4 il müstəqil idarə etmiş, eyni zamanda incə ruhlu şair xanlar xanı Bayram xan Seyfəli bəy oğlu Baharlı, dövlət xadimi olmaqla yanaşı türk, fars, hind dillərində şeirlər yazmış oğlu Mirzə Əbdürrəhim xan Əlişəkər bəy Baharlının nəslinə mənsub olub Mirzə Vəli bəyin ulu babalarıdırlar.
Orxan Zakiroğlunun (Baharlı) tədqiqatına görə Mirzə Vəli bəyin atası Bayramxan bəy Abdulla xan oğlu Baharlı Qarabağ xanlığının qurucusu Pənahəli xanın zamanında xanlığın hörmətli insanlarından idi. Mirzə Vəli bəy Baharlı mükəmməl mədrəsə təhsili almış, ərəb, fars dillərini bilmişdir. Şəriət elmlərinin gözəl bilicisi olan Mirzə Vəli bəy Baharlı eyni zamanda incə ruhlu şair kimi də tanınmışdır. Rəvayətə görə Molla Pənah Vaqif saraya Mirzə Vəli bəy Baharlının təklifi ilə dəvət edilmişdir.
Orxan Zakiroğlu (Baharlı) yazır ki, gənclik illərində Mirzə Vəli bəy Baharlı Qarabağ xanlığının qurucusu Pənahəli xanın sarayında xidmət etmişdir. O, Pənahəli xanın etibar etdiyi, güvəndiyi saray əyanlarından biri idi.