Bəşər tarixində əhalinin böyük bir qisminin həyatını köklü şəkildə dəyişdirən hadisələr vaxtaşırı olaraq baş verib. Belə hadisələrdən biri Böyük Fransa inqilabı idi. 1789-cu ildə, ölkə iflasın astanasına çatanda burjuaziya hakimiyyətə gəldi və bir neçə il ərzində Fransada hərc-mərclik hökm sürməyə başladı. Kralın səlahiyyətləri məhdudlaşdırıldı, 1792-ci ildə o, taxtdan salındı və 1793-cü ildə gilyotində edam edildi. Amma nəticədə inqilabi hökumətin yerini Napoleon Bonapartın diktaturası tutdu.
1815-ci ildə – Napoleonun tam məğlubiyyətindən sonra – edam edilmiş XVI Lüdovikin qardaşı XVIII Lüdovik taxta çıxdı. Ancaq kralın hakimiyyəti 1789-cu ilə qədər olduğu kimi qeyri-məhdud deyildi. Onun əvvəlki səlahiyyətləri bir daha özünə qaytarılmadı.
İnsanların yeni yaranmış vəziyyəti əvvəlki ilə müqayisə etmələri təbii idi və fransızlar 1789-cu ilə qədər olan həyatları barədə söz açanda daim “köhnə rejim” ifadəsini işlədirdilər. Bu ifadə dilə düşərək keçmiş və bir daha qayıtmayacaq dövrləri ifadə etmək üçün işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)