MƏQSƏD O sadə gənc uzaqlardan, Şərq elindən qonaq gəlmiş; Məqsədimiz bu torpaqdan qüvvət alıb dönmək imiş (S.Vurğun); AMAL ..ölüm bizi Azərbaycanın səadəti yolundan, böyük amalımız yolundan döndərə bilməz (M.İbrahimov); FİKİR [Süleyman:] Yaxşı, xala, bəs sənin fikrin? (Ü.Hacıbəyov); İDEAL (ən yüksək məqsəd) Səhnə mənim məqsədim, idealım və qəlbimdir (S.Rəhman); QAYƏ Böyüdükdə də ana həmin fikirdən daşınmaz; yenə qayəsi övlad olar (Çəmənzəminli); QƏRƏZ (gizli məqsəd) Kərim: Yəni bunu deməkdə qərəzin nədir? (M.F.Axundzadə); QƏSD Zeynal: Qəsdim instituta girməkdir (B.Bayramov); MƏQSUD Məqsudum bir mövzu ayırıb yazmaq idi (S.S.Axundov); MƏRAM Molla Həmid: Hələ buyurun görək zəhmət çəkməyinizdən qərəz mehz o cənabın ziyarətidir, ya başqa bir məramınız dəxi var? (M.F.Axundzadə); MƏTLƏB Vahabzadə: Birdən elə bilərsiniz ki, sizə mühəndislik dərsi keçmək niyyətinə düşmüşəm, yox, mətləbim başqadır (S.Əlibəyov); MURAD Bu cür məktəbləri bina etməkdən dövlətin muradı bu idi ki, dəhat əhlinə savad öyrədib və bir para elmlər təlim edib, bir tövr gözünü açsın.. (C.Məmmədquluzadə); NİYYƏT Niyyətin hara, mənzilin də ora (Ata. sözü).