Mədəni antropologiya
Mədəni antropologiya — Antropologiyanın ən böyük sahələrindən biridir və mədəniyyətin və ondakı dəyişikliklərin öyrənilməsinə yönəlmişdir. Antropologiya, etnoqrafiya, etnologiya, linqvistika, folklor və dünya xalqlarının fərqli mədəniyyətlərini təsvir etməyə və təhlil etməyə imkan verən digər elmlər vasitəsilə əldə edilən məlumatlardan istifadə edir.
Antropologiyanın bu qolu daxilində insan zamanla cəmiyyətin üzvü və tarixin və mədəniyyətin yaradıcı elementi kimi tədqiq olunur. Bu elm, insanların həyat tərzini geniş bir şəkildə öyrənir və onları mövcud insan qrupları arasında müqayisə etmək üçün geniş bir perspektivdə yerləşdirir.
Mədəniyyət, bir tərəfdən, bir insanın həyat tərzinin cəmiyyət içərisində necə inkişaf etdiyini təyin edən amildir, bir tərəfdən də insanın öz sosial həyatı daxilində şəxsi həyatını necə yaşaması barədə sahib olduğu bilikdir.
Mədəni antropologiya, insanı həm indiki, həm də keçmişdə mövcud olmuş fərqli cəmiyyətlər və mədəniyyətlər daxilində yerləşdirir və insanın mənası nədir sualını tədqiq etməyə çalışır.
== Tədqiqat obyekti ==
Mədəni antropologiya dünyada mövcud ola biləcək fərqli mədəniyyətləri tədqiq etməyi hədəfləyir. Hər birinin özünəməxsus anlayışı sayəsində onları fərqləndirmək və mənşəyini, işləmə yollarını və müxtəlif regionlarda sosial həyatın necə inkişaf etdiyini anlamaq mümkündür.
Öyrənilən mədəniyyət elementləri arasında sənət, din, iqtisadiyyat, siyasət, dil, ənənələr, ekosistemlər, irqlər arasındakı münasibətlər, yaşayış şərtləri və müharibələr, müstəmləkəçilik, dövlət strukturları, tarixi amillər və bunun kimi bir çox xüsusiyyətlər nəzərə alınır.
== Tarix ==
Antropologiyanın başlanğıcı XVIII əsrlə XIX əsrin ortaları arasındadır.