Hidayət Orucov
Hidayət Xuduş oğlu Orucov (5 sentyabr 1944, Maralzəmi, Meğri rayonu) — Azərbaycan dövlət xadimi, diplomat və şair-dramaturq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1991), Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2012–2021), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2006–2012), Azərbaycan Respublikası Milli siyasət məsələləri üzrə Dövlət müşaviri (1993–2005), Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri (1992–1993), İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru (1968–1984).
Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Ermənistan SSR Meğri rayonunun Maralzəmi kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.
Bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq etmişdir.
Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdir. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranmış, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görmüş, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunmuşdur.
Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilmiş, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulmuşdur. Ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilmişdir. Hidayət 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina etmişdir.
1984-cü ildə Bakıya köçərək "Gənclik" nəşriyyatının baş redaktor müavini (mart 1984 — mart 1986), sonra baş redaktoru (1986–1992-ci illər) vəzifələrində işləmişdir.