Qədim misirlilər, nə qədər qəribə də olsa, həyatlarının, mövcudluqlarının əsası kimi ölümü seçmişdilər. Dünyasını dəyişmiş insanın bədəni çürüməkdən mümkün qədər qorunmalı idi. Bu, rəhmətə gedənin ölülər dünyasına daxil ola bilməsi üçün edilirdi. Bu məqsədlə cəsədi əsaslı tikilmiş sərdabəyə yerləşdirirdilər. Söhbət padşahdan gedirdisə, bu daha da vacib şərtə çevrilirdi.
E.ə. təxminən 2600-cü ildən sonra bunlar kvadrat bünövrəsi olan, yuxarı ucaldıqca isə darlaşan zirvəyə malik nəhəng tikililər formasını aldı. Belə tikililərin ən böyüyü firon Xufunun (Xeops) zamanında ucaldıldı. Tikili hər birinin çəkisi 2,5 ton olan 2 300 000 qranit parçasından ibarətdir. Kvadrat bünövrənin sahəsi 53 000 м² (hər tərəfi 230,4 metrə bərabərdir), tikilinin hündürlüyü isə 146,5 metrdir.
Bu tikililəri görən ilk yunan turistlər onlara heyran olmuşdular. Yunanlar onlara piramida adı verdilər. Ola bilsin, bu sözün mənşəyi misirlilərin “pimir” (tikili) sözündən gəlir. Bu ad yunan sözü olan “pyr” (alov) ilə də əlaqəli ola bilər, çünki bu nəhəng tikililər alov kimi yuxarı qalxırdı.
Hər halda, riyaziyyatçılar “piramida” sözündən geniş oturacağı olan və qüllə kimi daralaraq yuxarı ucalan istənilən bərk strukturu ifadə etmək üçün istifadə edirlər. (Ayzek Azimov. Sözlərin tarixi)