Şəhər Merlərinin Razılaşması
Şəhər Merlərinin Razılaşması — Avropa İttifaqı tərəfindən başladılmış kütləvi təşəbbüs olub, nəzarət etdikləri ərazidə enerji səmərəliliyinin və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması üçün könüllü öhdəlik götürmüş yerli və regional hakimiyyət orqanlarını ətrafında birləşdirir
Qəbul edilmiş öhdəliklərə əsasən, Razılaşmanı İmzalayanlar 2020-ci ilədək CO2 emissiyalarını azı 20% azaltmağa çalışacaq, bununla da iqtisadiyyatın ətraf mühitə zərər vermədən inkişaf etməsinə və həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcəklər.
Şəhər Merlərinin Razılaşması Avropa Komissiyası tərəfindən 2008-ci ildə ilk olaraq yerli hakimiyyət orqanları tərəfindən Aİ iqlim və enerji məqsədlərinin formalaşdırılmasına və icrasına yönəlmiş cəhdləri dəstəkləmək və təsdiq etmək məqsədilə başladıldı.
Daha sonra, hətta Argentina və ya Yeni Zelandiya kimi uzaq ölkələrin qoşulması ilə Razılaşmanın yanaşma və metodları Aİ sərhədlərindən kənarda da əks-səda doğurdu.
Yerli, regional və milli subyektləri enerji və iqlim məqsədlərinin yerinə yetirilməsi ətrafında birləşdirən yeganə belə hərəkat olan Şəhər Merlərinin Razılaşması öz unikal xüsusiyyətlərinə görə Avropa İttifaqı institutları tərəfindən müstəsna çoxpilləli idarəçilik modeli kimi təsvir edilir.
== Şəhər Merlərinin Razılaşmasını imzalayanlar ==
Ölçüsündən asılı olmayaraq — kiçik kəndlərdən tutmuş Kiyev, London, Paris və ya Tbilisi kimi iri şəhər aqlomerasiyalarına qədər — bütün yerli hakimiyyət orqanları Şəhər Merlərinin Razılaşmasını imzalaya bilərlər.
Enerji istehlakının və CO2 emissiyalarının 80%-nin şəhər fəaliyyəti ilə bağlı olduğunu nəzərə alsaq, yerli özünü idarəetmə orqanları iqlim dəyişikliyinin nəticələrinin yüngülləşdirilməsində həlledici rol oynayırlar.
Mərkəzi hakimiyyət tərəfindən dəstəkləndikləri halda, yerli hakimiyyət orqanları həmçinin vətəndaşların davranışlarının dəyişdirilməsi, eləcə də iqlim və enerji məsələlərinin ətraflı şəkildə ələ alınması, xüsusən də dövlət və özəl sektor maraqlarının uzlaşdırılması, davamlı enerji məsələlərinin ümumi yerli inkişaf məqsədlərinə daxil edilməsi baxımından ideal mövqedə dayanırlar.
Şəhər Merlərinin Razılaşmasına qoşulmaq yerli hakimiyyət orqanlarına öz vətəndaşları üçün ekoloji, sosial və iqtisadi baxımdan sabit mühit təmin etmək, əraziləri daxilində CO2 emissiyalarının azaldılmasına yönəlmiş cəhdləri möhkəmləndirmək, Avropanın və dünyanın dəstəyindən və qabaqcıl təcrübələrindən yararlanmaq və tanınmaqimkanı verir.
== Rəsmi öhdəliklər ==
Şəhər Merlərinin Razılaşması adi niyyət bəyannaməsi deyil.
Əslində, Razılaşmanı İmzalayanlar müəyyən etdikləri iddialı enerji və CO2 emissiyalarının azaldılması hədəflərinə nail olmaq məqsədilə bir sıra addımların atılması üçün öhdəlik götürür, hesabat verməyə və fəaliyyətlərinin izlənməsinə razılıq verirlər.