1590-cı ildə venesiyalılar şəhərin əsas su damarı sayılan Böyük kanal üzərində (Venesiya çoxsaylı adalar üzərində yerləşir, küçələri isə kanallar əvəz edir) mərmərdən olduqca gözəl bir körpü saldılar. Latın dilində “rikus altus” ifadəsi dərin su demək idi, onun üzərindən salınan körpü isə bu ifadənin italyan dilindəki variantı olaraq rialto adlanırdı.
Körpünün üzərində, hər iki tərəfdə kiçik dükanlardan ibarət sıralar yarandı. Körpü şəhərin mərkəzində yerləşdiyindən qələbəlik bir ticarət mərkəzinə çevrildi, “rialto” sözü isə təkcə üzərində kiçik dükanlar yerləşən körpü deyil, adamla dolu istənilən ticarət mərkəzi mənasında işlənməyə başlandı.
Nyu-Yorkda belə bir ticarət mərkəzi Aşağı Brodvey boyunca uzanır. Orada tamaşaçıları cəlb etmək üçün xeyli teatr binası tikildi və şəhərin işgüzar mərkəzi kimi teatr mərkəzi də “rialto” adlanmağa başladı. Sonralar təkcə Nyu-Yorkda deyil, Amerikanın istənilən şəhərində yerləşən teatr mərkəzləri də “rialto” oldu. (Ayzek Azimov. Sözlərin tarixi)