Maksim Tirli
Tirli Maksim (Μάξιμος Τύριος, lat. Cassius Maximus Tyrius; II yüzillik) — antik filosof, orta platonizmin nümayəndəsi. O, Romada istedadlı natiq kimi tanınmışdır.
== Əsərləri ==
Maksimin qırxa qədər fəlsəfi nitqləri zamanımıza gəlib çatmışdır. Onlar əsasən dini-fəlfəsi və əxlaqi məzmunludur. “Platona görə Tanrı nədir”, “Sokratın demonu”, “Tanrıya yalvarmağın mənası var, ya yox?”, “Hər şey taleyə tabedirsə, iradə azadlığı var, ya yox?” adlanan fəlsəfi nitqləri daha çox maraq kəsb edir. Burada din fəlsəfəsinin əsas problemləri olan Tanrının varlığı, şərin təbiəti, azad iradə və tale problemlərinə diqqət yetirilir. Bütün bu problemlər sonralar, yəni ortaəsr fəlsəfəsinin ən mübahisəli məsələlərinə çevrilmişdir.
== Tanrılara inanc haqqında düşüncələri ==
“Tanrıya yalvarmağın mənası var, ya yox?” nitqində Maksim demişdir ki, Tanrıdan nəsə istəyən insan istədiyi şeyə layiq olmalıdır. Əgər layiqdirsə, onda dua etməyin mənası yoxdur, çünki səbəb-nəticə qanununa görə istədiyi şeyi duasız da əldə edər.