Heydər Əliyev Mükafatı

Bu məqalə Heydər Əliyev Mükafatı haqqındadır. orden üçün "Heydər Əliyev" ordeni səhifəsinə baxın.

Heydər Əliyev MükafatıAzərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət təltifi.

Heydər Əliyev Mükafatı
Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı

Ölkə Azərbaycan Azərbaycan
Tip Mükafat
Kimə verilir ictimai-siyasi, sosial, iqtisadi, elm, ədəbiyyat və incəsənət sahələrində, dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka; Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə; beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir.[1]
Status Təqdim olunur
Statistika
Təsis tarixi 20 sentyabr 2007
İlk təltif
Ardıcıllıq
Yüksək mükafat Azərbaycan Respublikası Dövlət Mükafatı

Mükafatın 2004-cü il 10 mart tarixli 38 nömrəli Fərmanla təsis edilməsi ilə əlaqədar qərar alınmasına baxmayaraq, əsasnaməsi 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanla ilə təsdiq edilmişdir.[1]

Mükafatın 25 bənddən ibarət əsasnaməsində göstərilir ki, Heydər Əliyev Mükafatı ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni sahələrdə xüsusi xidmətlərə, dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə, beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir.

Hər il verilən əlli min manat (50.000) məbləğində olan Mükafat mütəmadi olaraq hər il mayın 10-da — Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin doğulduğu gündə dövlət büdcəsinin vəsaiti hesabına Mükafat Komissiyasının təqdimatı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən verilir. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

Mükafat Azərbaycan vətəndaşlarına, həmçinin xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilə bilər.

Komissiya müstəqil balansa, müvafiq bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Komissiyanın fəaliyyətinin maliyyələşdirilməsi isə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Komissiyanın tərkibi və sayı Azərbaycan Respublikasının Prezidenti tərəfindən beş il müddətinə müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yenidən təşkil və ləğv edilə bilər. Komissiyanın fəaliyyətinə onun sədri rəhbərlik edir.

Heydər Əliyev Mükafatı komissiyasının tərkibi 2007-ci il noyabrın 14-də prezident fərmanı ilə müəyyənləşib. Komissiyanın sədri prezident İlham Əliyevdir.

Əsasnaməyə görə, Heydər Əliyev Mükafatı hər il mayın 10-da – Heydər Əliyevin doğum günündə verilməlidir.

Mükafatlandırılmanın əsasları və şərtləri

[redaktə | mənbəni redaktə et]
  • Mükafat üzərində Heydər Əliyevin surəti həkk olunmuş döş nişanı, diplom və pul mükafatından ibarətdir.
  • Döş nişanı qızıldan düzəldilir. Diplom Komissiya tərəfindən tərtib olunur və Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanır. Döş nişanının eskiz və göstəriciləri müsabiqə yolu ilə Mükafat Komissiyası tərəfindən müəyyən olunur.
  • Mükafata layiq görülən yaradıcılıq nümunəsi, xidmət və ya fəaliyyət bir neçə şəxsin məhsuludursa, onların hər birinə ayrı-ayrı döş nişanı və diplom təqdim olunur.
  • Mükafata layiq görülmüş şəxs döş nişanını sağ döşə taxır.
  • Vəfat etmiş, yaxud ölümündən sonra Mükafatla təltif edilmiş şəxsin döş nişanı, diplomu və pul vəsaiti onun vərəsələrinə təqdim olunur, vərəsələri olmadıqda döş nişanı və diplom Komissiyada saxlanılır, pul vəsaiti isə dövlət büdcəsinə qaytarılır.[1]
  • Hər il verilən mükafatın sayı və nominasiyalar Komissiya tərəfindən müəyyən edilir.[2]

Namizədlərin irəli sürülməsi

[redaktə | mənbəni redaktə et]

Hər il oktyabr ayının sonunadək Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, yaradıcılıq təşkilatları, əvvəllər mükafata layiq görülmüş şəxslər bu mükafata namizəd irəli sürə bilərlər.

Mükafata bir şəxs və ya təşkilat yalnız bir namizəd təqdim edə bilər. Mükafata təqdim edilən namizədlərin siyahısı mükafatların verilməsinə iki ay qalmış mətbuatda dərc olunur. Sənədlər və namizədlərə dair təkliflər Komissiyaya göndərilməlidir.[1]

Heydər Əliyev mükafatı ilk dəfə 2009-cu ildə təqdim olunub. Əsasnamədə göstərilən məhdudiyyətə baxmayaraq (əsasnaməyə görə, Heydər Əliyev mükafatı hər il yalnız bir nəfərə verilə bilər) 2009-cu ildə mükafatı üç nəfər alıb: heykəltaraş, xalq rəssamı Ömər Eldarov, bəstəkar, xalq artisti Arif Məlikov, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva.

2011-ci ildə yazıçı Anar Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.[3].

2015-ci ildə Tahir Salahov "Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə və dünya təsviri sənət xəzinəsinə layiqli töhfələrinə görə" bu mükafatı alıb.[4]

2019-cu ildə Azərbaycanın tanınmış mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanda neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.[5].

Heydər Əliyev Mükafatı Komissiyasının tərkibi

[redaktə | mənbəni redaktə et]
Komissiyanın sədri

Azərbaycan Respublikasının Prezidenti

Komissiyanın üzvləri
  • İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
  • Azərbaycan Respublikasının Baş naziri
  • Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
  • Azərbaycan Respublikası Baş nazirinin müavini
  • Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
  • Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
  • Azərbaycan Respublikasının mədəniyyət naziri
  • Azərbaycan Respublikasının təhsil naziri
  • Azərbaycan Respublikasının səhiyyə naziri
  • Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
  • Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
  • Azərbaycan Yazıçılar Birliyinin sədri
  • Azərbaycan Rəssamlar İttifaqının sədri
  • Azərbaycan Bəstəkarlar İttifaqının sədri
  • Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
  • Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
  • Azərbaycan Memarlar İttifaqının sədri.".[6]

Komisiyanın hüquqları

[redaktə | mənbəni redaktə et]

Komissiyanın hüquqlarına namizədlərin yaradıcılığını, xidmət və fəaliyyətlərini nəzərdən keçirmək; təqdimat mərasiminin keçirilməsini təşkil etmək, mükafatla əlaqədar kargüzarlıq işlərinin aparılması üçün Komissiyanın nəzdində üç nəfərdən ibarət katiblik yaratmaq daxildir. Mükafat Komissiyası iş planına əsasən toplanır. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclas Komissiya üzvlərinin 2/3-si iştirak etdikdə səlahiyyətli hesab olunur. Komissiyanın gördüyü işlər və apardığı müzakirələr məxfi saxlanılır. Mükafatın verilməsi barədə Komissiyanın qərarı gizli səsvermə yolu ilə qəbul olunur. Komissiya üzvlərinin ən azı 3/4 hissəsi namizədin lehinə səs verdiyi halda Komissiyanın qərarı qəbul olunmuş hesab edilir. Komissiyanın qəbul etdiyi qərar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəsmiləşdirilir. Həmin Sərəncam kütləvi informasiya vasitələrində dərc olunur.[1]

  1. 1 2 3 4 5 ""Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi"nin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZIDENTININ FƏRMANI" (az.). https://frameworks.e-qanun.az. Archived from the original on 2022-12-14. İstifadə tarixi: 14 dekabr 2022.
  2. 10 aprel 2009-cu il tarixli 79 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 224) ilə 18-ci bənd yeni redaksiyada verilmişdir.
  3. "Ümummilli lider Heydər Əliyev mükafatı 25 avqust, 2015". http://sabunchu.cls.az. Archived from the original on 2022-12-16. İstifadə tarixi: 2015-05-14.
  4. "İlham Əliyevdən Tahir Salahovla bağlı- Sərəncam". 2015-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-14.
  5. President.az. "X.B.Yusifzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  6. "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). https://science.gov.az. Archived from the original on 2022-12-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]