Oman coğrafiyası

Sahəsi və sərhədləri

[redaktə | mənbəni redaktə et]

Ərəbistan yarımadasının cənub-şərqində yerləşmiş Oman, şimaldan Birləşmiş Ərəb Əmirlikləri, qərbdən Səudiyyə Ərəbistanı Məlikliyi, cənub-qərbdən Yəmən Respublikası ilə həmsərhəddir. BMT məlumatlarına əsasən sahəsi təqribən 212 min kv.km-dir. Ərazisinin böyüklüyünə görə Ərəbistan yarımadası dövlətləri içərisində ancaq Səudiyyə Ərəbistanı Məlikliyindən geri qalır[1], dünya miqyasında götürüldükdə isə 75-ci dövlətdir.

Oman sultanlığı dövlət sərhədləri dəqiq təyin olunmamış (başqa sözlə demarkasiya olunmamış) dövlətlərdən biridir. Qonşuları ilə sərhəd mübahisələri tam həll edilməsə də sərhəd məntəqələri mövcuddur və gömrüyün bütün rəsmi şərtlərinə əməl olunur.

Şimal-Şərqdə Oman körfəzi, cənub-şərqdə isə Ərəbistan dənizinə 2000 km məsafədə çıxışı Oman sultanlığının coğrafi və hərbi strateji mövqeyinin üstünlükləridir. Sahillər kiçik gəmilərin dayanması üçün əlverişli olan dayaz körfəzlərlə kəsilib parçalanmışdır.

Buradakı bəzi şəhərlər (Məsqət, Sib, Habur və b.) hələ orta əsrlərin dənizçilik xəritələrinə salınmışdır. Omanın bu bölgəsi Hindistan, İraq, İran kimi ölkələrlə ticarətdə mühüm rol oynamışdır.

Omanın relyefi

[redaktə | mənbəni redaktə et]
Bani-Auf vadisi,Əd-Daxiliyyə regionu
Nazvada dağ yolu
Musandam yarımadasında kənd

Ölkə ərazisinin 82 faizini hündürlüyü 500 metrə qədər olan səhra və yarımsəhralar, 15 faizini hündür yayla və dağlar, 3 faizini isə hündürlüyü 200 metrə qədər olan dənizsahili ovalıqlar tutur. Omanın ən aşağı nöqtəsi dəniz səviyyəsindən 33 m, ən yüksək nöqtəsi 3353 m hündürlükdədir.

Oman körfəzi sahilində ensiz Əl-Bəttin ovalığı uzanır. Ovalığın qərbində o qədər də hündür olmayan Əl-Həcər və Əl-Gərbi dağları yerləşir. Dağlar cənub-qərbdə tədricən yüksəlir. Müsəndam yarımadasının şimal hissəsindən Ras-əl-hədd burnuna qədər 1000 km məsafədə Həcər dağları uzanır. O, üç hissəyə: Qərbi, Şərqi və Mərkəzi Həcər dağlarına bölünür. Həcər dağlarının ən yüksək nöqtəsi olan Şam zirvəsi (3353 m) Mərkəzi Həcər dağlarında yerləşir. Həcər dağları strukturuna və geoloji quruluşuna görə İrandakı Məklqi dağlarına bənzəyir. Həcər dağlarının şimali-şərqində eni 45–50 km-ə çatan Əl-Bəttin adlanan sahil ovalığı yerləşir. Həcər dağlarından qərbə hündürlük tədricən enir və xarici görünüşcə gölə bənzər çınqıllı düzənliyə, daha sonra isə Rəb-əl-Xali səhrasına keçir Rüb-əl-Xali səhrasının Omana aid olan hissəsinin uzunluğu 1100, eni 550–600 km-dir.[2] Səhradan cənub-qərbdə Dofar təbii-coğrafi vilayəti yerləşir. Dofar vilayəti dəniz səviyyəsindən 1000– 1300 m hündürlükdədir.

Təbii ehtiyatları

[redaktə | mənbəni redaktə et]

Neft və təbii qaz istisna olmaqla ölkənin təbii sərvətləri zəif öyrənilmişdir. Ölkədə manqan, xromit, mis, dəmir filizləri ehtiyatları haqqında məlumatlar vardır. Ölkənin müxtəlif bölgələrində duz, Sur şəhəri yaxınlığında daş kömür yataqları aşkar edilmişdir.

İqlimi və hidroqrafiyası

[redaktə | mənbəni redaktə et]

Oman tropik enliklərdə yerləşdiyindən ölkədə tropik iqlim hakimdir. Sahil ərazilərin iqlimi subtropik, rütubətli, daxili bölgələrdə isə quru, kəskin kontinental, gündüz və gecə temperaturlarının fərqli olması ilə səciyyələnir.

Sahildə may-iyun aylarında temperatur +40 dərəcə C-yə çatır. Daxili bölgələrdə yay aylarında temperatur +50 dərəcə C-yə qədər yüksəlir. Noyabrın axırından martın əvvəlinədək keçən payız-qış mövsümü kifayət qədər yumşaq və sərin keçir.[3]

Ölkənin paytaxtı Məsqət dünyanın ən isti iqlimi olan şəhərlərindən biridir. Omanda yanvar ayının orta temperaturu +21 dərəcə C, iyun ayının isə +34 dərəcə C-dir. Orta illik temperatur +27-28 dərəcə C-dən aşağı düşmür. Yazda və yayın əvvəllərində Ərəbistan yarımadasının səhralarından əsən küləklər havanın hərarətini çox yüksəldir. İlin sərin keçən aylarında ərazidə şimal-şərq mussonları hakim olduğundan dağlara yağıntı nisbətən çox düşür (500 mm-ə qədər).

Həm daxili bölgələrdə, həm də sahillərdə yağıntıların miqdarı dəyişkəndir (25 mm ilə 125 mm arasında). Yağıntılar əsasən qışda və yayın əvvəlində düşür. Ən yağıntılı ay fevraldır. Əl-Əhdar yaylası məsaməli su keçirən süxürlardan təşkil olunduğundan buraya yağan yağış suları torpağın səthində durmur və tezliklə aşağı horizontlara süzülür. Nəticədə onlar qrunt sularının yaranmasına səbəb olur.

Qrunt sularından da Əl-Bəttin sahil ovalığının məhsuldar torpaqlarını suvarmaq üçün istifadə olunur. Fələc adlanan bu süni yeraltı suvarma kanalları ölkənin bir çox bölgələrində əkinçiliyi inkişaf etdirmək üçün çox əlverişlidir. Bu suvarma sisteminin üstünlüyü ondan ibarətdir ki, buxarlanma nəticəsində suyun itməsi təhlükəsi aradan qalxır, hətta uzunsürən quraqlıqda su axını burada tamamilə kəsilmir, əhəng qatı altında yığılan suyun təbii çıxış yerlərində vahələr əmələ gəlir.

Cənub-qərb mussonları Dofarın dağlıq hissələrinə də rütubət gətirir. Yağıntılar dağların yuxarı hissələrindəki subalp və alp çəmənlərinə həyat verir və dərələrdə subtropik bitkilərin inkişafına səbəb olur ki, bu da Ərəbistanın təbii landşaftı üçün tamamilə qeyri-adi haldır. Sahildəki düzənliklərin bəzi yerlərində xurma bitir.

Omanda daimi axarı olan çaylar yoxdur. Yağış halında düşən atmosfer çöküntülərinin bir qismi torpağın altına keçərək vadilər vasitəsilə Oman körfəzinə tərəf axır, bir qismi isə səhralarda itib batır. Bu vadilərin suayırıcısı Həcər dağlarıdır. Bu dağlardan şimalda Əs-Səlil, Əl-Ayn, cənubda isə Xəlfə vadiləri uzanır. Ölkənin ən böyük (uzunluğu 200 km) vadisi Xəlfədir.

Torpaq, bitki örtüyü

[redaktə | mənbəni redaktə et]
Salala yaxınlığında dağ

Omanın torpaq örtüyü, fauna və florasını isti və quraq iqlim formalaşdırır. Qışda yağıntılar yağan vaxt səhra, yabanı acı qarpız tağları və dəvələrin çox sevdiyi qırmızımtıl kolluqlarla örtülür. Bəzi vadilərdə ilb adlanan qollu-budaqlı ağaclara da rast gəlmək olur. İlbin oduncağından tikintidə istifadə edilir, albalıya oxşar qırmızı rəngli meyvələri yeyilir, yarpaqları isə keçilər üçün yemdir. Ölkədə Vadi-Serin adlanan təbii qoruq yaradılmışdır.

Omanın sahil sularında sənaye əhəmiyyətli qiymətli balıqlar (tunets, makrel, sardin, köpək balığı), başayaqlılar (kalmar, iblis), buğumayaqlılar (lanqust, krevet) və s. vardır. Omanın təbii landşaftı pozulmağa daha tez məruz qaldığından son illərdə ölkənin ekoloji durumunun tarazlığına, ətraf mühitin mühafizəsinə diqqət artırılır. Təbii landşaftı qorumaq üçün ölkənin bəzi bölgələrində qoruqlar salınsa da, amma bu işlər lazımı səviyyədə inkişaf edə bilməmişdir.

  • Soltanova H.B., Məmmədov C.A. Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası (dərslik). Bakı , Bakı Universiteti, 2008.
  1. Krogh, Jan S. "Oman". jankrogh.com. 2019-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
  2. ASE, VIII cild, Bakı, 1984-cü il, səh. 190
  3. "Encyclopædia Britannica". 2015-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]