Malayziya – Cənub-Şərqi Asiyada dövlət. Avrasiya materikinin cənub nöqtəsi olan Piay burnu da Malayziyadadır. Ölkə ərazisi iki hissədən ibarətdir: Qərbi Malaziya (Malay yarımadasında yerləşir) və Şərqi Malayziya (Kalimantan adasının şimal hissəsi).
Malaziyanın sahəsi 330 803 km²-dir (böyüklüyünə görə dünyada 66-cı yerdə). Şimaldan Tayland, cənubdan Sinqapur, eləcə də Kalimantan adasında cənubdan İndoneziya, şimaldan isə Bruneylə həmsərhəddir. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Malaziya ensiz damba vasitəsi ilə Sinqapurla birləşdirilib. Ölkə Vyetnam və Filippinlə dəniz sərhəddinə malikdir. Malaziyanın yarımada hissəsi Sumatra adasından Malay boğazi ilə ayrılır. Malay boğazı dünyanın ən önəmli dəniz yollarından biri hesab olunur.[1]
Yarımada ərazi ölkə ərazisinin 39,7 %-ni təşkil edir. Bu ərazi 740 km şimaldan cənuba doğru, 322 km (ən enli yeri) qərbdən şərqə uzanır. Yarımadanın mərkəzi hissəsi boyu Titivanqsa dağ silsiləsi uzanır. Ən yüksək zirvəsi Qununq-Taxan (2187 m). Yarımada hissəsinin sahil xəttlərinin uzunluğu 1931 km-dir. Əlverişli buxtalar qərb sahillərində yerləşir. Kalimantan adasında yerləşən ərazi ölkə ərazisinin 60,3 %-ni təşkil edir. Sahil xəttlərinin uzunluğu 2607 km-dir.
Malayziya Alp-Himalay geosinklinalının şərq qurtaracağı ilə Sakit okean odlu qurşağının sərhəddində yerləşir. Geoloji baxımdan ölkənin yarımada və ada əraziləri kəskin fərqlənir. Qərbi Malayziya üçün mezozoy qırışıqlığı xarakterikdir. Bəzi ərazilərdə (qərbdə) orta paleozoy və üst paleozoy (şərqdə) yaşlı süxurlara rast gəlinir. Yarımadanın qərb bölgələrində karbonlu-terrigen süxurlar, şərqində isə vulkanik-çöküntü süxurları üstünlük təşkil edir. Paleozoyun və yuranın qranit intruziyaları geniş yayılıb. Meridional və şimal-qərb istiqamətdə tektonik sınma zonları mövcuddur. Şərqi Malayziya üçün kaynazoy qırışıqlığı xarakterikdir [2].
Malayziya zəngin neft, qalay, volfram, boksit, mis və dəmir ehtiyatlarına malikdir. Az miqdarda qonur kömür, titan, qızıl, fosfor yataqları var. Əsas neft yataqları Sabah ştatının şelf ərazisində cəmləşmişdir. Qalay yataqları yarımada ərazisində, Taylandla sərhəddən Sinqapura qədər zolaq şəkilində uzanır.
Malayziyanın relyefi müxtəlifdir. Sahilboyu düzənliklər tədricən təpəlik ərazilərlə əvəzlənir. Onlar isə öz yerini dağ massivlərinə verir. Dağlıq ərazilər ölkə ərazisinin böyük hissəsini təşkil edir. Dəniz sahillərinə yaxın olan dağlar qərbdə, Sabah ştatındadır. Bu bölgədə dik dağ yamacları ilə əhatələnən sahillərə rast gəlmək mümkündür. Ölkənin qərb hissəsində sahil boyu geniş olmayan düzənliklər uzanır. Malay yarımadasının bütün mərkəzi hissəsi dağ silsiləsi ilə əhatələnib. Bu dağlar çox yüksək deyil. Zirvələr nadir halda 1500-2000 metri keçir. Yarımadanın ən yüksək zirvəsi Tahandır (2190 m). Mərkəzi silsilənin ən yüksək zirvəsi Bubudur (1650 m).[3]
Şərqi Malayziyada düzənlik ərazilər daha çox ərazini tutur. Düzənlik ərazilər daha çox Saravakanın sahil boyu ərazilərində və Radjanq çayın vadisindədir. Bölgə yetərincə bataqlaşmışdır. Saravak və Sabax ştatları arasından Kroker dağ silsiləsi keçir. Bu ərazidə ölkənin ən yüksək zirvəsi - Kinabalu dağı (4095 m) yerləşir[4]. Dağ silsiləsi həm də İndoneziya ilə sərhəd boyu uzanır.[5]
Malayziyada ekvatorial iqlim hakimdir. İqlim musson xarakteri daşıyır. Sutkalıq və illik temperatur amplitudu çox azdır. Orta illik temperatur 25 до 28 °C-dir.[6] Düzənlik və çay vadilərində bəzən temperatur 36 °C qədər qalxa bilir. Dağlarda iqlim nisbətən sərindir. Daha yüksək ərazilərdə mülayim iqlim üstünlük təşkil edir.
İl boyu yağıntılar bərabər düşür. Ancaq mussonların təsiri ilə quru və rütubətli mövsüm ayrılır. Yayda Hind okeanının güclü və davamlı musson küləklərinin təsiri altında olur. Malay yarımadasına bol rütubət gətirir. Kalimantan adasında, əsasən şimal hissəsində, qışda Sakit okeanın mussonları müşahidə olunur. Qış daha rütubətli keçir.
Sahil və düzənlik ərazilərə düşən illik yağıntının miqdarı 1500–2000 mm-dir. Kalimantan adasının şimal hissəsinə daha çox yağıntı düşür[7]. Daxili və dağlıq rayonlara 5000 mm yağıntı düşür. Yağışlı günlərin sayı 200 və daha çoxdur.
Malayziya sıx çay siteminə malikdir. Ancaq ərazinin çox da böyük olmamasına və yerləşməsinə görə Malayziyada böyük çay yoxdur. Çayları il boyu bolsuludur. Yağışlı mövsümdə çayların səviyyəsi kəskin artır. Ətraf ərazilərdə daşqınlara səbəb olur. Ölkənin ən uzun çayı Radjanqdır. Saravak ştatından keçən bu çayın uzunluğu 760 km-dir. Uzunluğuna görə ikinci çay Kinabatanqandır (560 km). Yarımadanın ən uzun çayı Paxanqdır (435 km).
Ən böyük şirin sulu göl Beradır. Bera gölü Paxanq ştatının cənub-qərbində yerləşir. İkinci böyük göl Çininin sahəsi 5026 hektardır. Malayziyanın ən böyük su anbarı Kenir Trenqanu ştatında yerləşir. Sahəsi 260 km²-dir. Su anbarı SES tikintisi nəticəsində formalaşmışdır.
Malayziya — biomüxtəlifliyin və endemikliyin yüksək olduğu ölkədir. Ölkə ərazisində dünya heyvanat aləmi növlərinin 20 %-nə rast gəlinir [8]. Kalimantan adasının dağ meşələrində endemiklik yüksəkdir. Malayziyada 210 növ məməli, 250 növ sürünən qeydə alınmışdır. Suda-quruda yaşayanların 150, həşaratların isə 1000 yaxın növü mövcuddur. Tək yarımada hissəsində 620 quş növü var. Malay yarımadasında 2 növ böyük pişik növü var: hind-çin pələngi və adi boz bəbir. Şərq hissəsində isə ancaq adi boz bəbir mövcuddur. Digər böyük məməlilərdən malay ayısını, yəhərli tapir, sumatra kərgədanı (ölkə ərazisində olan sonuncu sumatra kərgədanı 2019-cu ilin 24 noyabrında ölmüş)[9], muntjak, asiya filini və s. misal göstərmək olar.
Ökə ərazisinin 58,2 % meşələrlə örtülü. Vaxtıilə Kalimanta adasının Malayziyaya məxsusu olan hissəsi bütünlüklə meşə ilə örtülü idi. Yarımada hissəsində 8500 növ örtülü toxumlu bitki var. Şərq hisəsində isə 15 000. 2000 ağac növü mövcuddur. Bir hektar meşə ərazisində 240 fərqli ağac bitir. Meşələrdə dünyanın ən böyük çiçəyinə malik raffleziya bitir. Diametri 1 metrə çatır.[10]