Qətər əmirliyi Ərəbistan yarımadasının şimal-şərqində, İran körfəzinin sahilində eyniadlı yarımadada yerləşir. Yarımadanın şimaldan cənuba uzunluğu 145 km, qərbdən şərqə 85 km, sahil xəttinin uzunluğu isə 410 km-dir. Yarımadanın yaxınlığındakı məskunlaşan və məskunlaşmayan bəzi adalar və adacıqlar (Aneybar, Xəlul, əl-Mərakkat, əl-Cəzirət əl-Əliyə, əl- Cəzirət əs-Sufliya, İbruk) və b. Qətər əmirliyinin tərkibinə daxildir.[1]
Qətərin qərbində yerləşən Davaxil arxipelaqının Havar adası və onun qonşuluğundakı bir sıra kiçik adacıqların hansı dövlətə məxsus olması hələlik həll olunmamışdır. Ölkənin hakim dairələri bu ərazilərin Qətərə məxsus olduğunu iddia edirlər. Son rəsmi məlumatlara görə Qətərin sahəsi 11,3 min kv. km-dir. O, yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə quru sərhədlərə malikdir. Qətərin quru sərhədlərinin ümumi uzunluğu 80 km-dir.[2]
Səth quruluşuna görə Qətərdə şərti olaraq üç təbii-coğrafi bölgə (sahil, keçid və mərkəz) ayırmaq olar. Qətər yarımadasının sahil xətti olduqca girintili-çıxıntılıdır. Sahil bölgəsinin dəniz səviyyəsindən hündürlüyü 1 m-dən 10-15 metrə qədərdir. Bu bölgədə şoranlıqlar (səbhlər), əhəngdaşlı qayalar, qum təpələri, narın qumlu çimərliklər vardır. Yarımadanın cənubqərb qurtaracağında yerləşən şoranlıq (Səbh əs-Səlva) cənub və cənub-şərq istiqamətində 10–12 km məsafədə uzanır. Qərbdə bu şoranlıq Ukayr-Səlva yüksəkliyinin yamaclarına, şərqdə isə Duhan yüksəkliyinə qədər davam edir. Səbh əs-Səlvadan şimala əs-Səlva körfəzinin sahili boyunca Ubeynat burnuna qədər (85–90 km məsafədə) çimərliklər uzanır. Çimərlik quruda Duhan yüksəkliyinin yamacları ilə əhatələnir. Sahil bölgədə buxtalar çoxdur (Şakik, Doha, əs-Səlva və b.). Sahil zona mərcan rifləri ilə əhatə olunmuşdur.[3]
Sahil xəttindən təqribən 30–35 km aralı yerləşən keçid bölgədə hündürlük tədricən 20-40 metrə qədər yüksəlir. Bölgənin eni şimalda 5-10, bəzi yerlərdə isə 30 km-ə çatır. Mərkəzi bölgədə hündürlük 40-60, Duhan, əl-Kərrar, əs-Səvab yaxınlığında isə 60-80 metrə qədər artır.
Qətər dünya əhəmiyyətli təbii qaz ehtiyatları ilə zəngindir. Bu ərazidə təbii qazla bərabər neft də çıxarırlar. Neftin başlıca yataqları qurudadır. Ölkədə çıxarılan neftin demək olar ki, 50 faizi Duhan şəhərinin yaxınlığında yerləşmiş yataqların payına düşür. Neft yataqları əsasən 1300-3500 metr dərinliklərdə yerləşir. XX əsrin 90-cı illərindən etibarən ölkənin gələcək iqtisadi inki-şafında böyük rol oynayacaq təbii qaz ehtiyatlarının əhəmiyyəti getdikcə artır. Şelf sularında kəşf edilmiş və istismara verilmiş Port-Fild dünyanın ən iri təbii qaz yataqlarından biridir (ehtiyatı 10 trilliyon kub metr). Bu zəngin yatağın kəşfindən sonra təbii qaz ehtiyatına görə Qətər Rusiya, ABŞ və İrandan sonra dördüncü yerə çıxmışdır. Dünya üzrə təbii qaz ehtiyatının təqribən 8 faizi Qətərdə cəmləşmişdir. Təsadüfi deyil ki, təyyarə ilə Doha şəhərinə enən sərnişinin gözünə ilk növbədə dəyən obyekt nəhəng təbii qaz çənləri olur. Təbii qaz Qətərin yeni iqtisadi rəmzidir və gələcəkdə ölkənin gerbindəki əyri yelkənli qayığı dəyişdirməyə qadirdir.[4]
Qətərdə bu vaxta kimi digər faydalı qazıntı yataqlarının kəşfi üzrə geniş işlər aparılmamışdır. Lakin bununla belə neft kəşfiyyatı zamanı fosfor, kükürd, asbest və manqan filizi yataqları aşkar edilmişdir. Kəşf edilmiş bu yataqların ehtiyatları hələlik dəqiq qiymətləndirilməmişdir.
Qətərdə tropikdən subtropikə keçid xarakterli iqlim hakimdir. Ölkədə bütün ilboyu havalar isti və rütubətli keçir. Yayda üzücü istilər olur. İyul-avqust aylarının orta temperaturu 44 dərəcə olsa da, Ərəbistan və İranın səhra və yarımsəhralarından gələn hava axını temperaturun əksər hallarda 50 dərəcəyədək yüksəlməsinə səbəb olur. Qışda temperatur aşağı düşür. Dekabr və fevral aylarının orta temperaturu 10-20 dərəcə arasında tərəddüd edir.[5]
Yay və qış aylarında gündəlik temperatur fərqi 10 dərəcəyə çatır. Qətərdə ilin on ayında şimal-qərb (yerli əhali bunu «şemal» küləkləri adlandırır) küləkləri əsir. Bu küləklər qışda yağıntı, yayda isə qonşu ərazilərin səhra və yarımsəhralarından toz və qum gətirir.
Yağıntı mövsümü noyabrdan başlayır və marta qədər davam edir. İlin başqa vaxtlarında yağıntı düşmür. Ölkənin cənubunda il ərzində düşən yağıntıların miqdarı 60 mm, şimalına isə 130 mm-dir. Yağıntılar noyabrdan marta qədər olan dövrdə də qeyri-bərabər düşür. Bəzən bütün ilboyu düşən yağıntı bir-iki gün ərzində düşür.
Qətərdə çay, göl və digər yerüstü su mənbəyi yoxdur. Ərazidə kiçik quru yataqlar (vadilər) vardır. Yağışlardan sonra su ilə dolan bu vadilərdəki su ya tezliklə buxarlanır, ya da torpağa hopur. Paytaxtın yaxınlığında yerləşmiş Məşrib ölkənin ən böyük vadisidir. Qətərdə yeraltı suların əhəmiyyəti böyük olsa da, bu sərvət tükənmək üzrədir.
Ölkənin şimalı cənuba nisbətən yeraltı sularla yaxşı təchiz olunmuşdur. Şimalda yeraltı sular atmosfer mənşəli olduğundan şirindir. Cənuba getdikcə yeraltı sular həm şorlaşır, həm də onların debiti azalır.
XX yüzilliyin əvvəllərində ölkədə 25 min əhali yaşayan zaman 20-30 su quyusu olduğu halda, 50-ci illərdə 286, 60-cı illərdə 433, 70-ci ildə 1205, 1980-cı ildə 1589 artezian quyusu qazılmışdır. Buna uyğun olaraq çıxarılan suyun miqdarının artmasına baxmayaraq 70-ci illərin ikinci yarısından «su qıtlığı» daha kəskin problemə çevrilir.
Qətər hökuməti dəniz suyunun təmizlənməsinə də xüsusi fikir verir.
Sahil zonada bataqlıq, şoranlıq torpaqları, keçid zonasında çox zəif və az məhsuldar torpaqlar yayılmışdır. Lakin keçid zonasının şimal və şimal-şərqində, mərkəzdə və yarımadanın cənubunda əkinçiliyə yararlı sahələr də vardır. Bu sahələr daşdan, çınqıldan təmizləndikdən sonra və yeraltı sulardan müntəzəm istifadə nəticəsində suvarma tətbiq etməklə əkinçilik areallarına çevrilə bilər.
Bitki örtüyünü əsasən kserofit, halofit (şoranlıqlarda bitən bitkilər) və istiyə davamlı bitkilər təşkil edir. Kserofitlər ölkənin hər yerində, halofitlər və istiyə davamlı bitkilər isə məhdud ərazidə yayılmışdır. Yarımadanın mərkəzi hissəsində tikanlı bitkilər, yemlik taxıl, yovşan, qumotu, gəvən, qrunt və şose yolları boyunca bağayarpağı, yamac və dərələrdə quraqlığa davamlı quzuqulağı, çobanyastığı, leylək otu, qarayonca, qaranquşotu və s. bitir. Çınqıl və qumla örtülü dəniz sahilləri bitki örtüyündən məhrumdur. Vahələrdə xurma və müxtəlif meyvə ağacları üstünlük təşkil edir.
Qətərin fauna aləmi zəngin deyildir. Ərəbistan ceyranının nəsli kəsilməkdədir. Bu heyvanı artırmaq məqsədilə xüsusi fermalar yaradılmışdır. Mərkəzi yaylalarda dovşan, sürünənlər, sahildə isə quşların müxtəlif növləri vardır. Sahil suları dəniz heyvanları ilə zəngindir. Böyük Mirvari sayı (dayazlığı) adlandırılan bölgəni Qətər adası şərq və qərb hissəyə ayırır. Burada sənaye əhəmiyyətli 70 növdən artıq balıq və müxtəlif dəniz heyvanları yaşayır.[6]