İraq coğrafiyası

Sahəsi və sərhədləri

[redaktə | mənbəni redaktə et]

İraq, (ərəbcə «Əl-Cumhuriyyət əl-İrakiyyə») Cənub-Qərbi Asiyada DəcləFərat çaylarının orta və aşağı axınında yerləşmişdir. Əlverişli iqtisadi və siyasi-coğrafi mövqeyi olan ərazisindən beynəlxalq əhəmiyyətli quru və hava yolları keçir. İraq şimaldan cənuba təqribən 1000, qərbdən şərqə 700 km məsafədə uzanır.

Quru sərhədlərinin uzunluğu 3300 km-dir. Ucqar cənub-şərqdə 50 km məsafədə İran körfəzinə çıxışı var. Ölkə şimalda Türkiyə, şimal-qərbdə Suriya, İordaniya, cənub-qərbdə Səudiyyə ƏrəbistanıKüveytlə, şərqdə isə İranla həmsərhəddir. Türkiyə, Küveyt və İran ilə sərhədi sabit deyil, münaqişə ocağıdır. Göstərilən sərhədlər daxilində İraqın sahəsi 437 min kv. km-dir. Bu göstəriciyə görə dünya ölkələri arasında 57-ci, Yaxın və Orta Şərq ölkələri içərisində isə 5-ci yeri tutur.

İraqın relyefi

[redaktə | mənbəni redaktə et]

Relyefinə görə İraq, əsasən düzən ölkədir. Ərazisinin çox hissəsini Cənub-Qərbi Asiyada ən böyük ovalıq sayılan Mesopotamiya tutur. Ovalığın səthində çökəkliklər çox vaxt daşqın və yeraltı sularla dolur və müvəqqəti göllər əmələ gətirir. Cənuba doğru getdikcə ovalıq genişlənir və delta ilə qurtarır. Dəclə, Fərat çaylarının orta axarında yerləşən ərazinin səthi dərə-təpəlikdir. Qərbdə bu ərazi Suriya ərazisinə daxil olur. İran körfəzinə tədricən enən Mesopotamiya ovalığı Bağdaddan bir qədər şimalda Babilistan ovalığı ilə əvəz olunur. Ölkənin şimal və şimalşərq hissəsi çətin keçilən dağlıq, qərb hissəsi isə səhra tipli relyefə malikdir. Fiziki-coğrafi xüsusiyyətlərinə görə İraqda dörd təbii rayon – Aşağı Mesopotamiya; Yuxarı Mesopotamiya; Şimali İraq dağlıq bölgəsi və Əl-Bədiyə adlanan səhra ayrılır. İraqın ən hündür yeri (3598 m) İranla həmsərhəd bölgələrdədir.

Təbii ehtiyatları

[redaktə | mənbəni redaktə et]

İraq təbii sərvətlər, ilk növbədə neft və təbii qaz ilə zəngin ölkələrdən biri hesab olunur. Neft yataqları əsas etibarilə ölkənin şimalında (Kərkük, Mosul, Xanəkin şəhərlərinin yaxınlığında) və cənubunda (Bəsrə, Əl-Rumeyla, Əz-Zübeyr və s.) yerləşir. Kəşf olunmuş neft ehtiyatlarına görə İraq dünyada qabaqcıl, Yaxın və Orta Şərq ölkələri içərisində isə Səudiyyə Ərəbistanıİrandan sonra ikinci yeri tutur.

Neftlə yanaşı ölkədə böyük ehtiyatı olan təbii qaz yataqları da mövcuddur. Əhəmiyyətinə görə İraqın ikinci qiymətli sərvəti kükürddür. Mütəxəssislərin hesablamalarına görə Yaxın və Orta-Şərq regionunda ehtiyatı məlum olan kükürd yataqlarının təqribən 2/3 hissəsi İraqdadır. Ən iri kükürd yatağıMişrak ətrafındadır. Mosul ətrafında aşkar edilmiş kükürd yataqlarındakı filizin tərkibində kükürdün faizi 23-ə çatır. Bunlardan başqa İraqda fosfat, daşduz, müxtəlif tikinti materialları yataqlarının da olması məlumdur.

İqlimi və hidroqrafiyası

[redaktə | mənbəni redaktə et]

Ölkənin iqlimi şimalda və mərkəzdə subtropik kontinental Aralıq dənizi tipli, cənubda tropikdir. Həm dağlıq rayonlarda, həm də Mesopotamiya ovalığında yay qızmar, quru, qış isə yumşaq və rütubətli keçir. İyul ayının orta temperaturu Mosulda (ölkənin şimalında) 38, Bağdadda (mərkəzdə) 34, Bəsrədə (cənubda) 33 dərəcədir. Yayda cənubda havanın hərarətinin 50 dərəcəyədək qalxmasını tez-tez müşahidə etmək olar. Bəzən 52 dərəcə də olur. Bu hərarət ən-Nəsriyyədə müşahidə olunub.[1] Yanvar ayının orta temperaturu Mosulda müsbət 5-7, Bağdadda 9-10 dərəcə olur.[2]

Şimaldakı dağlıq rayonlarda temperaturun 15 dərəcəyədək azalması hallarına da rast gəlmək olar. İraqda tez-tez quru şimal və şimal-qərb küləkləri əsir. Həmin külək ildə 50 gün davam etdiyinə görə «xəms»in (xəms ərəbcə 50 deməkdir) adlanan külək əsdiyi vaxt hər yer bozarır. Hava sarı rəngə çalır. Küləklə gələn qum adamı göz açmağa qoymur. Bu küləyi şimal ölkələrində qar yağan zaman baş verən çovğunla müqayisə etmək olar.

Ölkə üzrə illik yağıntıların orta miqdarı 300 mm-ə yaxındır. Şimala, xüsusilə, dağlıq rayonlara yağıntı (500 mm), cənuba isə az (100 mm) düşür. Ən az yağıntı (60 mm) Mesopotamiyanın cənubşərqinə düşür. Yuxarı Mesopotamiyada dekabr ayında başlayan və tədricən ölkənin şərqini əhatə edən leysan yağışlar əksər hallarda güclü daşqınlarla nəticələnir.

İslam ölkələrinin əksəriyyətindən fərqli olaraq İraq daxili sularla zəngindir. Yaxın Şərqin ən böyük çayları olan Dəclə (uz. 1718) və Fəratın (2300 km) orta və aşağı axınları İraq ərazisindədir. Şimalqərbdən cənub-şərq istiqamətində axan Dəclə və Fərat Əl-Qürnə şəhəri yaxınlığında birləşərək Şətt-ül-Ərəb (mənası Ərəb çayı) adı altında İran körfəzinə tökülür. Fərat axını boyu heç bir qol qəbul etmir.

Dəcləyə isə mənbəyi Kürdüstan və Zaqros dağlarında yerləşən Böyük Zab, Kiçik Zab, Diala çayları tökülür və İraq ərazisində onun ən böyük qolları sayılır. Dəclə və Fərat qolları ilə birlikdə Mesopotamiya ovalığına 70 kub metr həcmində su gətirir. Tez-tez baş verən daşqınlar Dəclə və Fəratın aşağı axınında bataqlaşmış sahələr əmələ gətirmişdir. Hidrotexniki qurğuların tikintisi çaylarda su sərfini xeyli nizama salmışdır. Misir üçün Nil, Pakistan üçün Hind çayının iqtisadi əhəmiyyəti nə qədər böyükdürsə, İraq üçün də Dəclə və Fərat bir o qədər əhəmiyyətlidir. Bu çaylar Mesopotamiya ovalığının məhsuldar torpaqlarını suvarmaqla yanaşı əhalinin içməli su ilə təmin olunmasında da böyük rol oynayır. Çayların nəqliyyat arteriyası kimi də əhəmiyyəti böyükdür. Şətt-ül-Ərəb çayında mövcud dərinlik (9 metr) dəniz gəmilərinin Bəsrə şəhərinə qədər qalxmasına imkan yaradır.

Torpaq, bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

İraqda müxtəlif torpaq növləri yayılmışdır. Yuxarı Mesopotamiya torpaqlarının tərkibində humusun miqdarı çox, Aşağı Mesopotamiyada isə nisbətən azdır. Ovalıqda torpaqların şoranlaşması yeraltı suların tərkibində duzun miqdarının çox olması və nəhayət küləklər vasitəsilə səhralardan Mesopotamiyaya gətirilən duzların yığılması nəticəsində baş verir. Suvarılan torpaqlarda şoranlaşma daha sürətlə gedir.

İraqda təbii bitki örtüyü zəif inkişaf etmişdir. Şimaldakı dağların yamaclarında təbii yem bazası sayılan Alp çəmənləri arasında tək-tük ağaclar bitir. Aşağı Mesopotamiyaya, əsasən Şətt-ül-Ərəb və Dəclə çaylarının dərələri üçün xurma ağacları xarakterikdir. Qışda və baharın əvvəllərində yağışlardan sonra Mesopotamiya yaşıl örtüyə bürünür. Bataqlaşmış sahələrdə hündürlüyü 7-8 metrə çatan bərk gövdəli qamış bitir. Bu həmin qamışlardır ki, məşhur Norveç etnoqrafı və arxeoloqu Tur Heyerdal 1977-78-ci illərdə onlardan «Tiqris» adlandırdığı gəmini inşa edərək İraqın Əl-Qürnə şəhərindən, Hind çayı mənsəbinə, oradan isə Cibutiyə səyahət etmişdir.

İraq ekoloji baxımdan dünyanın ən gərgin bölgələrindən biridir. Ölkədə baş verən daxili çəkişmələr, terror aktları, xarici müdaxilələr, vətəndaş müharibəsi onun təbiətinə çox böyük ziyan vurmuşdur. 1996-98-ci illərdə onun ərazisinə raket-bomba zərbələri endirilib. 2003-cü ilin yazında ABŞ başda olmaqla onun müttəfiqlərinin hərbi qüvvəlləri ərazini tamamilə zəbt edirlər.

Müharibələrə məruz qalan ölkələrdə isə ekologiyadan və təbiəti mühafizədən danışmaq olmaz. Təbiətə dəymiş ziyanı aradan qaldırmaq üçün bir neçə onillər lazım gələcək.

  • Soltanova H.B., Məmmədov C.A. Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası (dərslik). Bakı , Bakı Universiteti, 2008.
  1. Brugge, Roger. "World weather news, August 2011". Department of Meteorology, University of Reading. 29 June 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 November 2015. (#invalid_param_val)
  2. "Weather longterm historical data Baghdad, Iraq". The Washington Post. 1999. 29 June 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 November 2015. (#invalid_param_val)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]