Myanma qərbdə Hindistan(1463 km) və Banqladeşlə(193 km), şimal-şərqdə Çinlə(2185 km) , şərqdə Laosla(235 km) və cənub-şərqdə Tailandla(1800 km) həmsərhəddir. Cənubdan və cənub-qərbdən onun sahillərini Benqal körfəzinin, Moutama körfəzinin(Martaban) həmçinin Andaman dənizinin suları yuyur. Daxil olan adalarla birlikdə ölkənin sahəsi 678 min km² təşkil edir. Sahil xəttinin uzunluğu isə 1930 km bərabərdir.
Myanma ərazisində olan yüksək dağların çox hissəsi keçilməz silsilələrdən ibarətdir. Nal formasında ölkənin, qərb, şimal və şərq sərhədləri boyu yüksələn dağlar şimalda maksimum yüksəkliyə malikdir. Ölkənin qərb hissəsində, Himalay dağlarından şimalda cənuba doğru Rakhayn Yoma (Arakan) və Baqo Yoma dağ silsilələri uzanır. Şərqdə isə Şan dağları formalaşmışdır. Dağlar ölkə ərazisinin böyük qismini əhatə edir. Dağ silsilələri və Şan yaylası məhsuldar Mərkəzi düzənlikləri iki hissəyə bölür. Çin sərhəddində, qərbi dağ sisteminin şimal hissəsində Myanmanın, eləcə də Cənub-Şərqi Asiyanın ən yüksək zirvəsi Kxakaborazi (5881 m) ucalır. Şan dağlarının orta hündürlüyü 900 metrdir. Şan dağlarının ən yüksək zirvəsi isə Pannon dağıdır (2563 m).[1] Şan yaylasından bir neçə vulkanik silsilə keçir. Qərb bölgəsində isə palçıq vulkanları üstünlük təşkil edir. Ən böyük sönmüş vulkan Poupadır (1518 m). Benqal körfəzi sahilləri boyu ensiz Rakhayn duzüənliyi uzanır. Benqal körfəzində və Andaman dənizində yerləşən adalar qərb dağlıq sisteminin davamıdır.[2]
Myanmada il mussonların təsirindən asılı olaraq üç mövsümə bölünür: rütubətli (noyabr-fevral), qızmar (mart-may) və yağışlı (iyun-oktyabr). Fevral ayından temperatur yüksəlməyə başlayır və daxili rayonlarda atmosfer təziqi düşür. Bu bölgələrdə toz fırtınıları müşahidə olunur. Oktyabr ayı üçün ölkə üzrə orta temperatur +26-dir. Ən soyuq ay yanvardır. Şan yaylasında yanvarda temperaturun göstəricisi sıfırdan aşağı düşür. Şimalda, dağlıq ərazilərdə 2-3 həftə qar müşahidə olunur. Qış mussonu yağıntı gətirmir və may ayına kimi quraqlıq olur.
Əsas çaylar öz mənbəsini dağlardan götürür. Çaylarda suyun maksimum səviyyəsi musson yağışları zamanı müşahidə olunur. Bu mövsümdə daima daşqınlar qeydə alınır. Digər vaxtlarda bir çox çayların səviyyəsi düşür və ya quruyur. Sahil boyu ərazilərdə bataqlaşmış düzənliklər üstünlük təşkil edir. O üzdən dənizin qabarması bəzən 100 km məsafədən belə hiss olunur. Myanmanın böyük çayları: İravadi, Mekonq, Saluin, Sitaun və Çinduin. Gölləri azdır. Ən böyük gölü Şan yaylasında yerləşən İnledir. Ölkə çaylarının hamısı Hind okeanı hövzəsinə aiddir.[3]