Tailand Cənub-Şərqi Asiyada, Hind-Çin və Malay yarımadasında yerləşir. Tailand 4 ölkə ilə həmsərhəddir – Kamboca, Laos, Myanma və Malayziya. 513,000 kv.km sahəsi ilə 51-ci, 66 milyon nəfər əhalisi ilə isə 20-ci yerdədir [1]. Tailand fiziki-coğrafi, eləcə də əhalinin etnik tərkibinə görə əsas beş regiona bölünür: Mərkəzi, Şərqi, Şimali, Şimal-Şərqi və Cənubi Tailand.
Tailandın coğrafi kordinatları 5°36' və 20°28' şimal enliyi ilə 97°20' və 105°35' şərq uzunlu arasında dəyişir. Ümumi ərazinin 2,23 min km² dəniz zonasına aiddir. Ərazinin qərbdən şərqə doğru maksimal uzunluğu 780 km, şimaldan cənuba doğru isə — 1650 km-dir. Cənub-qərbdən ölkə ərazisini Andaman dənizinin suları yuyur. Cənubdan və şərqdən isə Cənubi Çin dənizinin Siam körfəzi ilə həmsərhəddir. Sahil xəttinin ümumi uzunluğu 3 219 km-dir. Dəniz sahili ərazilərdə düzənlik və bataqlıqlaşmış relyef üstünlük təşkil edir. Malay yarımadasının qərb sahillərində düyü əkələn körfəzlər və kiçik çayların estuariləri ilə çox parçalanmış. Siam körfəzinin Kamboca ilə olan sərhəddində Çanq və Kut adası yerləşir. Malay yarımadasının Samuy və Phanqan adaları Tailanda məxsusdur. Andaman dənizində isə Surin, Similan və Pxuket adaları yerləşir.
Tailandın şimalında, qərbində və cənubunda yerləşən dağ sistemləri paleozoy geosinklinalına aiddir. Cənubi asiya qırışıqlığına mezozoyda yenidən aktivləşmişdir. Dağlar paleozoy və triasın effuziv əhəng daşlarından, qum daşlarından və şistlərindən təşkil olunmuş. Ölkənin şimal-şırqində yerləşən Korat yaylası mezozoyun qumdaşlarından ibarətdir. Tailandın mərkəzində tektonik çökmə yerləşir. Ərazi kaynozoyun çöküntü məhsulları ilə örtülmüş (5–7 km). Bu çökmə ərazidə Menam düzənliyi və Siam körfəzinin şelf hissəsi formalaşmış.[2] Tailand ərazisində karst relyef formaları geniş yayılmış. Mağaralar üstünlük təşkil edir. Mağaraların çoxu buddizmin müqəddəs məkanları hesab olunur. Ən böyük mağaralardan biri — Pxravanqdenqdir. Uzunluğu 13,5 km-dir.
Mezozoy qranitləri böyük qalay yataqları ilə əlaqəlidir (1220 min ton)[2]). Volfram ehtiyatlarının miqdarı 20 min tondur [2]. Paleozoy strukturlarında stibium, flüorit, qurğuşun, sink, barit, dəmir filizi geniş yayılmışdır. Mərkəzdə və cənubda qonur və daş kömür ehtiyatları var. Qərbdə rubin və sapfir yataqları aşkar olunub.
Ölkə ərazisinin yarıdan çoxu allüvial düzənliklərdən ibarətdir. Bunlardan ən böyüyü — Menam düzənliyidir. Menam düzənliyi ölkənin mərkəzində, Çaupxraya çay vadisi boyu yerləşir. Çayın gətirmə məhsulları hesabına quru ərazi ildə 2-3 metr Siam körfəzinə daxil olur. Düzənlik rayonlar şimaldan Luanqpxaban silsiləsinin cənub hissəsi və Pxipannam ön dağları ilə əhatələnir. Qərbdə Kxuntxan, Tanentaunci və Bilau silsilələri yerləşir. Bu silsilələr meridianal istiqamətdə Malay yarımadasında uzanır. Tailandın şimal-qərb hissəsində ölkənin ən yüksək zirvəsi — Doyintanon dağı (2559 m) yerləşir. Şərq hissədə yerləşən Korat yayalası ölkə ərazisinin ¼-ni tutur[3]. Yayla ölkə daxilinə doğru tədricə yüksəlir və Danqrek, Fufan alçaq dağları formalaşır. Kra bərzəxindən cənubda, Malay yarımadasında kiçik düzənliklər və alçaq dağlar üstünlük təşkil edir. Tailandın Andaman dəniz sahilləri kəskin parçalanmışdır. Adalar, qayalıqlar və sualtı riftlər mövcuddur.
Cənub Şərqi Asiyada mərkəzi mövqe tutmasına, şimaldan cənuba doğru böyük məsafədə uzanmasına görə Tailand müxtəlif iqlim xüsusiyyətlərinə mlikdir. O üzdən əsas məhsul yığımı il ərzində bir neçə dəfə həyata keçirilir. Turizm mövsümi il boyu davam edir.
Tailand üçün subekvatorial və musson iqlimi xarakterikdir. Orta illik temperatur +13 °C-dən aşağı düşmür və nadir hallarda +40 °C-ni keçir. Ən isti aylar aprel və maydır. Ölkənin şimalında iqlim nisbətən kontinentaldır. Sutkalıq temperatur bu ərazilərdə maksimum olur. Dağlıq ərazilərdə qışda temperatur 10—15 °C düşür. Düzənlik ərazilərin orta temperaturu + 22— +29 °C-dir. Tailandın cənub bölgələrinin iqlim şərtləri daha yümşaqdır. Malay yarımadasında orta aylıq temperatur + 27— + 29 °C-dir.
Şimal və cənub rayonlarında 3 mövsüm müşahidə olunur — isti və quru qış; qızmar və quru yaz; qızmar və rütubətli yay-payız. Cənubda isə 2 mövsüm ayrılır — rütubətli, tayfunlu yay və az rütubətli qış[4].
Tailand su ehtiyatları ilə zəngin ölkədir. Ölkə ərazisindən və sərhədləri boyu bir çox bol sulu çaylar axır. Bütün çay hövzələrinə düşən yağıntının miqdarı 800 milyard m³-dir. Bunun 75 % buxarlanır və yeraltı sulara çevrilir. 25 % (200 milyard m³) su isə çaylara, göllərə və su anbarlarına daxil olur [5].
Tailandın çayları 2 hövzəyə aiddir — Andaman dənizi və Cənubi Çin dənizi. Sonuncu hövzədən əlavə olaraq Siam körfəzi hövzəsi ayrılır.[5] Əksər çaylar yağış suları ilə qidalanır. O üzdən səviyyənin mövsüm üzrə dəyişməsi müşahidə olunur.
Əsas çay sistemi Çaupxrayadır (Menam). Ümumi sahəsi 158 min km²-dir. İki əsas qolu var: Pinq (590 km) və Nan (627 km). Çaupxraya Siam körfəzinə tökülür və eni 135 km olan delta formalaşdırmış. Çayın mənsəbindən az aralı ölkə paytaxtı Banqkok yerləşir. Paytaxt limanına kimi dəniz gəmiləri asanlıqla üzə bilir (dərinlik 8,5 m).[6]
Hövzəsinə görə ikinci böyük çay sistemi ölkənin şərqində yerləşir. Mun çayı Cənub Şərqi Asiyanın ən böyük çayı olan Mekonqun sağ qoludur. Tailandın qərb sərhəddi boyu, kiçik məsafədə Asiyanın böyük çaylarından biri Saluin keçir.
Tailand ərazisində göllər azdır. Malay yarımadasının şərq hissəsində, Sonqkxla şəhərinin yaxınlığında ölkənin ən böyük gölü — Txaleluanq yerləşir. Göl Siam körfəzi sahili boyu laqun formasında 75 km uzanır. Göllərdən fərqli olaraq su anbarları ölkədə üstünlük təşkil edir.
Çay vadilərində torpaqlar allüvi və çəmənlik tiplidir. Mərkəzi düzənlik ərazilərində torpaqlar daha məhsuldardır. Çaupxraya çayının deltasında torpaq örtüyü gillidir və az sukeçiriciliyə malikdir. Rütubəti yaxşı saxladığına görə bu ərazilərdə çəltik sahələri geniş yayılıb. Mərkəzi düzənliklərdən kənarda qəhvəyi torpaqlar üstünlük təşkil edir. Malay yarımadasıda isə qırımız və sarı torpaqlar geniş yayılıb. Korat yayalasında qırmızı-qonur torpaqlar, dağlıq ərazilərdə isə dağ-meşə qırmızı torpaqlar mövcuddur.
2005-ci ilə olan məlumata görə meşələr ölkə ərazisinin 28,4 %-ni təşkil edir [7]. 1965-ci ildə bu göstərici 60 % olmuşdur. Əsas meşə örtüyünün qırılması nəticəsində ərazidə ikinci dərəcəli akasiya savannaları, eləcə də evkalipt ağacları formalaşıb. 1989-cu ildən ölkədə meşə qırımının həcmi kəskin azaldılmışdır.
Fauna rayonlaşdırmasına görə Tailand Hind-Malay zoocoğrafi zonasına daxildir. İri heyvanlardan Asiya filini, Malay ayısını, yəhərli tapirı, çöldonuzunu misal göstərmək olar. Yırtıcılardan pələng, leopard, panter, benqal pişiyi üstünlük təşkil edir.[8]