Fatma Ülviyyə Sultan

Fatma Ülviyyə Sultan və ya Fatma Ülviyyə Gərmiyanoğlu (11 sentyabr 1892, Vahidəddin köşkü, İstanbul, Osmanlı imperiyası25 yanvar 1967, İzmir) — son Osmanlı sultanı Sultan Vahidəddinin qızı.[1]

Fatma Ülviyyə Sultan
osman. فاطمه علویه سلطان‎
türk. Fatma Ulviye Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 11 sentyabr 1892(1892-09-11)
Doğum yeri
Vəfat tarixi 25 yanvar 1967(1967-01-25) (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Aşiyan qəbiristanlığı[d]
Atası VI Mehmed
Anası Əminə Nazikəda Qadınəfəndi
Həyat yoldaşları İsmayıl Haqqı Oktay
Əli Heydər Gərmiyanoğlu
Uşağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ülviyyə Sultan 11 sentyabr 1892-ci ildə atasına məxsus Vahidəddin köşkündə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Vahidəddin Əfəndi, anası isə onun ilk xanımı Əminə Nazikəda Qadınəfəndidir. Adını uşaq yaşda qəza nəticəsində yanaraq ölən əmisi qızı Ülviyyə Sultandan almışdır. Uşaq yaşlarında mükəmməl saray tərbiyəsi alan Ülviyə Sultan bacısı Sabiha Sultanla birlikdə babasının xidmətçilərindən Mihrifələk xanımın oğlu Rəfiq bəy nəzarətində saray təhsilini tamamlamışdır. Ənənəvi Osmanlı tərbiyəsiylə yanaşı, Mile Voçino adlı bir italyan musiqiçidən piano dərsləri də almışdır.

Bacısı Sabiha Sultanın toy mərasimi 1920 (soldan sağa: Fatma Ülviyyə Sultan, Dürrüşəhvar Sultan, anası Əminə Nazikəda Qadınəfəndi, bacısı Sabiha Sultan, qardaşı Ərtoğrul Əfəndi, Şahsüvar Qadınəfəndi)

1 fevral 1916-cı ildə müəmmalı şəkildə vəfat edən İzzəddin Əfəndinin vəfatıyla, atası Vahidəddin Əfəndi taxt varisi elan olundu. Bu səbəblə vəliəhdin ən böyük övladı olaraq Ülviyyə Sultanın evləndirilməsi müzakirə edildi. Nəhayət, Ülviyə Sultan 10 avqust 1916-cı ildə son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu İsmayıl Haqqı bəylə nikahlandı. Nikah dövrün şeyxülislamı Ürgüplü Mustafa Əfəndi tərəfindən bağlandı və mərasimin ardından cütlük Beşiktaş sarayında yaşamağa başladı. Bu nikahdan bir qızı dünyaya gələn cütlük 1920-ci ilin oktyabrında Sultan Vahidəddinin qızına hədiyyə etdiyi Nişantaşındakı köşkə köçdü. Ancaq İsmayıl Haqqı bəyin Anadoludakı İstiqlaliyyət hərəkatına qoşulmasının ardından Sultan Vahidəddin 21 iyun 1922-ci ildə qızını zorla boşadı.

Ancaq bir neçə ay sonra atası Sultan Vahidəddin səltənətdən çəkildi və ölkədən qaçmağa məcbur oldu. O əsnada saraydan çıxarılan anası Əminə Nazikəda xanımı və bəzi saray mənsublarını öz sarayında qonaq etdi. 1 noyabr 1923-cü ildə Nişantaşı köşkündə dayısı Zülüflü İsmayıl Paşanın oğlu Əli Heydər bəylə (d. 20 sentyabr 1889, İstanbul — ö. 1970, İstanbul) evləndi. Bu evlilikdən övladı olmayan Ülviyyə Sultan 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündə İtaliyanın San-Remo qəsəbəsində yaşayan atasının yanında məskunlaşan Ülviyə Sultan, 1926-cı ildə onun vəfatının ardından anasıyla birlikdə Monte-Karloya köçdü. 1939-cu ildə ilk əri İsmayıl Haqqı Oktayın siyasi nüfuzundan istifadə edərək qızı Hümeyra xanımla, Naciyə Sultanın övladları Mahpeykər xanım, Türkan xanımSultanzadə Əli bəyə Türkiyə vətəndaşlığı verildi. Oktay soyadı alan qızı Hümeyra xanımı Türkiyəyə göndərən Ülviyə Sultan bir müddət sonra İsgəndəriyyəyə köçdü və anası Əminə Nazikəda xanım 1941-ci ildə burada vəfat etdi.

1952-ci ildə çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıdan Ülviyə Sultan və əri Soyadı qanunuyla Gərmiyanoğlu soyadını aldılar və İzmirdəki qızının yanında məskunlaşdı. 25 yanvar 1967-ci ildə vəfat edən Ülviyə Sultanın cənazəsi İstanbula gətirilərək Aşiyan məzarlığına dəfn olundu.