Tuva dilində bərk, şiddətli istiyə, qızmar günəşə “çalış” deyirlər. Bəzi türk dillərində yay əvəzinə, “çay” işlədilir. Görünür, yay kəlməsinin etimoloji mənası “isti” deməkdir və sözün qədim kökü çay, çalın, ya kəlmələri ilə bağlıdır. Yay sözü yanmaq, yaxılmaq kəlmələri ilə qohumdur. Bunlar isə küy (od) deməkdir. Bu da cı (ilıq), ya (yanmaq) sözünə gedib çıxır. Xalq arasında yayın cırcıraması sinonimlər birləşməsi işlədilir ki, buradakı cırcırama sözü də cı kökü ilə bağlı ola bilər. Ən etibarlı yozum isə belə ola bilər: sözün əsli “göy(od)”deməkdir, göy sözü qay (yanmaq) şəklini kəsb etdiyi kimi, yay formasına da düşə bilər. Günəşin qədim adı Göyəş olub, burada da göy “od” mənalı sözdür. Deməli, yay və Günəş eyni kökə malikdir. O.Süleymenov bir məqaləsində yazır ki, qədim türk dilində (Orxon abidəsində) yay sözü “günəş” mənasında işlədilib (“Литературный Азербайджан” jurnalın 2000-ci il, №5, səh. 5) (Bəşir Əhmədov. Etimologiya lüğəti)