Şəmistan Nəzirli
Nəzirli Şəmistan Əmiraslan oğlu — Azərbaycanın tanınmış araşdırmaçı-publisisti, hərbi jurnalist, nasir, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), H.Zərdabi adına mükafatın laureatı (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
== Həyatı ==
Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdur. Əsli Qazaxlıdır. Burada kənd məktəbinin səkkizinci sinfini bitirdiyi il ailəlikcə Azərbaycana köçmüşlər. Dəvəçi şəhərində orta məktəbi bitirmişdir (1960). 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olmuşdur. Sovet Ordusu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1962-1965). ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1967-1972).
Ədəbi fəaliyyətə 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxan kiçik bir məqaləsi ilə başlamışdır. Lakin 60-cı illərdən dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə müntəzəm çıxış edir.