Aş
Bu xörək adı “yemək, təam, plov” mənasında Azərbaycanın əksər dialekt və şivələrində işlənir. Qarabağ bölgəsində aşın 130,Qubada 30- dan çox növü qeydə alınmışdır. “Aş” sözü qədim türk lüğətində üç mənada: 1) hər cür xörək; 2) ziyafət, qonaqlıq; 3) xörək adı kimi qeyd olunmuşdur (2, 210)
Çox maraqlıdır ki, “aş” sözü müasir xalq danışıq dilində və şivələrimizdə hər üç mənanı mühafizə etmişdir. Bu sözə Muğan qrupu və Cəlilabad rayon şivələrində “duru xörək” mənasında təsadüf edilir. Məsələn, bəzi xörək adları bunu sübut edir: Xəmiraşı, süddaş, ayranaşı (dovğa) və s. (5, 104)
Bu qədim leksemin “ziyafət, qonaqlıq” sözləri ilə bağlılığını xalq danışıq dilində işlənən bəzi etnoqrafik səciyyəli sözlərin tərkibində də görmək olur. Məs: Oruc aşı, allaşı, imamaşı, həcaşı (Şərqi Abşeron) (6, 12)
Maraqlıdır ki, orucaşı, allaşı, imamaşı dini mərasimlərlə bağlı olduğu halda, “həcaşı” toy adəti ilə əlaqədar olan sözdür. Şərqi Abşeron şivəsində işlənən bu sözlərdən, “həcaşı” toy adəti ilə bağlı olub, qız evindən oğlan evinə qayınata üçün göndərilən sovqat anlamını verir. (7, 20)
Bundan başqa, “aş” sözü “plov” sözünün sinonimi kimi əksər şivələrdə işlənir. Məs: Lobyalı aş, süddü aş, çığırtmalı aş və s.Qeyd etmək lazımdır ki, müasir ədəbi dilimizdə olan və yeməkxana mənasını verən “aşxana” sözündə “aş” leksemi özünün ən qədim məzmununu saxlamışdır. Maraqlıdır ki, Salyan dialektində “aşxana” sözü mətbəx mənasında işlənir. Məs: Aşxanada yiməy pişirirlər.(Salyan) Qədim “aş” sözü “az aşın duzu”; “azacıq aşım, ağrımaz başım”; “aşını, duzunu vermək”, “az aşın duzu deyil”(hiyləgər adamlar üçün söylənilir), “Əli aşından da olmaq, Vəli aşından da”, “Harada aş, orada baş” (əziyyət çəkmədən yaşayan insana deyilir) ifadələrinin tərkibində də özünü göstərir. M. Şəhriyarın dilində də “aş” sözünün “ziyafət xörəyi” mənasında işlənməsi müşahidə olunur: Cavanların aşın yedin, Qocalar bozbaşın yedin, Qəbirlərin daşın yedin, Özü baqi qalan dünya. (5, 104)
“Aş” sözü “yemək, təam” mənasında Nəsiminin dilində də işlənmişdir: Eşqün odu pişürmişdi dürlü aşlar; İçərəm qəm mətbəxində dürlü-dürlü aşlar.(5, 103)
Mahmud Kaşğalının lüğətində də “aş” sözü “yemək, aş” mənasında işlənmişdir. Həm də Mahmud Kaşğari bu söz haqqında yazmışdır ki, “bir qabı sıxaraq təmir etməyə də də “aş” deyilir: “ayaq aşla= qabı sıxaraq təmir et” (8, 147)
Yazılı mənbələdə “baş aşpaz” mənasında “aş paşçısı” kəlməsi işlənmişdir. (2, 61)
Mahmud Kaşğarinin lüğətində “aşa” (yemək, aş yemək) mənasında, aşac (qazan, tava) mənasında, aşat (yemək , yedirtmək), “aşbar” (saman, kəpək, ot kimi şeylərin qarışığından ibarət yem) mənasında “aşıç” (qazan mənasında), “aşlık” (aşxana, mətbəx mənasında), “aşca” (yemək istəmək mənasında) sözləri verilmişdir. Bu sözlər aş (yemək, aş mənasında) sözü ilə eyni kökdəndir. Həmin sözlərə diqqət yetirək: aşa yemək, aş yemək; ər aş atadı – adam yemək yedi. Mahmud Kaşğari qeyd edir ki, Xaqaniyyə türkləri bu sözü böyüklərin ziyafətində işlədirlər. Digər türklər isə fərq qoymadan bu sözü hər kəs haqqında işlədirlər, doğrusu da elə budur.(8, 237)
“Aşa” sözünün qədim türk lüğətində “istifadə etmək”, “faydalanmaq”, “yemək, (bəhrəsini) dadmaq”, “xidmətinin bəhrəsini almaq” mənaları da verilmişdir. (2, 62)
“Aş” sözü noqay dilində də “yemək” mənasında işlənir. (30, 182)
Qırğız dilində “aş” sözü ilə bağlı atalar sözü də yaranmışdır: Aşın kalsa kalsın, işin kalbasın” (30, 238)
Bu söz türkiyə türkcəsində aş, başqırd türkcəsində azık, aşamlık, qazax türkcəsində aş, tamak, qırğız türkcəsində tamak, aş, özbək türkcəsində avkat, aş, tatar türkcəsində aş, azık, aş-su, rızık, türkmən türkcəsində aş, paxar, uyğur türkcəsində aş formalarında işlənir. (33, 30-31)