Bütün xörəklərin ümumi adı aş olub. İndi məna daralıb, söz, əsasən, “plov” mənasında işlədilir. Amma aşpaz, qatıqaşı, aşxana, ayranaşı kimi sözlərdə qədim məna qalmaqdadır (qatıqaşı heç də “plov”demək deyil. Aşpaz heç də təkcə plov bişirməklə məhdudlaşmır və s.) Nə tökərsən aşına... deyimi də aş sözünün qədim mənası ilə bağlıdır. Müasir tatar dilində aş sözü qədim mənasını saxlaya bilib: aşamlıq (пища), aşarqa (кушать), aşatırqa (кормить), aşqazanı (mədə, qursaq), tamır azıq (kökü yeyilən, kökü meyvəli), aşyaylıq (süfrə) kimi kəlmələr bunu sübut edir. Türk dillərinin bəzilərində qazan əvəzinə aşac işlədilir. Aş sözü rus dilinə də keçib, onlarda ашать məsdəri var, “кушать” deməkdir. Türkmənlər yazırlar: “Aş iyilən (yeyilən) naxorların (xörəklərin) ümumi adıdır”. Qabaq bizdə də bu mənada işlədilib. Biliyi, dərini aşılamaq birləşməsindəki aşıla sözü də yedirtmək anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)