Dilimizdə bircə səsdən ibarət olan və “bitki” mənasını verən ı sözü olub. Onun da əsasında ığac (ağac, yığac) kəlməsi yaranıb. Ağac sözünün qədim mənası “hündür bitki” demək olub (kol və s. ilə müqayisədə ağac çox hündür olur).İkinci ehtimal da mümkündür: mənbələrdə ağac kəlməsinin yığac, yış formaları da qeydə alınıb. Yış sözü yaş sözünün dəyişmiş formasıdır. Ağac, odundan fərqli olaraq, sulu, yaş olur. Deməli, söz yaş anlamı ilə də bağlı ola bilər (yış sözü bir vaxtlar həm də “meşə” mənasında işlədilib). Bu sözə omonim olan başqa bir ağac da var: 6-7 verstlik (bir verst 1,06 km-ə bərabərdir) ölçü vahidini bildirib. Farslar onun əvəzinə, fərsəng kəlməsindən istifadə ediblər (ruslarda 4,4 sm-ə bərabər ölçünü bildirən вершок sözü mövcud olub və formaca fərsəng sözünə çox bənzəri var). Ağac ölçü vahidi kimi cağatay dili ilə bağlı sözdür: müəyyən məlumatı bir nəfər ikinciyə, o da üçüncüyə ötürüb, beləliklə, informasiya lazımı yerə çatdırılıb. Ağac piyada bir saatlıq yol olub. Məlumatı ya qışqırmaqla, ya da atla çatdırıblar. Bu baxımdan kəlmənin aşağıdakı yozumları mümkündür:
1. Qışqırmaq yolu ilə çatdırılan informasiya ağız və aç sözləri ilə bağlı ola bilər və ağızaç sözünün ağac şəklinə düşməsi mümkündür.Fars dilində banqxoruz (xoruzun səsi) sözü var və “xoruzun səsinin çata biləcəyi məsafə” anlamında işlədilir. Ağac da bu qəlib üzrə “səs” anlayışı ilə əlaqədar ola bilər. Altıağac (Xızı rayonunda kənd adı) kəlməsi də məsafə ilə bağlıdır.
2. Məlumatın atla çatdırılması ilə bağlı olaraq ağac kəlməsi al və qaç sözlərindən törəmiş ola bilər (alqaç – ağac...). Nəzərə alsaq ki, bir ağaclıq məsafə, təxminən, 7,5 km edir, onda əlaqənin atla saxlanılmasına üstünlük verilməlidir (7,5 km məsafəyə səsin çatması müşkül məsələdir) və alqaç sözünü daha inandırıcı hesab etmək olar. Şəmkirdə yol kənarına basdırılmış və məsafəni göstərən dirəklərə “alağac” (hündür ağac) deyirlər. Deməli, 6-7 km məsafəni bildirən ağac (parəsəng) məhz “ağac” sözü ilə bağlı olub.