Anadolu türkləri bələk sözünün sinonimi kimi bağırdaq kəlməsini işlədirlər. Ehtimal ki, bağır və bağırsaq sözləri eyni kökdən törəmədir, bağlamaq (əlaqəli olmaq, sarınmaq) kəlməsi ilə bağlıdır: bağır kəlməsi bağıl, bağıldaq kimi olub sonra l səsi r səsi ilə əvəz edilib. İkinci ehtimal da mümkündür: bağır, doğrudan da, bağlı sözü ilə əlaqədardır, “üstü qarın dərisi ilə örtülü (bağlı) olan”, “xaricdən görünməyən”, “içalat” deməkdir. Bu mənada bağır sözü içalat kəlməsinin sinonimi olub və qarın boşluğunda olan üzvlərin hamısını əhatə edib (qarında qara, ağ və göy bağırların olması göstərir ki, daxildəkilərin hamısı haçansa “bağır” adlanıb). Ən inandırıcı yozum belədir: bağır monqol sözüdür, mənası “yumşaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Şiələrin beşinci imamının (Əli, Həsən, Hüseynin oğlu Əli (Zeynalabdin), Məhəmməd (Zeynalabdinin oğlu)) fəxri adı Bağır olub. Ərəbcə mənası “müdrik” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)