Rövşən Bəndəliyev
Rövşən Bəndəliyev (26 iyul 1974, Hacıqabul rayonu) — fizika-riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru.
Bəndəliyev Rövşən Əlifağa oğlu 26 iyul 1974-cü ildə Azərbaycan Respublikasının Hacıqabul rayonunda anadan olmuşdur.
R. Ə. Bəndəliyev 1997-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə həmin Universitetin "Riyazi analiz" ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993–1999-cu illərdə Bakı Dövlət Universitetində R. Ə. Bəndəliyev, AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin, f.-r.e.d., prof. B. İ. Musayevin riyazi analiz kursundan və ixtisas kursundan mühazirələrini dinləmiş, onların əməkdaşları olduqları "Riyazi analiz" kafedrasında ixtisas kursu keçmiş və bu kafedranın və Azərbaycan Respublikasının ilk magistrlərindən olmuşdur. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsinə əyani aspiranturaya qəbul olmuşdur. 2000-ci ildə İnstitutun "Riyazi analiz" şöbəsinin kiçik elmi işçi vəzifəsinə (0.5 ştat) işə götürülmüşdür.
2000–2002-ci illərdə AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin rəhbərliyi altında "Banaxqiymətli funksiyalardan ibarət anizotrop çəkili Sobolev fəzasında daxilolma teoremləri" mövzusunda namizədlik dissertasiyası üzərində işləmiş və 2002-ci ildə müvəffəqiyyətlə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.