Florenski dağlaləsi
Florenski dağlaləsi (lat. Tulipa florenskyi) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Nadir, atropatan endemik növüdür.
== Qısa morfoloji təsviri ==
Çoxillik ot bitkisidir. Soğanaq 2 sm-ə qədər diametrdə, yumurtavari uzunsovdur, tünd-qonur qınla örtülüdür. Gövdə 10–25 sm hündürlükdədir. Yarpaqlar 3–4 ədəd bükülmüş, göyümtül, çılpaq, aşağıdakılar çox və ya az enli-neştərşəkilli, yuxarıdakılar dar-xətvaridir. Çiçəklər təkdir, çiçəkyanlığının yarpaqcıqları 2,5–4 sm uzunluğunda, alovu qırmızı, əsası daxili tərəfdən tünd-göyümtül və ya qara ləkəli, sarı haşiyəlidir, xaricdən yumurtavari, rombvari, qısa-sivri, daxildən uzunsov, tərs-yumrtavari, təpə hissəsi adətən kəsikdir. Erkəkcik çiçəkyanlığından qısa, sapı qara, tozcuğu sarı, sapdan qısadır.