Həsən Feyziyev
Həsən Feyziyev (10 sentyabr 1936, Tahirli, Astraxanbazar rayonu) — Tanınmış alim, Azərbaycan Respublikasının əməkdar müəllimi, texnika elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü.
== Həyatı ==
Həsən Qulu oğlu Feyziyev 1936-cı il sentyabrın 10-da Azərbaycan Respublikasının Cəlilabad rayonunun Tahirli kəndində anadan olmuşdur. 1953-cü ildə Bakı Energetika Texnikumuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci) daxil olmuş, 1957-ci ildə oranı “İstilik Energetikası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsində təhsilini davam etdirərərk, 1962-ci ildə “Elektrik stansiyalarının istilik energetik qurğuları” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmən ildən AzNKİ-nin “Buxar və qaz turbinləri və istilik elektrik stansiyaları” kafedrasında assistent, 1967-ci ildən baş müəllim, 1970-ci ildən isə dosent vəzifələrində çalışmışdır.
Həsən müəllim 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) ”İstilik qaz təchizatı və ventilyasiya” kafedrasına müdir seçilmiş, 1981-ci ildən 2012-ci ilədək isə “İstilik təchizatı və istilik texnikası” kafedrasının müdiri vəzifəsində işləmişdir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi məsləhətçidir.
Həsən müəllim Türkiyə, Kipr və İsrail dövlətlərinə elmi konfrans və müşavirələrə dəvət olunmuş və elmi məruzələrlə çıxış etmişdir.
Professor Feyziyev bir neçə ixtisaslaşdırılmış Elmi Şuranın, AAK-nın Ekspert Şurasının üzvi və bir neçə birdəfəlik İxtisaslaşdırılmış Elmi Şuranın sədri olmuşdur.
Professor Həsən Feyziyev suyun emal texnologiyası sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeniliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış alimdir.
O insanlar xoşbəxtdilər ki, təkçə özləri üçün yaşamırlar.