Avropa gərməşovu
Avropa gərməşovu (lat. Euonymus europaeus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Hündürlüyü 2-4 (5) m, hamar küt dördtilli budaqları olan, kol və ya balaca ağacdır. Cavan budaqları yaşildır, daha sonra isə tilləri mantar törəmə ilə örtülür. Yarpaqları azacıq qalındərilidir, töküləndir, ellipsvari-neştərşəkilli, enli oval və yaxud uzunsovdur, uzunluğu 2-7 (10) sm, eni 1,5-4 (6) sm-dir. Kənarlardan bərabər kiçik dişli, üst tərəfdən çılpaq, alt tərəfdən damarlar boyunca qısa yumşaq tüklüdür. Saplağı qısadır, uzunluğu 2–14 mm-dir.
Yarımçətirləri seyrək çiçəklidir, yarımçətirdəki orta çiçək adətən tam inkişaf etməmişdir. Ləçəkləri 4 ədəd olub, kütdür, sarımtıl-yaşılımtıldır, uzunluğu 5 mm-dir.
Qutucuq uzunluğu 8–12 mm-dir, əyiləndir, şarşəkilli-armudvaridir, küt dörd bölümlüdür, qanadsızdır, hamar və çılpaqdır, yetişənə yaxın parlaq çəhrayı rəngdə olur, qutucuğun hər yuvasında bir toxum olur, nadir hallarda toxumların sayı 2 ədəd olur.