Müsəllim Həsənov
Müsəllim Qaman oğlu Həsənov (22 dekabr 1958, Şiştəpə, Şamxor rayonu) — jurnalist, ssenarist, kino redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2018).[mənbə göstərin]
Müsəllim Həsənov 1958-ci il dekabrın 22-də Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1985–1989-cu illərdə Azərnəşrdə çalışıb, 1989–1992-ci illərdə "Yeni Fikir" qəzeti redaksiyasında şöbə müdiri, redaktor müavini işləyib. 1992-ci ildən 1996-cı ilin sonuna qədər "Müstəqil qəzet"də çalışıb. 1997-ci ilin yanvarından noyabr ayına qədər "Panorama" qəzetində şöbə müdiri, 1997-ci ilin noyabrından 2000-ci ilin aprelinə qədər Azərbaycan Respublikası Prokurorluğunda mətbuat xidmətinin rəhbəri olub.
2002–2008-ci illərdə "Media-Holdinq" şirkətində çalışlb, "Bizim Əsr" qəzetində şöbə müdiri, "Lider" televiziyasında redaktor vəzifələrində işləyib.
"Lider" televiziyasında nümayiş olunan bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub.
2010-cu ilin yanvarından İctimai Televiziyanın "Carçı-Film" Yaradıcılıq Birliyində redaktor və böyük redaktor vəzifələrində çalışıb.
İctimai TV-də nümayiş olunmuş "Daşdan tikilmiş şəhər", "Amerika və amerikalılar", "Mübariz" (Milli Qəhrəman Mübariz İbrahimov haqqında) filmlərinin ssenari müəllifidir.
İctimai televiziyada nümayiş olunan "Bakı vaxtı" sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı olub.