Mikayıl Nərimanoğlu
Quliyev Mikayıl Nəriman oğlu (9 mart 1965, Zəngilan) — əməkdar jurnalist.
1965-ci ildə Zəngilan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Zavod həyatı", "7 gün" "İki sahil", "Sərhəd", "Aydınlıq", "Qarabağ", "Olimpiya dünyası", "525-ci qəzet", "Səs", "Yeni Azərbaycan", "Azərbaycan", "Respublika", "Xalq qəzeti", və digər mətbuat orqanlarında, lent.az, publika.az, 1news.az, sportnews.az saytlarında və UEFAdirect, "Neft və Qaz" jurnallarında müxtəlif səpkili yazıları dərc olunub. 1988-ci ildən mətbuatda çalışır. İlk öncə "Zavod həyatı" qəzetində, 1991-ci ildən 2005-ci ilə qədər isə bu qəzetin bazasında təsis olunan "İki sahil" qəzetində müxbir və şöbə müdiri vəzifələrində işləyib.
2005-ci ildə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi və eyni zamanda 2006-cı ildə AFFA-nın təsis etdiyi "Futbol dünyası" qəzetinin baş redaktoru vəzifəsində işləyib. "Azərbaycan Respublikasında 2005–2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq onun rəhbərliyi altında AFFA-nın rəsmi saytı (www.affa.az) saytı 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) operativ fəaliyyət göstərir. Azərbaycanın idman həyatında ilk dəfə olaraq idman video portalı (www.affavideo.az) və internet TV (www.affatv.az) yaradılıb. Azərbaycan futbolunun 100 illik tarixinin foto və video materiallarını araşdıraraq ictimaiyyətə çatdırılmasında müstəsna xidməti olub.