Miniatür rəssamlığı
== Tarixi ==
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.
Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi qədimdir. XIII əsrin əvvəllərində Əbd ül-Mömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa əlyazmasına çəkdiyi miniatürlər (Topqapı muzeyi, İstanbul) yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.
XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatiir sənəti süirətlə inkişal etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qudrətli mərkəzinə çevrilmişdi. XIV əsrin əvvəllərində Təbrizin Rəşidiyyə akademiya şəhərciyinin kitabxanasında yerli xəttat və rəssamlarla yanaşı Şərqi Türkistan, Orta Asiya və b. Şərq ölkələrindən toplanmış sənətkarlar fəaliyyət göstərir, dini, tarixi, elmi və poetik əsərlərin bədii əlyazma nüsxələrini hazırlayır, onları miniatürlərlə bəzəyirdilər. Bu dövr əlyazmalarrından Bəhtişunun “Mənafi əl-heyvan” əsərinə (1297-1298; Morqan kitabxanası, Nyu-York), Rəşidəddinin “Cami ət-təvarix” (1306-cı il nüsxəsi, Edinburq universiteti, Şotlandiya; 1314-cü il nüsxəsi, Kral Asiya Cəmiyyəti, London; 1318-ci il nüsxəsi, Topqapı muzeyi, İstanbul) əsərinin məlum nüsxələrinə çəkilmiş miniatürləri göstərmək olar. “Cami ət-təvarix” əlyazmalarının müxləlif rəssamlar tərəfindən çəkilmiş illüstrasiyaları Azərbaycan miniatür sənətinin inkişafında xüsusi mərhələ təşkil edir.
XIV əsrin ortalarında Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340-1350 illərə aid edilən “ Böyük Təbriz Şahnaməsi”, yaxud “ Demott Şahnaməsi” adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır.