Karabakh is Azerbaijan Platforması
Karabakh is Azerbaijan ("Qarabağ Azərbaycandır") və ya qısa adı ilə KIAz — İkinci Qarabağ müharibəsindən əvvəl bir qrup azərbaycanlı gənc tərəfindən yaradılmış və xüsusən də İkinci Qarabağ müharibəsi dövründə informasiya müharibəsində aktiv iştirak etmiş təşkilat. Platforma müxtəlif həştəqlər ilə dəfələrlə dünya trendində və müxtəlif ölkələrin ölkə trendində ilk sıraya qədər yüksəlməyə nail olmuşdur.
== Fəaliyyəti ==
"Qarabağ Azərbaycandır" (Karabakh is Azerbaijan; qısa adı KIAz) platforması 13 iyul 2020-ci ildə bir qrup azərbaycanlı gəncin təşəbbüsü ilə yaradılmışdır. Bütün fərqlilikləri bir kənara qoyaraq ortaq bir məqsəd altında birləşən platformanın əsas məqsədi informasiya müharibəsində iştirak edərək Azərbaycan Silahlı Qüvvələrinə və xalqına dəstək olmaq, dünyanı Qarabağ həqiqətləri barəsində agah etməkdir.
Platforma yarandığı ilk günlərdən etibarən geniş auditoriyaya çataraq, Türkiyə (Türk Dünyası Birlik platforması) , İsrail (Likud Gənclər qolu), ABŞ (Yəhudi icması, Amerikada yaşayan azərbaycanlılar), Norveç, Polşa, Fransa, Ukrayna, Gürcüstan və s. kimi ölkələrdə və Azərbaycanda olan müxtəlif platforma və diasporlar ilə əməkdaşlıq etməyə başlamışdır.
Fəaliyyət istiqamətləri:
İctimaiyyət arasında Qarabağ münaqişəsi haqqında düzgün rəy yaradılması;
İnformasiya müharibəsində düzgün işləmək etikasının təbliğ edilməsi üçün tədbirlər (seminarlar, treninqlər, summitlər, forumlar, konfranslar, görüşlər və s.) təşkil edilməsi;
Gənclər arasında bilik və təcrübə mübadiləsinin, həmçinin peşəkar əməkdaşlığın təbliğ edilməsinə yönəldilmiş tədbirlər (təlimlər, görüşlər və s.) təşkil edilməsi;
Platformanın qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsində faydalı ola biləcəyi hallarda ayrı-ayrı beynəlxalq qeyri-hökumət təşkilatlarının, beynəlxalq konfrans və seminarların işində iştirak edilməsi;
Dövlət orqanları və başqa ictimai təşkilatlarla birlikdə, habelə ayrıca elmi-nəzəri konfranslar, seminarlar, görüşlər və s. təşkil edilməsi və ya belə tədbirlərdə iştirak edilməsi;
2021-ci il fevralın 2-də Gənclər Günü münasibətilə Azərbaycan Milli Məclisinin Gənclər və İdman Komitəsində Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və bir qrup fəal gənclə komitənin rəhbəri, millət vəkili, vitse-spiker Adil Əliyev arasında görüş keçirilib. Platformanın idarə heyətinin üzvü Şəbnəm Səfərova KIAz komandası adından ictimai-siyasi sahədə göstərdiyi uğurlu fəaliyyətinə görə Milli Məclisin gənclər və idman komitəsinin "Fəxri fərmanı" ilə təltif olunub.
2021-ci ilin aprelin 29-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və deputat Etibar Əliyev ölkənin fəal gəncləri və Vətən müharibəsində arxa cəbhədə fəallığı ilə seçilmiş gənclər ilə görüşüblər.