İnsanlar bir-birinə və eləcə də cəmiyyətin özünə ziyan vurmasınlar deyə cəmiyyətlər qanunlar yaradır. Əlbəttə, “cəmiyyətə vurulan” bu ziyanı hərə bir cür başa düşür. Bəzi dini qruplar belə hesab edir ki, insanın yeganə və ən başlıca işi Allaha sitayiş edib ruhun xilası haqda düşünməkdir. Onların fikrincə, insanın hiss, ehtiras və istəklərinə aid hər bir şey onu bu vacib işdən ayırır və ümumiyyətlə, cəmiyyətə ziyan vurur.
Belə qrupların hakimiyyətdə olduğu dövlətlərin qanunları, əsasən, əxlaqın keşiyində durur, insanın nə geyinəcəyini, necə əylənəcəyini və nə ilə məşğul olacağını müəyyən edir. Bazar günləri, yəni xristianların Allaha həsr etməli olduqları gün bu qanunları pozanlar üçünsə xüsusi cəzalar nəzərdə tutulur.
Belə qanunlar Reformasiyadan sonra, əsasən, protestant icmalarının güclü olduğu yerlərdə qəbul olunmuşdu. XVI əsrdə, Con Kalvinin dövründə Cenevrədə ifrat dərəcədə sərt əxlaqi qanunlar hökm sürürdü. Şotlandiyanın bəzi bölgələri də eyni vəziyyətdə idi. Bu, XVII əsrin ortalarında puritanların (rəsmi kilsəni qəbul etməyən ingilis protestantları - latın dilindən təmizlik kimi tərcümə olunan “puritas” sözündən) güclü olduqları İngiltərədə də müşahidə olunurdu.
O vaxtdan heç bir əsas və ehtiyac olmadan ən adi, ziyansız hər bir şeyi qadağan edən qanunlara “puritan qanunları” deyirlər. (Ayzek Azimov. Sözlərin tarixi)