V.Radlov məşhur 8 cildlik əsərinin 2-ci cildinin 2-ci hissəsində (s.1128) yazır ki, quda sözünün mənası “kəbin” deməkdir. Qırğızlarda kətqudayşlıq sözü ilkin (birinci) “kəbin” anlamında işlədilir (kətxuda sözü də bununla qohumdur). Kəbin alınma sözdür, bizdə onun yerinə quda, qayın, qazın sözləri işlədilib, sonra quda “kəbin qohumları” anlamını bildirib, qayın –“ərin və ya arvadın qardaşı” mənasında məhdudlaşıb, “qadın” – ərli arvada deyilir, qazın isə sıradan çıxıb. Quda və qut (xoşbəxtlik) sözləri tarixi baxımdan eyni kökə malikdir. Qədim türklərin düşüncə tərzinə görə, gəlin ər evinə xoşbəxtlik gətirirmiş. Maraqlıdır ki, qohumların ən əzizi quda hesab olunmuşdur. İndiki qayınana, qayınata heç də ərin (arvadın) qardaşının anası və ya atası demək olmayıb, quda ana, quda ata kimi işlədilib (“kəbin qohumluğu üzrə ana...” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)