E.ə. 49-cu ildə Sizalpin Qalliyasının canişini Yuli Sezar idi. O bu vəzifəni on il ərzində tutmuş və həmin dövrdə Alp dağlarının arxasında yerləşən geniş əraziləri Roma imperiyasına qatmağı bacarmışdı. Sezarın orduda və sadə xalq arasında hörməti böyük olduğundan senatorlar onu özləri üçün ciddi təhlükə hesab edirdilər.
E.ə. 48-ci ildə iki konsuldan biri seçilən Sezar vəzifəsinin icrasına başlamaq üçün Romaya qayıtmalı idi. Ancaq o, tərəddüd edirdi, çünki belə olan halda düşmənləri tərəfindən tutulacağına əmin idi. Digər tərəfdən ordusunu özü ilə apara bilməzdi. Əyalət başçısının buna ixtiyarı yox idi.
Sezar İtaliyanı Qalliyadan ayıran Rubikon çayının sahillərində gözləməkdə olan vaxt senat ordunu buraxmadığı halda onu cəmiyyətin düşməni elan edəcəyini bəyan eləyərək hadisələrin gedişatını tezləşdirdi.
İndi Sezarın seçimi qalmamışdı. O, ordunu buraxmadığı təqdirdə həbs olunacaqdı. Amma bunu etməsə, yenə də həbs olunacaqdı. Buna görə də döyüşməli idi. Sezar ordusu ilə birlikdə Rubikonu keçərək qanunu pozur və beləliklə, vətəndaş müharibəsini başlamış olur. Müharibə dörd il, e.ə. 45-ci ilədək davam etdi.
“Rubikonu keçmək” ifadəsi qeyri-müəyyən, amma vacib nəticələrə gətirib çıxaran qəti addım atmaq mənasında işlədilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)