Teymur Bünyadov (tarixçi)
Teymur Əmiraslan oğlu Bünyadov (20 yanvar 1928, İkinci Şıxlı, Qazax qəzası – 8 aprel 2022, Bakı) — Azərbaycan tarixçi-etnoqrafı, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri, AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, YAP-ın üzvü, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı.,
Eyni zamanda Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Arxeologiya" və "Etnoqrafiya" ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, "Şöhrət" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı, "Qızıl qələm" mükafatı laureatı, Abbasqulu ağa Bakıxanov mükafatı ilə təltif olunmuşdur.
== Həyatı ==
Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II Şıxlı kəndində doğulub. Orta məktəbi qızıl medalla bitirmiş, 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Universiteti uğurla başa vuran az sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, məşhur Qafqazşünas alim, Lenin mükafatı laureatı Y. İ. Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Müdafiədə iştirak edən Qafqazşünas alimlər dissertasiya işinə yüksək qiymət vermiş, bu mövzuda tədqiqat əsərinin təkcə Azərbaycanda deyil, hətta bütün Qafqazda ilk dəfə qələmə alındığını və tarixşünaslıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar. Öz tədqiqatı ilə Qafqazın əkinçilik mədəniyyətinin vətəni olduğunu sübut edən gənc alim üçün təcrübəli həmkarlarının verdiyi bu qiymət böyük uğur idi.
== Fəaliyyəti ==
=== Elmi Fəaliyyəti ===
Moskva həyatını başa vurub, 1955-ci ilin mayında vətənə dönən T. Bünyadov sonrakı elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutunda davam etdirir. 1968-ci ildə o, "Azərbaycanın qədim və Orta əsrlərdə təsərrüfat həyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə isə professor adına layiq görülmüşdür. Taleyini elmə bağlayan 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
1960-cı ildə Teymur Bünyadovun irihəcmli "Azərbaycan arxeologiyası oçerkləri" adlı kitabı çap olundu.