Azərbaycanda əmək hüququ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin loqosu
DOST Agentliyinin strukturuna daxil olan Qarabağ Regional "DOST" Mərkəzinin inzibati binası (Bərdə). Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli fərmanı ilə yaradılan Agentlik ƏƏSMN-in tabeliyində fəaliyyət göstərir.[1] "DOST" Mərkəzi isə ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, həmçinin ƏƏSMN-in fəaliyyət istiqamətlərinə uyğun sahələrdə xidmətlərin göstərilməsini təmin edən publik hüquqi şəxsdir.[2]

Azərbaycanda əmək hüququAzərbaycanda əmək hüququ ilə bağlı yaranan münasibətləri tənzimləyən müstəqil hüquq sahəsi. Əmək hüququ işçi ilə işəgötürən arasında yazılı formada bağlanan əmək müqaviləsi əsasında yaranan əmək münasibətlərini tənzim edir.[3]

Hazırda Azərbaycanda əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu və işsizlikdən sığorta sahələrində dövlət siyasətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.[4]

XIX əsrin sonu XX əsrin əvvəlləri

[redaktə | mənbəni redaktə et]

XIX əsrin ikinci yarısında Azərbaycanda kapitalist sənayesinin inkişafı, bir sıra sənət sahələrinin manufaktura səviyyəsinə yüksəlməsi, kənd təsərrüfatının bir çox sahələrinə muzdlu əməyin daxil olması yeni kapitalist cəmiyyətinin sinifləri olan burjuaziyafəhlə sinfinin təşəkkül tapmasına şərait yaratdı. Özünün təşəkkül dövründə çoxmillətli burjuaziya sinfinin tərkibində azlıq təşkil edən Azərbaycan burjuaziyası sonrakı illərdə nisbətən qüvvətləndi. [5] Milli burjuaziyanın yaranması zəhmətkeş təbəqəyə öz müsbət təsirini elə ilk illərdəcə göstərirdi. Belə ki, milli burjuaziya öz müəssisələrinə ilk növbədə müsəlmanları işə götürürdü.[6]

Bakıda və Azərbaycanın digər qəzalarında sənaye ocaqları yarandıqca var-yoxdan çıxmış kəndlilər bu şəhərlərə axışırdı. Bu kəndlilərin heç da hamısı daimi olaraq Bakıda qalmır və fəhlə sinfinin təşəkkülündə iştirak etmirdi. Onlara mövsümi fəhlələr deyilirdi. Digərləri isə təsərrüfatla əlaqəsini tamamilə kəsir və sənaye müəssisələrində muzdla işləyən daimi fəhləyə çevrilirdi. Məhz onların hesabına Azərbaycanda fəhlə sinfi təşəkkül tapdı.[7] Bu sinfin nümayəndələri ucuz işçi qüvvəsini təşkil edirdi. Bəhs edilən dövrdə əmək qanunvericiliyinin hüquqi əsasları hələ formalaşmamışdı.

Şəmsi Əsədullayevə məxsus torpaq sahəsində fontan vuran neft və fontanın ətrafında çalışan fəhlə sinfinin nümayəndələri. Bakı, XX əsrin əvvəlləri

Bakının zavod və fabriklərində iş vaxtı orta hesabla 10,5–11 saat davam edirdi. Neft və dağ-mədən sahəsində xarici kapitalistlər əməkhaqlarının təyin edilməsində milli ayrı-seçkilik edir, azərbaycanlılardan ibarət ixtisassız fəhlələrə xeyli aşağı maaş verirdilər. Müəssisələrdə qadın və uşaq əməyindən geniş istifadə edilirdi. Fəhlələrin iş şəraiti çox aşağı səviyyədə idi. Bakıda hər neft quyusu qazılıb istifadəyə verildikdən sonra orta hesabla 10 işçidən biri ölür və ya şikəst olurdu.[8]

1902-ci ilin mart-avqust aylarında Bakı fəhlələrinin tətil və çıxışları başlayır. Mart ayının 21-də Bartford zavodunun fəhlələri əməkhaqqı almadıqlarına görə tətil etmişdilər. Daha sonra fəhlələr 1 may bayramını qeyd edirlər.[9] 1903-cü ilin yayında baş qaldıran Bakı fəhlələrinin ilk ümumi tətili isə tezliklə yatırılır.

1904-cü il dekabrın 13-də Bakı fəhlələrinin ikinci ümumi tətili başladı. 34 maddədən ibarət tələblər içərisində 8 saatlıq iş günü, həftəlik məcburi istirahət günlərinin verilməsi nəzərdə tutulurdu. Beləliklə, 1904-cü il dekabrın 30-da fəhlələrlə sahibkarlar arasında ilk müştərək müqavilə imzalandı. Fəhlələr bu müqaviləni "Mazut konstitusiyası" adlandırdılar. Müqavilənin şərtlərinə görə əməkhaqqı 20% artdı, 9 saatlıq iş günü müəyyən edildi, fəhlələrin tətil etdiyi günlərin maaşı ödənildi.[10]

Həmin dövrdə əmək hüquqlarının qorunması ilə bağlı qanunvericilik olmadığına görə müəssisə sahibləri heç bir məsuliyyət daşımırdılar. Bu səbəbdən iş vaxtı bədbəxt hadisələrin sayı artırdı.[11] Nəhayət, 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında", 1912-ci ildə isə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunmuşdu.[12] Bununla belə, 1912-ci il qanunu fəhlələri qane etmirdi: qanun dövlət müəssisələrinin və xırda sənaye müəssisələrinin fəhlələrinə, kənd təsərrüfatı proletariatına və ticarət-sənaye qulluqçularına aid edilmirdi. Həmçinin, qanun cüzi müavinət təyin edir və əlilliyə görə sığortanı nəzərdə tutmurdu.[13]

15 aprel 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Soveti sənaye sahibləri və müəssisələrin müdiriyyəti ilə razılaşma əsasında 6 bənddən ibarət olan "Bakı rayonunda 8 saatlıq iş günü qoyulması haqqında" məlumat yaydı. 12 sentyabr 1917-ci ildə isə RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsi, fəhlə sinfinə normal yaşayış təmin edəcək ictimai-hüquqi xarakterli bütün tədbirlərin həyata keçirilməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edildi.[12]

Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda Rusiya üsul-idarəsinə son qoymaq və regionu idarə etmək məqsədilə 1917-ci il noyabrın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Zaqafqaziya Komissarlığı yaradıldı. Bu hökumətin sədri gürcü menşeviki Yevgeni Gegeçkori idi ki, o, həm də Əmək və Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi. Bu hökumət 6 aydan sonra öz yerini yeni yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikasına verdi. Cəmi 35 gün mövcud olmuş bu hökumət əvvəlki sələfi kimi öz fəaliyyətini yalnız kağız üzərində rəsmiləşdirə bildi.[12]

Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 22 mart 1918-ci il tarixli qərarı ilə Bakı quberniyasının Əmək Komissarlığı təşkil olundu. Yakov Zevin komissar təyin olundu. Az sonra Bakı Sovetini əvəz edən Bakı Xalq Komissarları Sovetində də Xalq Əmək Komissarı yenə Yakov Zevin oldu.[12] 1918-ci il mayın 28-da RSFSR Xalq Komissarları Soveti neft sənayesinin milliləşdirilməsi haqqında qərar qəbul etdi. Həmin dövrdə Bakı quberniyasına nəzarət edən Bakı Xalq Komissarları Soveti isə Sovet hökumətinin bu qərarına əsasən 1918-ci il iyunun 2-də Bakı neft sənayesinin milliləşdirilməsi haqqında dekret verdi. Bu dekretin ardınca iyunun 5-də Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında dekret elan edildi. Hər iki dekret sahibkarlar tərəfindən müqavimətlə qarşılandı. Bu zaman Bakıda fabrik və zavodlar dayanmış və bu, işsizlərin sayının artmasına səbəb olmuşdu. Bununla belə, Bakı Xalq Komissarları Soveti fəhlələri öz tərəfinə çəkməyə çalışırdı; bu məqsədlə fəhlələrin sığorta olunması işi yenidən quruldu.[14]

Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920)

[redaktə | mənbəni redaktə et]

1918-ci il mayın 28-də Tiflis şəhərində Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və 9 nəfərdən ibarət ilk müvəqqəti hökumət kabineti təşkil edildi. İlk hökumət kabinetində Əkinçilik və Əmək naziri vəzifəsi Hümmət Partiyasından Milli Şuraya üzv seçilmiş Əkbər ağa Şeyxülislamova həvalə olundu. Cümhuriyyətin fəaliyyəti dövründə Bakı şəhərində Əmək Birjası fəaliyyət göstərirdi. Bakı Əmək Birjası hələ 1918-ci il yanvarın 13-də Bakı Şəhər Dumasında yaradılmışdı.[12]

Həmin il dekabrın 26-da 14 nəfərdən ibarət üçüncü koalisiyon hökumət təşkil edildi. Bu hökumətdə Poçt, Teleqraf və Əmək naziri vəzifəsinə Aslan bəy Səfikürdski təyin olundu. Bu zaman hökumət proqramı ilə çıxış edən baş nazir Fətəli xan Xoyski göstərirdi ki, fəhlə və kəndlilərin tələblərini ödəmək başlıca vəzifələrdən biridir. Parlamentin 21 yanvar 1919-cu il tarixli qərarı ilə Xalq Cümhuriyyəti hökumətində əmək münasibətləri və bununla bağlı digər məsələləri tənzimləmək məqsədilə Əmək Nazirliyi təsis olundu. İcra və nəzarətedici səlahiyyət əldə edən Əmək Nazirliyi 1919-cu il yanvarın 25-də fəhlələrin əməyinin mühafizəsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xüsusi müşavirə keçirdi. Müşavirədə tərəflərin bərabər təmsil olunması şərti ilə, fəhlə və müəssisə sahibləri daxil olmaqla 19 nəfərdən ibarət xüsusi komissiya yaradılması qərara alındı.[12] Əmək Nazirliyi nəzdində məsləhət komissiyalarının yaradılması sosial-iqtisadi sahədə mübahisəli məsələlərin həll edilməsində əhəmiyyətli addım idi.[15] 1919-cu il martın 10-da parlamentin qanunu ilə Əmək Nazirliyi yanında Fəhlə Məsələləri üzrə Xüsusi Məsləhət Komissiyası yaradıldı. Qanuna görə, komissiya zəhmətkeş siniflərin əmək mühafizəsinin, əmək şəraitinin və məişətinin yaxşılaşdırılması, baş verə biləcək mübahisələrin ilkin həlli üçün təsis edilmişdi. Komissiyaya 5-i sahibkar, 5-i fəhlə olmaqla 10 nəfər səlahiyyətli nümayəndə daxil idi.

Azərbaycan parlamenti strateji əhəmiyyət kəsb edən dəmiryol işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün 1919-cu il fevralın 4-də qanun qəbul etdi. Qanuna görə yaradılmış fəhlə komissiyası dəmiryol qulluqçularını 14 kateqoriyaya bölərək maaşların yeni dərəcəsini müəyyən edirdi. 1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Cümhuriyyəti Hökumətinin 14 nazirdən ibarət dördüncü hökumət kabineti təşkil edildi və Aslan bəy Səfikürdski Ədliyyə və Əmək naziri təyin edildi. Bu zaman inflyasiya ilə əlaqədar olaraq müavinət və əmək haqlarının artırılması hökumətin sosial siyasətinin mühüm istiqamətini təşkil edirdi. Elə bu məqsədlə hökumət qulluqçuları və ibtidai məktəb müəllimlərinin əmək haqqlarının artırılması haqqında qanunlar qəbul etmişdir.

1919-cu il mayın 9-da hökumətin qərarı ilə, tətil edən Bakı fəhlələri ilə danışıqlar aparmaq üçün Əmək Nazirliyinə xüsusi tapşırıq verildi. Neft sənayesi işçiləri üçün Maliyyə Nazirliyi tərəfindən vəsait ayrıldı. Milli hökumət bütün çətinliklərə baxmayaraq fəhlələrin sosial vəziyyətini yüngülləşdirmək üçün tədbirlər görməkdə davam edirdi.[16] 1919-cu il avqustun 5-də Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsi, əmək haqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttişliyi təsis olundu. Yeni müfəttişliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi və onun nəzarət dairəsi respublikanın bütün ərazisini əhatə etdi. Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi vardı. Aprel işğalınadək fəaliyyəti dovründə müfəttişlik tərəfindən nazirliyə daxil olan 1537 şikayətdən 922-si fəhlələrin xeyrinə həll edilmiş, 145-nə rədd cavabı verilmiş, 14-ü məhkəməyə göndərilmiş, 456-sı isə həll olunmamış qalmışdır.

1919-cu il dekabrın 22-də təşkil edilmiş sonuncu, 12 nəfərdən ibarət beşinci hökumətdə Əkinçilik və Əmək Nazirliyinə Əhməd bəy Pepinov rəhbərlik etmişdir. Həmin hökumət fəhlə məsələsinə aid proqram hazırlamış və bununla bağlı məlumat yaymışdır. Proqramda uşaq və qadın əməyinin mühafizəsinin təmin edilməsi, müdiriyyətin həmkarların işinə qarışmasının yolverilməz olduğu, fəhlə təşkilatlarına hücumların dayandırılacağı, yığıncaq azadlığı və əməkhaqqının qaldırılması məsələləri nəzərdə tutulmuşdur.

Azərbaycan parlamenti bolşevik çevrilişi ərəfəsində adi iş rejiminə toplaşaraq 1920-ci il aprelin 26-sı və 27-də öz işini davam etdirmiş və gündəlikdə olan məsələləri müzakirə etmişdir. Aprelin 26-da keçirilən 144-cü iclasda orta təhsil məktəbləri yanında fəaliyyət göstərən hazırlıq sinfi müəllimlərinin məvaciblərinin artırılması müzakirəyə çıxarılmışdı. Maliyyə-büdcə komissiyası müəllimlərin maddi vəziyyətinin çətin olmasını nəzərə alıb, onların əməkhaqlarının artırılmasını təklif etmişdir.[17]

Sovet İttifaqının tərkibində

[redaktə | mənbəni redaktə et]
Bakı vağzalına daxil olan bolşevik "III İnternasional" zirehli qatarı (28 aprel 1920-ci il). AXC-nin süqutu, Azərbaycan SSR-in yaradılması ilə nəticələnən bu hadisə ilə əlaqədar Azərbaycan müstəqilliyini bərpa edənədək hər il həmin tarix "Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi" adı altında qeyri-iş günü hesab edilən bayram günü kimi qeyd edilmişdir.[18]

Aprel işğalından sonra Azərbaycan SSR hökuməti yaradıldı. Hökumətdə Əliheydər Qarayev ədliyyə və əmək komissarı təyin olundu. Əmək hüququnun sosialistcəsinə qurulması haqqında ilk dekretlərdən biri Azərbaycan SSR Xalq Əmək Komissarlığı tərəfindən 1920-ci il mayın 4-də verilmişdir. Dekretə görə fəhlə və qulluqçuların işə qəbul edilməsi müstəsna olaraq əmək birjaları vasitəsilə həyata keçirilməli idi. Azərbaycan İnqilab Komitəsinin 23 sentyabr 1920-ci il dekreti ilə ümumi əmək mükəlləfiyyəti elan edildi.[19]

Dövlət idarələrində və ya müəssisələrində işləyən vətəndaşlara və başqa şəxslərə Mərkəzi Əmək Komitəsi tərəfindən təklif edilmiş müxtəlif peşələr üzrə işlərdən imtina etmək qadağan edilirdi. Əməkdən yayınanlara qarşı çox ciddi cəzalar verilməsi nəzərdə tutulurdu. Fəhlələr üçün iş gününün müddəti 8 saat müəyyən edilmişdi. 16 yaşından 18 yaşına qədər olan yeniyetmələr, həmçinin əqli əmək və idarə kargüzarlığı ilə məşğul olanlar üçün 6 saatlıq, 16 yaşdan az olanlar üçün isə 4 saatlıq iş müddəti elan edilirdi. Əmək mühafizəsi şöbələrinin icazəsi ilə zərərli peşələrdə iş gününün müddəti 7 saat təyin olunurdu. Qanunvericiliklə gecə növbələrində iş saatı qısaldılmışdı.

SSR hakimiyyətinin qurulduğu ilk illərdə hər il 28 aprel, Qurban bayramı, Orucluq bayramı, Aşura günü, Mövlud bayramı hər biri bir gün, Novruz bayramı isə iki gün olmaqla, qeyri-iş günü hesab olunurdu. Xalq Əmək Komissarlığının 5 may 1920-ci il dekretinə görə Qızıl Ordu sıralarına səfərbər edilmiş fəhlə və qulluqçuların iş yerlərində əməkhaqları olduğu kimi saxlanılmışdı.[20] Komissarlığın 5 gün sonra qəbul etdiyi qərarda isə müəssisə sahiblərindən istehsalatda baş verən bədbəxt hadisələr barədə dərhal sosial təminat şöbələrinə məlumat vermələri tələb edilirdi. Göstərilən tələblərə əməl etməyən müəssisələrə qarşı cərimə tətbiq olunacağı bildirilirdi.

Bakıda yol təmir edən işçilər (1964). Şəklin müəllifi Virciniya Universitetinin tarix üzrə professoru və universitetin Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları Mərkəzinin qurucusu, Soyuq müharibə dövründə SSRİ-yə səyahət etmiş Tomas Teylor Hemmonddur.

Xalq Əmək Komissarlığının "Qadın əməyi barədə" 13 dekabr 1920-ci il qərarına görə qadın əməyindən ağır işlərdə, gecə növbələrində, yeraltı işlərdə, bir sıra təhlükəli və insan orqanizminə zərərli işlərdə istifadə olunması qadağan edilirdi. Hamilə qadınlara və südəmər körpəsi olan analara isə bir sıra güzəştlər müəyyən olunmuşdu. Belə ki, hamilə qadınlara doğuşdan əvvəl 8 həftə və sonra 8 həftə məzuniyyət təyin edilirdi. Südəmər körpəsi olan qadınlara isə hər 3 saatdan bir yarım saat fasilə verilirdi. 14 yaşına qədər olan uşaqların işə qəbulu qadağan edilirdi. 14–16 yaşında olan uşaqlar isə müstəsna hallarda, 4 saat işləməklə, lakin tam iş gününün haqqının ödənilməsi şərtilə işə qəbul edilirdilər.[21]

1922-ci il noyabrın 25-dən RSFSR-in Əmək Qanunları Məcəlləsi qüvvəyə mindi. 1923-cü il yanvarın 1-dən həmin sənəd Azərbaycanda hüquqi qüvvəyə malik oldu. Respublika ərazisində 14 bayram günü təyin edildi. Onlardan 6 gün RSFSR-in Əmək Qanunları Məcəlləsinə, digərləri respublika inqilab hadisələrinə uyğun olaraq (bir gün 26 Bakı komissarı, bir gün Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi, qalan günlər isə milli-dini adətlərlə əlaqədar) müəyyən edilirdi.

Azərbaycan SSR-in 1937-ci il Konstitusiyasının XI fəslində vətəndaşların əmək, istirahət, qocaldıqda və xəstələndikdə maddi təminat hüququ, əmək intizamına riayət etmək vəzifəsi və s. hüquqları müəyyən olunmuşdu. Konstitusiya vətəndaşların işləmək vəzifəsini icra etməyi tələb edirdi.

İkinci Dünya müharibəsi zamanı əmək hüququnda müharibə əlillərinə dövlət qayğısı daha da artmışdı. Tam pensiya ilə təmin olunan əlillər xəstələndikdə iş stajlarından asılı olmayaraq xəstəlik kağızı (bülleten) üzrə də əməkhaqqını tam həcmdə alırdılar. Müharibə əlilləri birinci növbədə işə qəbul edilir, müxtəlif kurslara göndərilirdilər.[22]

1971-ci il dekabrın 10-da Azərbaycan SSR-in yeni Əmək Qanunları Məcəlləsi qəbul edilir və 1972-ci il iyulun 1-dən qüvvəyə minir. Bu sənədə görə əmək müqavilələri şifahi və ya yazılı bağlana bilərdi. Qanunvericilikdə ilk dəfə olaraq fəhlə və qulluqçulara sanatoriya və istirahət evlərinə göndərilmək, mənzil şəraitini yaxşılaşdırmaq kimi imtiyaz və güzəştlər verilirdi.[23]

Müstəqil Azərbaycan Respublikası

[redaktə | mənbəni redaktə et]
ƏƏSMN-in inzibati binası

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Prezident Əbülfəz Elçibəyin "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında" 10 dekabr 1992-ci il tarixli Fərmanı ilə Sosial Təminat Nazirliyi ilə Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, onların bazasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradıldı.[24] Sonralar əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək məqsədilə Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti də yaradılmışdır.

12 noyabr 1995-ci ildə referendumla qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində əməyin azadlığı bəyan edildi.[25] Buna əsasən, hər kəs öz seçimi üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malik idi.[26] Konstitusiyaya görə məcburi əməyə yalnız aşağıdakı hallarda yol verilir: məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək.

Müstəqilliyini bərpa etdikdən sonra bazar iqtisadiyyatına keçid dövrünü yaşayan Azərbaycanda digər tərəfdən də Qarabağ müharibəsinin təsiri ilə sosial-iqtisadi böhran yaşanırdı. Belə vəziyyətdə minimum əməkhaqqı aylıq 1.30 ABŞ dolları təşkil edirdi. Bu məbləğ isə işçinin və ailəsinin layiqli həyat tərzini təmin edəcək səviyyədə deyildi. Mütəxəssislər tərəfindən tövsiyə olunan minimum əməkhaqqı təxminən 72 ABŞ dolları idi. Bununla belə əksər işçilər minimum əməkhaqqından daha yüksək maaş aldıqlarına görə onun səviyyəsi mübahisə doğurmamışdı.[27] ABŞ Dövlət Departamentinin 1996-cı il hesabatına görə işsizlərlə yanaşı işçilərin əksəriyyəti də qeyri-rəsmi mənbələrdən qazanc əldə etməyə çalışır, bu məqsədlə ikinci işlə də məşğul olur, şəxsi maşınlarından taksi kimi istifadə edir, əkib-becərdikləri məhsulları satır və ya yol qırağında kiçik mağazalar işlədirdilər.[27]

1999-cu il fevralın 1-də Azərbaycan Respublikasının Əmək Məcəlləsi təsdiq edildi. 13 bölmədən, 48 fəsil və 317 maddədən ibarət Əmək Məcəlləsi 1999-cu il iyulun 1-də qüvvəyə mindi. Məcəllə əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normaları təsbit edir.[28]

Əmək hüququnun mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan Respublikasının Konstitusiyası tutur. Konstitusiyanın 35-ci maddəsində deyilir: "Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır".[25] Bundan başqa, əmək hüquq münasibətləri ilə bağlı Konstitusiyada hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ (36-cı maddə), istirahət hüququ (37-ci maddə), sosial təminat hüququ (38-ci maddə), sağlamlığın qorunması hüququ (41-ci maddə), birləşmək hüququ (58-ci maddə) və s. hüquqları da təsbit edilmişdir.

Konstitusiyanın 148-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Onların arasında Beynəlxalq Əmək Təşkilatının Konvensiya və tövsiyələrinə böyük əhəmiyyət verilir. Azərbaycan təşkilatın 58 konvensiyasını və 1 protokolunu ratifikasiya etmişdir[29] və konvensiyanın əksər müddəaları Azərbaycan Respublikasının qanunvericilik və hüquqtətbiqedici fəaliyyətində nəzərə alınır.[30] Konstitusiya ilə yanaşı, Əmək Məcəlləsinin "Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar" adlanan 1-ci maddəsində də Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminin həm də əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarət olduğu qeyd olunur. Lakin bəzi müəlliflərə görə maddənin belə adlandırılması qüsurludur. Belə ki, beynəlxalq müqaviləni normativ hüquqi akt adlandırmaq düzgün deyil.[31]

Əmək hüququnun mənbələri içərisində Azərbaycan Respublikasının Əmək Məcəlləsi xüsusi yer tutur. Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Bu Məcəllə aşağıdakı şəxslərə şamil edilmir:[28]

Azərbaycanda bəzi qanunlar əmək hüququnun xüsusi hissəsinin ayrı-ayrı institutlarına aiddir; məsələn, "Məşğulluq haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunları buna misaldır.

Əmək hüququnun qanunqüvvəli aktları içərisində Azərbaycan Respublikası Prezidentinin fərmanları aparıcı rola malikdir.[32] Buna misal olaraq "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanını göstərmək olar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmək münasibətləri sahəsində qəbul etdiyi qərar və sərəncamlar da əmək hüququnun mənbəyini təşkil edir. Buna misal olaraq "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının təsdiq edilməsi barədə", "İşsizlik müavinətinin hesablanması və ödənilməsi qaydalarının təsdiq edilməsi", "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında" qərarları göstərmək olar.

ƏƏSMN-in qəbul etmiş olduğu normativ aktlar əmək hüququnun mənbələri içərisində öz çəkisinə görə üstünlük təşkil edir.[33] ƏƏSMN onun səlahiyyətinə aid olan məsələlər üzrə qərarlar qəbul edir və qüvvədə olan əmək qanunvericiliyinin tətbiqi haqqında müvafiq izahatlar verir. Məsələn, "Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə" İzahatı, "AR Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 №-li qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləğinin" müvafiq bəndlərinin tətbiqinə dair" İzahatı buna misaldır.

Ədəbiyyatlarda əmək hüququ subyektlərinin iki səviyyəsi fərqləndirilir: əsas subyektlər (əmək münasibətinin tərəfləri kimi işçilərişəgötürənlər) və köməkçi, yaxud törəmə subyektlər, yəni əmək münasibətləri ilə bilavasitə bağlı olan digər münasibətlərin iştirakçıları (həmkarlar ittifaqı təşkilatı və s.).[34]

Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, işçi dedikdə işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs başa düşülür. 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

2021-ci ilin statistik məlumatlarına əsasən Azərbaycanda məşğul əhalinin 77,6%-i qeyri-dövlət sektorunda çalışır.[35]

Beynəlxalq Əmək Təşkilatının Konvensiyaların və Tövsiyələrin Tətbiqi üzrə Ekspertlər Komitəsi Azərbaycanda işə qəbul üçün minimum yaş həddinin 15-dən 16-ya qaldırılmamasını mütəmadi olaraq narahatlıqla qeyd etmişdir. 1973-cü il tarixli İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında Konvensiyanı hələ 1992-ci ildə ratifikasiya edən Azərbaycan hökuməti bunu belə izah edir ki, minimum yaş həddinin 15-dən 16-ya qaldırılması icbari təhsili başa vurmuş 15 yaşına çatmış uşaqların işləmək imkanlarını məhdudlaşdıra bilər. Komitə isə Konvensiyanın minimum yaş həddinin artırılmasına icazə verdiyini və təşviq etdiyini, lakin müəyyən edilmiş minimum yaş həddinin azaldılmasına icazə vermədiyini xatırladaraq, hökuməti gecikdirilmədən lazımi tədbirlər görməyə çağırmışdır.[36]

Əmək müqaviləsi üzrə işçinin bir sıra əsas hüquqları var: əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək; iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əməkhaqqını almaq və ya onun verilməsini tələb etmək; müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq; hər il qanunvericilikdə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək; əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək və s.

Əmək müqaviləsi üzrə işçinin həm də bir sıra vəzifələri vardır: əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və s.

İşəgötürən

[redaktə | mənbəni redaktə et]

Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, işəgötürən dedikdə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs başa düşülür.

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; qanunvericiliyin tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; əmək müqaviləsi bağlayarkən sınaq müddətini müəyyən etmək və s.

İşəgötürənin əsas vəzifələri isə bunlardır: işçilərin ərizəşikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyinseksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək; əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək və s.

Həmkarlar ittifaqı təşkilatları

[redaktə | mənbəni redaktə et]
Ətraflı bax: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

İşçi və işəgötürəndən fərqli olaraq həmkarlar ittifaqı təşkilatları əmək münasibətinin tərəfi deyildir. Lakin buna baxmayaraq, əmək münasibətlərinin tənzimlənməsində onların təsiri və rolu kifayət qədər böyükdür.[37]

Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əmək münasibətlərində həmkarlar ittifaqlarına mənsubiyyətinə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 19-cu maddəyə əsasən isə işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. Azərbaycanda hərbi xidmətdə olan şəxslərə isə həmkarlar ittifaqlarında birləşməyə icazə verilmir.[38] İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir.

Minimum hüquqlar və təminatlar

[redaktə | mənbəni redaktə et]
Azərbaycanda həkimlərə həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir.

Gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Bir qayda olaraq, 2 istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Nazirlər Kabineti həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.[28]

İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Gecə vaxtı görülən işlərə hamilə və 3 yaşınadək uşağı olan qadınların, yaşı 18-dən az olan işçilərin cəlb edilməsinə yol verilmir.

Azərbaycanda işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Minimum əməkhaqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz. Əməkhaqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əməkhaqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əməkhaqqının məbləğinə daxil edilmir.[28] Minimum əməkhaqqının məbləği prezident tərəfindən müəyyən edilir.[39] Bu məbləğ 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdi.[40] Bununla da 2022-ci ilədək son üç ildə minimum aylıq əmək haqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb.[41]

Teatrların artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilir.

İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; sosial məzuniyyət; təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; və ödənişsiz məzuniyyət.

Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Aşağıdakı işçilərə isə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:[28] kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə; məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə; xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə; təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə; elmi dərəcəsi olmayan elmi işçilərə; və həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

İstirahət vaxtı

[redaktə | mənbəni redaktə et]
08 dekabr 2006-cı il tarixli qanunla hər il Azərbaycanda Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayı artırılaraq 5 gün müəyyən edildi. Şəkildə isə İlham Əliyev işğaldan azad edilmiş Şuşanın Cıdır düzündə ilk dəfə ailə üzvləri ilə Novruz bayramını qeyd edir. 20 mart 2021-ci il

İş günü ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər.

Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır.

İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.[28] İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Gender bərabərliyi

[redaktə | mənbəni redaktə et]

Dünya İqtisadi Forumunun 2021-ci il üzrə Qlobal Gender Boşluğu (Fərqi) İndeksi reytinqində Azərbaycan əvvəlki illə müqayisədə xal artımına nail olsa da, 6 pillə geriləyərək 156 ölkə arasında 100-cü yerdə qərarlaşmışdır. Lakin digər tərəfdən elə həmin reytinqin "iqtisadi həyatda iştirak və imkanlar" bölümündə Azərbaycanın 36-cı yerdə qərarlaşması ölkədə qadınların bu tendensiyadan müsbət mənada bəhrələnməsinə səbəb olur.[42]

Kişi ilə qadının eyni hüquq və azadlıqları olduğunu bəyan edən Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələrək,[25] Əmək Məcəlləsinin 16.1-ci maddəsində bir qayda olaraq müəyyən edilir ki, əmək münasibətlərində cinsinə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.[28]

Azərbaycanın əmək qanunvericiliyində qadınlara münasibətdə həm də differensiasiya müəyyən olunub. Buna əsasən, qadınların cinsi nəzərə alınmaqla, işə qəbul, iş vaxtı və istirahət vaxtının tənzimlənməsi və digər sahələrdə onlara müxtəlif güzəştlər, imtiyazlar və əlavə təminatlar verilir ki,[43] bu da ayrı-seçkilik hesab olunmur.[28] Əmək Məcəlləsinin "Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları" adlanan 37-ci fəsli məhz bu məsələlərə həsr edilmişdir.

Hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilmir; işəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina edə bilməz; bu kateqoriya qadınların gecə vaxtı görülən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır; həmçinin onların əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunma əsasları məhduddur. Əlavə olaraq, hamilə qadınların aşağıdakı imtiyazları var:

Lənkəranda çay plantasiyasında işləyən qadınlar (2017).
Rəsmi statistikaya əsasən, 2021-ci ildə Azərbaycanda kənd təsərrüfatında 683,8 min nəfər qadının çalışdığı qeydə alınıb.[35]
  • onların attestasiyası keçirilmir;
  • praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olanların sertifikasiyası keçirilmir;
  • dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması keçirilmir;
  • tibbi rəy bu qadınların əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, işəgötürən onlar üçün natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir;
  • hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Qadın kənd təsərrüfatı istehsalında çalışırsa, bu zaman daha uzun müddət təyin olunur;
  • əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra işin birinci ili üçün əsas əmək məzuniyyətindən istifadə edə bilərlər;
  • qanunla nəzərdə tutulmuş hallarda başqa yüngül işə keçirilərkən onların əməkhaqqının azaldılması qadağandır.[28]

2021-ci ildə ölkədə iqtisadi fəaliyyət növləri üzrə səhiyyə və sosial xidmətlər sahəsində çalışan işçilərin ümumi sayının 78,3%-ni, təhsil sahəsində 72,7%-ni, istirahət, əyləncə və incəsənət sahəsində isə 61,2%-ni qadınlar təşkil edirdi.[35] Bu da bəzi peşə sahələrində gender uçurumunun olduğunu göstərir. Asiya İnkişaf Bankının 2019-cu il hesabatına görə Azərbaycanda qadınlar əmək bazarında kişilərin qazancının cəmi 50,6%-ni qazanırlar.[44]

Qadınların iqtisadi sahədə inkişafının təşviqi mövcud peşə seçimləri haqqında qadınların təsəvvürlərinin genişləndirilməsini, analıq məzuniyyəti ilə bağlı müddəaların təkmilləşdirilməsini və qadınların qeyri-ənənəvi və ya mərhələli şəkildə yüksək səviyyəli karyera yolunu asanlaşdırmaq məqsədilə daha yaxşı -ailə balansı üçün tədbirlərin görülməsini tələb edir.[44] Belə ki, İsveçrə Əməkdaşlıq Ofisinin və BMT-nin İnkişaf proqramının 2018-ci il məlumatına görə, qadınlar öz vaxtlarının və enerjilərinin böyük bir hissəsini məişət işləri üçün sərf edirlər və hətta qadın gəlir gətirən fəaliyyətlərlə məşğul olarsa belə, bu, dəyişmir. Bununla belə, qeyd etmək vacibdir ki, bəzi ümumi bəyanatlara baxmayaraq, adıçəkilən qurumların araşdırmasında iştirak edən respondentlərin əksəriyyəti (həm kişilər, həm də qadınlar) praktikada gender rollarının belə sərt bölgüsünü dəstəkləmirlər. Beləliklə, ölkədə qadınları özəl sektordakı yüksək maaşlı vəzifələrdən uzaqlaşdıran və onları qeyri-rəsmi və qeyri-sabit işlərlə məşğul olmağa sövq edən maneələr sırasında haqqı ödənilməyən məişət işləri ilə yüklənmək, özünüinkişaf keçmişinin (xüsusən də təhsilin) zəif olması, "qadın işi" adı altında formalaşmış gender stereotipləri, yaşa və xarici görünüşə əsaslanan diskriminasiya və seksual qısnamaya məruz qalmaq qorxusu göstərilir.[45]

Beynəlxalq əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Azərbaycan 1992-ci il mayın 19-dan Beynəlxalq Əmək Təşkilatının üzvüdür.[30] 2022-ci ilədək ölkə təşkilatın 10 fundamental konvensiyasından 8-ni, 4 prioritet konvensiyasının hər birini və 176 texniki konvensiyasından 46-nı ratifikasiya etmişdir.[29]

ƏƏSMN Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, BMT-nin İnkişaf proqramı, Dünya Bankı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Əhali Fondu, BMT-nin Uşaq Fondu, ATƏT, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa İttifaqının TACIS Proqramı, EuropeAid və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.[46] Bu əməkdaşlıq əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və s. sahələrdə birgə layihələrin həyata keçirilməsi ilə müşahidə olunur.

2013-cü ilin aprelində Bakıda İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin ikinci konfransı keçirilərkən İlham Əliyev İƏT-in Əmək Mərkəzinin yaradılması barədə təşəbbüslə çıxış etmişdir.[47] Baş qərargahı Bakıda yerləşməsi nəzərdə tutulan beynəlxalq statuslu Əmək Mərkəzinin təsis edilməsi üçün onun Nizamnaməsinin 10 ölkə tərəfindən imzalanması tələb olunur.[48]

Azərbaycan 1992-ci ildən üzvü olduğu Beynəlxalq Əmək Təşkilatının 58 konvensiyasını və 1 protokolunu ratifikasiya etmişdir.[29]

2014-cü ildə ƏƏSMN BƏT ilə birgə ölkədə "Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək" pilot layihəsini icra etmişdir. Həmin layihə əsasında məşğulluq mərkəzlərində ilk dəfə iş axtaran kimi qeydiyyatda olan 15 nəfər ali təhsilli gənclə işəgötürənlər arasında həmin gənclərin ilk 6 ay ərzində əməkhaqlarının yarısının subsidiya şəklində BƏT-in maliyyə dəstəyi ilə ödənilməsi şərti ilə əmək müqavilələri imzalanıb.[49]

Azərbaycan 2017-ci ildə Beynəlxalq Əmək Konfransının Cenevrədə keçirilən 106-cı sessiyasında Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzv seçilib. Bununla da ölkə BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanıb.[50]

2018-ci ilin may ayında Bakıda "Dayanıqlı inkişaf məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.[51] BƏT-in Baş direktoru Qay Rayder[ing.] də konfransda iştirak etmişdir. Bu isə Azərbaycanın BƏT-ə üzv olduqdan sonrakı dövrdə təşkilatın baş direktorunun Azərbaycana ilk səfəri kimi tarixə keçmişdir.[52]

2019-cu ildə Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsinin icrasına dair müvafiq istiqamətlər üzrə ƏƏSMN ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında Əməkdaşlıq Sazişləri və Anlaşma Memorandumları, ƏƏSMN ilə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında Anlaşma Memorandumu və nazirliklə BMT-nin Əhali Fondu arasında Niyyət Protokolu imzalanıb.[46]

2022-ci ilədək ƏƏSMN-in səlahiyyət dairəsi çərçivəsində xarici ölkələrin aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla 50-yə yaxın Hökumətlərarası və Nazirliklərarası Saziş, Protokol, Memorandum və Proqram imzalanmışdır.[46]

Tənqidi yanaşmalar

[redaktə | mənbəni redaktə et]

Əmək Məcəlləsində işəgötürənə verilən anlayış hüquqşünaslar tərəfindən birmənalı qarşılanmır. Belə ki, hüquqtətbiqetmədə, o cümlədən hüquq ədəbiyyatlarında qəbul olunmuş yanaşmaya görə işəgötürən qismində həm hüquqi şəxs, həm də fiziki şəxslər çıxış edə bilər.[53] Lakin Məcəllənin 3-cü maddəsində qeyd olunan tərif o mənaya gəlir ki, bir hüquqi şəxsdə (məsələn, bir məhdud məsuliyyətli cəmiyyətdə) çalışan şəxsin işəgötürəni, yəni işçi ilə əmək müqaviləsi bağlayan şəxs, ya təsisçi (təsisçilər), ya onun (onların) təyin etdiyi direktor, ya da müəssisənin orqanıdır (məsələn, direktorlar şurası). Bu yanaşma hüquqi şəxs anlayışının xarakterinə kökündən ziddir.[54] Digər tərəfdən, Mülki Məcəllənin 52.2-ci maddəsinə görə, "bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdeh deyildir".[55] Əmək müqaviləsi hüquqi şəxs tərəfindən hazırlanır; məhz hüquqi şəxs işçini işə qəbul edir və əmək müqaviləsinə xitam verir; əməkhaqqı hüquqi şəxs tərəfindən ödənilir; əmək şəraitini hüquqi şəxs müəyyən edir. Bütün bunları nəzərə aldıqda məlum olur ki, işəgötürən hüquqi şəxsin özüdür və işçi ilə əmək müqaviləsinə imza atan və digər əmək münasibətləri ilə bağlı qərar verən şəxs, hüquqi şəxsin adından onu təmsil edən rəhbəridir.[54]

Əmək Məcəlləsinin 13-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar. Həmçinin, əmək münasibətləri sahəsində Azərbaycan vətəndaşlarına nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir. Bununla belə ABŞ Dövlət Departamentinin 2007-ci il hesabatına görə yerli insan hüquqları qruplarının, o cümlədən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının iddialarına əsasən əcnəbilər və vətəndaşların əmək şəraiti arasında bərabərsizliklər mövcuddur; xüsusən də xarici investisiyalı neft şirkətlərində yerli işçilər əcnəbilərlə müqayisədə daha aşağı əməkhaqqı alırlar.[56]

AİHM 7 oktyabr 2021-ci il tarixli qərarında Zoletic və başqaları Azərbaycana qarşı işi üzrə Azərbaycanın miqrant işçilərin məcburi əməkinsan alveri iddiaları ilə bağlı effektiv araşdırma qurmadığını və aparmadığını müəyyən etmişdir.[57]

Avropa Sosial Hüquqlar Komitəsi 2008-ci ildə Azərbaycanda müəyyən edilmiş minimum əməkhaqqının aşkar ədalətsiz olduğu qənaətinə gəlmiş və bu səbəbdən də Azərbaycandakı situasiyanın Avropa Sosial Xartiyasının 4(1)-ci maddəsinə uyğun olmadığını bildirmişdir.[58] Komitə, həmçinin tətil hüququ ilə bağlı iradını da qeyd etmişdi. Belə ki, milli qanunvericiliyə görə, insanların sağlamlığı və təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən bəzi xidmət sahələrində (xəstəxana bölməsi, elektrik enerjisi təchizatı, su təchizatı, telefon rabitəsi, hava və dəmiryol nəqliyyatını idarəetmə xidməti, yanğından mühafizə xidməti) tətillərin keçirilməsi qadağan edilir. Bu sahələrdə yaranmış kollektiv əmək mübahisəsini tərəflər barışdırıcı üsullarla həll edə bilmədikdə məcburi arbitraj tətbiq edilir.[28] Xartiyanın 6(4)-cü maddəsinə görə tətil hüququna legitim məqsədə xidmət edən, demokratik cəmiyyətdə digərlərinin hüquq və azadlıqlarının və ya dövlət mənafeyinin, milli təhlükəsizliyin, ictimai sağlamlığın və mənəviyyatın qorunması üçün zəruri olan və qanunla müəyyən edilmiş məhdudiyyətlər qoyula bilər.[59] Komitə qeyd edirdi ki, Azərbaycanda ictimaiyyət üçün əhəmiyyət kəsb edən sahələrdə tətilə qadağa qoyulmasının legitim məqsədə xidmət etdiyini hesab etmək olar. Lakin hətta əhəmiyyətli sahələrdə belə (üstəlik bu sahələrin siyahısının geniş olması nəzərə alındıqda) sadəcə qadağa müəyyən edilməsi hər sahənin spesifik tələblərinə proporsional deyil. Bu sahələrdə minimum xidmət tələbi müəyyən edilməklə tətillərə məhdudiyyət qoyulsa idi, Xartiyanın müddəalarına uyğun olduğunu hesab etmək olardı.[60]

Azərbaycanda qanunvericiliyin yanlış tətbiqi nəticəsində formalaşan digər bir praktika şirkətlə onun direktoru arasında əmək müqaviləsinin bağlanmasıdır. Bəzi hüquqşünasların fikrincə, direktorla şirkət arasındakı bu münasibətlər hüquqi baxımdan əmək müqaviləsi ilə deyil, tapşırıq müqaviləsi ilə tənzimlənməlidir. Belə ki, şirkətlə direktor arasındakı əmək müqaviləsinə imza atan şəxslər bir tərəfdən Mülki Məcəlləyə görə şirkətin qanuni təmsilçisi sayılan direktor, digər tərəfdən isə Əmək Məcəlləsinə əsasən işçi sayılan direktordur. Yəni əmək müqaviləsinə hər iki tərəfdən eyni şəxs imza atmış olur. Bu praktika Mülki Məcəllənin 359.3-cü maddəsinə ziddir. Həmin maddəyə əsasən, "təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz".[55] Bu, o mənaya gəlir ki, direktor şirkətin qanuni təmsiçisi olduğundan özü ilə hər hansı bir müqavilə, o cümlədən əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik deyil. Həmçinin, Mülki Məcəllənin digər maddələrinin təhlilindən də belə nəticəyə gəlmək olar ki, şirkət ilə direktor arasındakı müqaviləni şirkət adından ya ümumi yığıncağa sədrlik edən şəxs, ya da ümumi yığıncağın müvəkkil etdiyi şəxs imza atmalıdır. Odur ki, direktorla şirkət arasında münasibətlər əmək münasibəti deyil və onlar arasında əmək müqaviləsinin bağlanılması hüquqi cəhətdən yolverilməzdir.[61]

  1. Hüquqi aktların vahid elektron bazası. "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az (az.). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. 10 dekabr 2018. 18 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2022.
  2. Hüquqi aktların vahid elektron bazası. ""DOST" mərkəzlərinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı". e-qanun.az (az.). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. 22 may 2019. 21 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2022.
  3. Qasımov, 2007. səh. 14
  4. Hüquqi aktların vahid elektron bazası. "Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə". e-qanun.az (az.). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. 16 fevral 2011. 08 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2022.
  5. Əkbərov, Səlimov, 2003. səh. 218
  6. Əkbərov, Səlimov, 2003. səh. 255
  7. Əkbərov, Səlimov, 2003. səh. 219
  8. Əkbərov, Səlimov, 2003. səh. 259
  9. Əkbərov, Səlimov, 2003. səh. 256
  10. Əkbərov, Səlimov, 2003. səh. 257
  11. Əkbərov, Səlimov, 2003. səh. 260
  12. 1 2 3 4 5 6 "ƏƏSMN — Tarixi" (az.). 30 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2022.
  13. Əkbərov, Səlimov, 2003. səh. 275
  14. Əkbərov, Səlimov, 2003. səh. 287-288
  15. Əkbərov, Səlimov, 2003. səh. 326
  16. Əkbərov, Səlimov, 2003. səh. 328
  17. Əkbərov, Rahib. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət və hüquq tarixi (PDF) (az.). Bakı. 2018. səh. 195. 14 fevral 2019 tarixində arxivləşdirilib (PDF).
  18. Azadi, Sevinc. "Qanla yazılan 28 aprel" (az.). İki sahil. 28 aprel 2021. 28 yanvar 2022 tarixində arxivləşdirilib.
  19. Əkbərov, Səlimov, 2003. səh. 398
  20. Əkbərov, Səlimov, 2003. səh. 399
  21. Əkbərov, Səlimov, 2003. səh. 400-401
  22. Əkbərov, Səlimov, 2003. səh. 442
  23. Əkbərov, Səlimov, 2003. səh. 482
  24. Hüquqi aktların vahid elektron bazası. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az (az.). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. 1 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2022.
  25. 1 2 3 Hüquqi aktların vahid elektron bazası. "Azərbaycan Respublikasının Konstitusiyası". e-qanun.az (az.). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. 28 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2022.
  26. Qasımov, 2007. səh. 12
  27. 1 2 Azerbaijan // Country Reports on Human Rights Practices: Report Submitted to the Committee on Foreign Relations U.S. Senate and Commitee on International Relations (ingilis). Washington: U.S. Government Printing Office. 1997. səh. 849. ISBN 0-16-054190-5. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-07.
  28. 1 2 3 4 5 6 7 8 9 10 Hüquqi aktların vahid elektron bazası. "Azərbaycan Respublikası Əmək Məcəlləsi". e-qanun.az (az.). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. 29 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2022.
  29. 1 2 3 ILO. "Ratifications for Azerbaijan". ilo.org (ingilis). 23 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2022.
  30. 1 2 Qasımov, 2007. səh. 43
  31. Məhərrəmov, Oktay. "Beynəlxalq hüquq normalarının implementasiyasına dair milli qanunvericiliyin inkişaf tarixinin bəzi məsələləri" (PDF). Azərbaycan vəkili (IV). 2014: 22. Archived from the original on 2018-11-23.
  32. Qasımov, 2007. səh. 45
  33. Qasımov, 2007. səh. 46
  34. Qasımov, 2007. səh. 84
  35. 1 2 3 "Əmək Bazarı" — Statistik məcmuə (az.). Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2022. səh. 25, 31.
  36. ILO CEACR. "Observation (CEACR) - adopted 2021, published 110th ILC session (2022)". ilo.org (ingilis). 2021. 10 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2022.
  37. Qasımov, 2007. səh. 97
  38. Hüquqi aktların vahid elektron bazası. ""Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu". e-qanun.az (az.). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. 24 fevral 1994. 23 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2022.
  39. ""Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" (az.). 15 aprel 1999. 02 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2022.
  40. ""Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). 17 dekabr 2021. 07 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2022.
  41. Fərhadoğlu, Tapdıq. "Azərbaycanda minimum əmək haqqı və aylıq maaşlar artırılıb, ekspert rəyi" (az.). Amerikanın Səsi. 17 dekabr 2021. 17 yanvar 2022 tarixində arxivləşdirilib.
  42. Global Gender Gap Report 2021 (PDF) (ingilis). World Economic Forum. 2021. səh. 10, 18. ISBN 978-2-940631-07-0. 31 oktyabr 2022 tarixində arxivləşdirilib (PDF).
  43. Qasımov, 2007. səh. 50
  44. 1 2 Azerbaijan: Country Gender Assessment (PDF) (ingilis). Philippines: Asian Development Bank. 2019. ISBN 978-92-9261-919-0. 1 aprel 2022 tarixində arxivləşdirilib (PDF).
  45. Vazirova, Aysel. Women in the private sector in Azerbaijan: oppurtunities and challenges // Gender Assessment Report, 2018 (PDF) (ingilis). 2018. səh. 26. 10 noyabr 2022 tarixində arxivləşdirilib (PDF).
  46. 1 2 3 "Beynəlxalq təşkilatlarla əlaqələr" (az.). ƏƏSMN. 5 iyul 2022 tarixində arxivləşdirilib.
  47. "İƏT Əmək Mərkəzi yaradılır - Qərargahı Bakıda olacaq" (az.). qafqazinfo.az. 26 oktyabr 2016. 9 noyabr 2022 tarixində arxivləşdirilib.
  48. OIC. "The Statute of the Labour Centre of the Organisation of Islamic Cooperation" (PDF). oic-oci.org (ingilis). 2015. 13 may 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 noyabr 2022.
  49. "İlk dəfə işaxtaran ali təhsilli gənclərə dəstək" (az.). xalqcebhesi.az. 18 iyul 2014. 9 noyabr 2022 tarixində arxivləşdirilib. (#first_missing_last)
  50. "Azərbaycan ilk dəfə BƏT-in rəhbər orqanına üzv seçilib" (az.). news.milli.az. 13 iyun 2017. 9 noyabr 2022 tarixində arxivləşdirilib.
  51. Kamal, Mustafa. "Əmək qanunvericiliyi mütərəqqi beynəlxalq normalar əsasında formalaşdırılır" (az.). Respublika qəzeti. 26 iyun 2021. 17 fevral 2022 tarixində arxivləşdirilib.
  52. "Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub" (az.). 22 may 2018. 22 may 2018 tarixində arxivləşdirilib.
  53. Qasımov, 2007. səh. 92
  54. 1 2 İsmayılov, Araz. "Əmək Məcəlləsində "işəgötürən" anlayışının izahı — doğrudurmu?" (az.). fed.az. 19 aprel 2022. 9 noyabr 2022 tarixində arxivləşdirilib.
  55. 1 2 Hüquqi aktların vahid elektron bazası. "Azərbaycan Respublikasının Mülki Məcəlləsi". e-qanun.az (az.). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. 1999. 22 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2022.
  56. Azerbaijan // Country Reports on Human Rights Practices for 2007 (ingilis). Washington: U.S. Government Printing Office. 2008. səh. 1138. 07 November 2022 tarixində arxivləşdirilib.
  57. ECHR. "Zoletic and Others v. Azerbaijan — 20116/12". hudoc.echr.coe.int (ingilis). 2021. İstifadə tarixi: 9 noyabr 2022.
  58. European Committee of Social Rights, 2011. səh. 111
  59. "Dəyişdirilmiş Avropa Sosial Xartiyası" (az.). 06 yanvar 2004. 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2022.
  60. European Committee of Social Rights, 2011. səh. 125
  61. İsmayılov, Araz. "Direktor ilə şirkət arasında münasibətlər əmək münasibətidirmi?" (az.). azvision.az. 10 may 2022. 9 noyabr 2022 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]