Dursədəf Muxtar qızı Kərimova (23 avqust 1985; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub.
Dursədəf Kərimova | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Dursədəf Muxtar qızı Kərimova |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
İdman növü | Cüdo |
Məşqçisi | Ramin İbrahimov |
Dursədəf Kərimova 1985-ci il avqustun 23-də Bakı şəhərində anadan olub. Anası Zülfiyyə Kərimova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dosenti, bacısı Xanım Hüseynova isə cüdoçudur.
2019-cu ildə Dursədəf Kərimova Genuya şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirində də Dursədəf Kərimova qızıl medala sahib oldu.
Dursədəf Kərimova 2021-ci il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.[1]
Dursədəf Kərimovanın XVI Yay Paralimpiya Oyunlarının 1/4 final mərhələsi çərçivəsində rəqibi Ukrayna nümayəndəsi Anastasiya Qarni oldu. Həmin görüşdə Dursədəf Kərimova rəqibinə ipponla qalib gəldi və yarım-final mərhələsinə adladı. Bu mərhələdə Dursədəf Kərimova Braziliya nümayəndəsi Me Emmeriç ilə üz-üzə gəldi. Həmin görüşdə də Dursədəf Kərimova ipponla qələbə qazandı və Paralimpiadanın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Qazaxıstan təmsilçisi Zarina Batbatina oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Dursədəf Kərimova bu səfər də rəqibinə ipponla qalib gəldi və XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu.[2][3]
Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən, XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Dursədəf Muxtar qızı Kərimova 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[4]
Paralimpiadadan sonra Dursədəf Kərimova 2022-ci ildə Kalyari şəhərində (İtaliya) baş tutan Avropa Çempionatında mübarizə apardı və turniri bürünc medalla başa vurdu.