Afaq Sultanova

Afaq Vaqif qızı Sultanova (20 fevral 1987; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən cüdoçu. 2012-ci ildə XIV Yay Paralimpiya Oyunlarının qalibi olub.

Afaq Sultanova
Afaq Sultanova 2012-ci il Yay Paralimpiya Oyunlarında
Afaq Sultanova 2012-ci il Yay Paralimpiya Oyunlarında
Şəxsi məlumatlar
Tam adı Afaq Vaqif qızı Sultanova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (37 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
İdman növü Cüdo

Afaq Sultanova 1987-ci il fevralın 20-də Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olub. Şəxsi məşqçisi Ağanağı Cəfərovdur.

Afaq Sultanova 2010-cu ildə Antalya şəhərində (Türkiyə) baş tutan Dünya Çempionatının qızıl medalına sahib oldu.

Afaq Sultanova 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Fransa nümayəndəsi Marion Koaduya ipponla qalib gələn Afaq Sultanova, 1/2 final mərhələsində Türkiyə nümayəndəsi Duyğu Çeteni gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə məğlub elədi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Braziliya nümayəndəsi Lusia da Silva Teixeira oldu. Həmin görüşdə rəqibinə ipponla qalib gələn Afaq Sultanova, XIV Yay Paralimpiya Oyunlarının qalibi oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Afaq Vaqif qızı Sultanova "Şöhrət" ordeni ilə təltif edildi.[1]

London Paralimpiadasından sonra Afaq Sultanova 2015-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatında mübarizə apardı və turniri bürünc medalla başa vurdu.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Afaq Vaqif qızı Sultanova Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.[2]

Afaq Sultanova 2017-ci ilin mayında baş tutan IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.

  1. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 30.09.2022. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.09.2022.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Azərbaycanda paralimpiada sahəsində xidmətləri olan şəxslərin "Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 30.09.2022. Archived from the original on 2022-10-10. İstifadə tarixi: 30.09.2022.