I İbrahim (Şəki – 1417, Şamaxı) — Şirvanşahlar dövlətinin 34-cü hökmdarı. Şirvanşah Şeyx İbrahim Dərbəndilər sülaləsindən olan ilk hökmdardır. Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir.[1]
Şirvanşah I İbrahim | |
---|---|
İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubad | |
| |
Şirvanşahlar dövlətinin XXXIV hökmdarı | |
1382 – 1417 | |
Əvvəlki | Huşəng ibn Kavus |
Sonrakı | I Xəlilullah |
Şəxsi məlumatlar | |
Doğum yeri | Dərbənd |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Dəfn yeri | Şamaxı |
Fəaliyyəti | suveren[d] |
Atası | Sultan Məhəmməd Dərbəndi |
Həyat yoldaşı | Bikə xanım |
Uşaqları | Şirvanşah I Xəlilullah, Kəyumərs (Gövhərşah), Qəzənfər, Əsədullah, Mənuçöhr, Əbdürrəhman, Nəsrətullah, Haşım, Fərruxzad |
Ailəsi | Dərbəndilər |
Dini | Sünni İslam |
Huşəng 1382-ci ildə öldükdən sonra Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər. Münəccimbaşıya görə Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus və Huşəngdən ehtiyat edərək Şəki kəndlərinin birində gizlənmişdilər.[2] Əhməd Qaffarinin məlumatına görə, Şeyx İbrahimin atası oradaca ölmüş, Şeyx İbrahim isə Huşəngin ölümünə və Şirvan feodalları onu Şirvanşahlar taxtına sahib olmağa dəvət edənə qədər həmin yerdə gizlənib qalmışdı[3][4]. Onun taxta çıxması haqqmda başqa mənbələrdə daha müfəssəl məlumat verilir: Zadəgan nəslindən olan yoxsullaşmış feodal Şeyx İbrahim atası və qohumları ilə birlikdə Şirvanın Şəki nahiyəsindəki kəndlərin birində yaşayaraq, əkinçiliklə məşğul olurdu. Onlar özlərini Sasani şahı I Xosrov Ənuşirəvanın nəslindən hesab edir və şəcərələrini bunun üzərində qururdular.[5] Xalq iğtişaşlarından və feodal çəkişmələrindən sonra Şirvan feodalları Şeyx İbrahimi Şirvanşah seçməyi qərar aldılar.
"Onlar hökmdarlıq ləvazimatı olan dövlət atları və məiyyətlə İbrahimin yanına yollandılar. Gördülər ki, o, işləyib yorulduqdan sonra şumlanmış cərgənin yanındakı ağacın altında yatmışdır. Onlar İbrahimin üzərində çadır qurub şah məiyyəti kımi kənara çəkildilər və onun oyanmasını gözləməyə başladılar. İbrahim oyananda onu təbrik etdilər və ona sədaqət andı içdilər. Onlar İbrahimi şəhərə (Şamaxıya) aparıb taxta oturtdular və o, ölkələr fəth etməyə başladı, öz təbəələri ilə ədalətlə rəftar etdi, onların ürəklərinə dinclik gətirib, səxavət göstərdi. Mövqeyi möhkəmləndi və o, geniş tanınaraq məşhurlaşdı"[6][7]
Şeyx İbrahim dövlət adamı zəkasına sahib müdrik hökmdar olmuşdur. İbrahim Yaxın Şərqdə Teymurun işğalçılıq müharibələri ilə bağlı ağır xarici siyasi hadisələrin baş verdiyi dövrdə hökmranlıq etmişdir.
Bu dövrdə Cənubi Azərbaycanda və digər vilayətlərdə Cəlairilər sülaləsi hökmdarlarından olan sultan Əhməd hökmranlıq edirdi.[8][9] Şimaldan Şirvan Qızıl Orda xanı Toxtamış təhdid edirdi. Şeyx İbrahim bu ağır siyasi şəraitdə Şirvanın əfvalının ağırlığını böyük uzaqgörənliklə qiymətləndirdi. Teymur Azərbaycana hücum edərkən qarşısına çıxan hər şeyi yerlə-yeksan edən işğalçı ordunun qarşısında duruş gətirməyin çətin olacağını başa düşən, Şirvanın viran ediləcəyini və əhalisinin qırılacağını görən Şeyx İbrahim Teymura itaət göstərərək ona tabe oldu və onun rəğbətini qazanaraq Şirvanın hakimi saxlanıldı.[6][10][11]
Hətta, Teymur oğlu Miranşahı Azərbaycan və Şirvanın, o cümlədən Dərbənd və Bakının hakimi təyin edəndə də İbrahim Şirvanşah adını qoruyub saxlamağa müvəffəq oldu.[12][13][14][15]
Mənbələrdə h.788 (1386)-ci ildə Qarabağa, Şirvanşahın ərazisinə daxil olan Dərbənddən keçərək Dəşt-i Qıpçağa gedən əmir Teymurun görüşünə gələn İbrahimin davranışı barədə məlumat verilir. Ərəbşah və Cənnabinin məlumatına görə, İbrahim bundan əvvəl özünün ən inanılmış adamı – böyük vəzir qazı Əbu Yəzidlə məşvərət etmiş və o, Şirvanşaha qaçıb dağlarda gizlənməyi məsləhət görmüşdü. Lakin Şeyx İbrahim təhlükəyə qarşı getməyi qərara aldı. O, Teymurun adına xütbə oxunmasını və sikkə kəsilməsini əmr etdi və itaətini bildirmək üçün bahalı hədiyyələrlə istilaçının qərargahına yollandı.[11][16][17] O monqol hökmdarlarında dəbdə olduğu kimi, hər hədiyyədən doqquz ədəd təqdim etdi. Lakin yalnız səkkiz qul bağışladı və bildirdi ki, "doqquzuncu mən özüməm". Bu, Teymurun çox xoşuna gəldi, İbrahimi oğlu adlandırıb ona fəxri paltar bağışladı, Şirvan və Şamaxının hakimi təyin edərək öz torpaqlarına qayıtmasına icazə verdi. İbrahimə hədsiz iltifat göstərən Teymur bəzi mülkləri də onun torpaqlarına qatdı və öz xələflərinə Şirvanşahın övladlarının əmin-amanlığının təmin olunmasını vəsiyyət edən fərman verdi.[16][18][19][20][21][22] İbrahimin müdrik siyasəti Şirvanı viran olmaqdan və fəlakətdən xilas etdi.
Teymurun vassalı olan İbrahim onun adından sikkə kəsdirirdi. XIV əsrin sonlarında Şirvanın bir sıra şəhərlərinin – Bakının Dərbəndin, Şamaxının, Güştəsbinin zərbxanalarında Teymurun adından sikkə zərb olunurdu.
Şeyx İbrahim türkmənlərin, Cəlairilərin, Cucilərin və Teymurilərin Azərbaycan – Arran və Şirvan uğrunda şiddətli mübarizə apardıqları dövrdə hakimiyyət sürmüşdür. O, çevik siyasət yeridir, öz müstəqilliyini nəzərə çarpdırmaqla bu hökmdarlar arasında manevr edir, gah faktiki, gah da nominal surətdə onlardan özü üçün ən təhlükəlisinə tabe olurdu. Buna görə də, onun vaxtında – h.791-792 (1388/9-1389/90)-ci illərdə və sonralar, XIV əsrin sonlarında Bakı, Şamaxı, Şəbəran, Dərbənd, Mahmudabad, Güştəsbi şəhərlərində kəsilən Şirvan sikkələri gah Teymurun, gah da Toxtamışın adından zərb olunurdu. Hətta, hücumlardan xilas olunduqdan sonra belə İbrahim XV əsrin əvvəllərində öz adını göstərmədən anonim sikkələr kəsdirməyə başlayır.[23][24]
Mənbələrdə Teymur Şirvan ərazisindən keçib gedərkən İbrahimin düzəltdiyi təntənəli ziyafətlərdən xəbər verirlər. İbrahim Teymura qiymətli daş-qaş, gözəl kənizlər və oğlan uşaqları, qızıl zireh və kəmərlər, qiymətli zərxara parçalar, silah və minlərlə at hədiyyə etmişdi.[25][26][27] Lakin mənbələrdə İbrahimin başqa vassallar kimi Teymurun xəzinəsinə verdiyi xərac barədə məlumat yoxdur. Ehtimal ki, o, xəracdan azad olunmuş, qiymətli hədiyyələr verməklə kifayətlənmişdir. İbrahim əslində, zəngin və inkişaf etmiş ölkənin müstəqil hakimi olmuş və Teymura tabe olan feodallar arasında xüsusi mövqe tutmuşdur. Onun çevik siyasəti və qüdrətli Teymura meyl etməsi sayəsində Şirvan bu işğalçının qoşunları tərəfindən dağıntıya məruz qalmamış və əvvəlki kimi inkişaf etmişdır. Şirvan əhalisinin Şirvanşahın xəzinəsinə verdiyi vergi və töycülər qonşu ölkələrdəki qədər ağır deyildi.[28]
Şirvanın şimal tərəfdən təhlükəsizliyi Toxtamışın darmadağın edilməsi və Teymurun h.797 (1395)-ci ildə Dərbənddən keçərək Qızıl Orda ərazisinə hücum etməsi ilə əlaqədar uzun müddətə təmin olunmuşdu. 1403-cü ilə qədər Teymur bir neçə dəfə Qarabağ və Şirvandan keçərək Gürcüstana və Dərbənd arxasına gedib-gəlmiş və çox vaxt Qarabağda və Muğan düzündəki Mahmudabadda qışlamışdı.[29][30]
Şeyx İbrahim bir neçə dəfə Şirvana basqın edərək onu böyük dağıntıya məruz qoyan Toxtamışa qarşı mübarizədə Teymura kömək edirdi. H.787 (1385/6)-cı ildə Toxtamışın doxsan minlik ordusu Dərbənd keçidindən Şirvana hücum etdi. Toxtamış Şirvanın şəhərlərini tutaraq Təbrizə getdi, oranı qarət edib həmin yolla da geri qayıtdı.[11][31][32][33][34] Toxtamış h.789 (1387)-cu ildə yenidən Şirvana soxulub Kür çayına çatdıqda Teymur əmirlərinin başçılığı ilə qoşun göndərərək Şirvanşaha kömək göstərdi. Teymurun oğlu Miranşah atasının və Şirvanşahın qoşunlarının köməyinə çataraq Toxtamışı məğlubiyyətə uğratdı, onu qaçmağa vadar etdi və Dərbənddən qovub çıxardı. Teymur h.797 (1395)-ci ildə Dərbənddən keçərək Toxtamış üzərinə yürüşə gedərkən Şeyx İbrahim Şirvan qoşunları ilə onu müşayiət edirdi. Teymur böyük qələbə qazandı. Toxtamış qaçdı. Qızıl Ordanın ərazisi Teymurun qoşunları tərəfindən dağıdıldı və qarət edildi.[35][36][37][38]
h.798 (1395/6)-ci ildə Toxtamışın qoşunlarını təqib edən Teymur Dağıstan ərazisinə girdi və burada haydak əhalisinin şiddətli müqaviməti ilə qarşılaşdı. Onlar mərdliklə vuruşsalar da, üstün qüvvələrin təzyiqi altında geri çəkilməyə məcbur oldular. Teymurun qoşunları vilayəti qəddarcasına talan etdi.[39] Lakin Dağıstanı və ləzgilər ölkəsini 1404-cü ildə təsvir etmiş Sultaniyyə arxiyepiskopu III İohann de Halonifontibusun məlumatına görə Teymur bu səfərdə məğlubiyyətə uğramışdır:
"Teymurləng yüz minlik qoşunla bu dağlara, onların ölkəsinə soxulmağa cəhd göstərdi. Lakin onlar ordunu qalın meşənin qabağında qarşılayıb, düşməni elə ağır tələfata uğratdılar ki, Teymur geri çəkilməyi əmr etdi. Bu hökmdar Dəmir Qapıdan keçmək qərarına gələndə başa düşdü ki, o, ilk növbədə, həmin ölkəni yalnız sülh yolu ilə tabe etdikdən sonra Böyük Tatarıstana soxula bilər".[40]
Toxtamışın öldürülməsindən sonra özünü xan elan edən Şadıbəy xan əmir Edigey tərəfindən devrildikdən sonra Dərbəndə pənah gətirdi. Şirvanşah ona Dərbənddə qalmaq üçün və ona öz pullarını Dərbənd və Bakıda kəsdirmək üçün xüsusi icazə verdi.[41] Edigey ondan xanın qaytarılmağını tələb etsə də Şirvanşah imtina etdi. Şadıbəy xan Dərbənddə vəfat etdi.
Teymur dəfələrlə Azərbaycandan, Dərbənddən keçərək Gürcüstana və şimala getmiş və həmin səfərlərdə Şeyx İbrahim Şirvan qoşunları ilə onu müşayiət etmişdir. Mənbələrin məlumatına görə h.790 (1396)-cı ilin baharında Həştərxana səfərdən geri qayıdarkən Teymur Dərbəndə gəlib çıxır. Teymurun salnaməçisi Şərəfəddin Əli Yəzdi Teymurun əmri ilə şəhərin qala divarlarının bərpa olunduğunu xəbər verir. "Dünyanın fatehi, comərd hökmdar Allahın köməyilə Dərbənddən keçdi və İçqalanın bərpa olunmasını əmr etdi. Onun əmri ilə işə başlanıldı. Onun xoşbəxt və əzəmətlə qayıtması xəbəri aləmə yayıldı".[42]
Şəbərana çatan Teymur sonra Şamaxıdan keçib Kür çayının sahilində ayandı. Şeyx İbrahim burada onu qiymətli hədiyyələrlə qarşılayıb böyük ziyafət düzəltdi. Ziyafət zamanı Teymur Şeyx İbrahimə bahalı paltar, qiymətli kəmər və qılınc bağışladı. Onun Şirvana və ona tabe olan torpaqlara sahiblik hüququnu təsdiq edən fərman yazıldı. Teymur Şeyx İbrahimə Dərbəndi və Şimal sərhədini ayıq-sayıq qorumağı tapşırdı. O vaxt Dərbənd Şirvanşahın torpaqlarına daxil idi. Teymur buradan qoşunları ilə Kürü keçib Ağdam adlı yerdə dayandı. Teymur torpaqları Qızıl Orda ərazisi ilə həmsərhəd olan Şeyx İbrahimin şəxsində müttəfiqini görməkdə maraqlı idi. Buna görə də Teymur İbrahimə çox böyük himayədarlıq göstərir, onu tabeliyində olan digər feodallar arasında fərqləndirirdi. Zəhmli Teymurun etimad və dostluğunu qazanmış İbrahimin çevik siyasətini təkcə Şirvanın xalq kütlələri deyil, feodal sinfi də geniş müdafiə edirdi. İri feodallar, məsələn, orlat tayfasından olan atası Sidi Əli gürcülərlə birlikdə Teymurun hökmranlığına qarşı çıxmış və bu mübarizədə həlak olmuş Şəki hakimi Seyid Əhməd, dəfələrlə Teymurun himayəsinə keçmək xahişilə Şeyx İbrahimə müraciət edirdi. Bu zaman Şəki müstəqil feodal mülkü idi. Şeyx İbrahim Sidi xahişilə Teymurdan onun bağışlanmasına, hətta varislik hüququnun bərpa edilməsinə nail olmuşdu.[43][44]
Rum səfərindən bir az sonra Teymur Gürcüstana yollandı. Teymurun Gürcüstana 1399 və 1402-ci illərdəki yürüşlərində onu İbrahim və Seyid Əhməd öz qoşunları ilə müşayiət etmişdilər. Teymur gürcülərə amansız divan tutdu, yol boyu qalaların müqavimət göstərən əhalisini qıhncdan keçirdi. Teymur qiymətli hədiyyələr göndərərək, bac və xərac verməyi boynuna götürməklə bağışlanmasını diləyən gürcü hökmdarı Georginin elçilərini rədd etdi. Yalnız Şeyx İbrahim iltimas edərək gürcü hökmdarı Georgiyə zamin durduqdan sonra Teymur onu bağışladı və üzərinə ağır xərac qoydu. Gürcü hökmdarları xəzinəsindən qiymətli daş-qaş və mirvari alan Teymur Gürcüstanı tərk etdi.[45][46] Kürü keçən Teymur monqolların dağıtdığı Beyləqanın bərpa olunması haqda əmr verdi, sonra Arazdan suvarma kanalı çəkdirərək Qarabağa getdi[46][47][48][49][50].
Yeddiillik müharibə (1399-1405-ci illər) zamanı Teymur Kiçik Asiyaya (Ruma) Osmanlı sultanı Bəyazidə qarşı yürüş etdi. Bu müharibədə Teymurun tərəfində Şirvanşah İbrahim də iştirak edirdi. Tarixçi Şəmsəddin Məhəmməd əs-Səxəvinin (1427-1497-ci illər) məlumatına görə Teymur h.803 (1400)-cü ildə əş-Şam (Suriya) torpaqlarına daxil olarkən onu müşayiət edən Şeyx İbrahim Hələbə gəlmişdi. Sonra Şirvanşah öz ölkəsinə qayıdaraq hökmranlığını davam etdirdi.[51][52]
Teymurun n.807 (1405)-ci ildə ölümü və bundan sonra Teymurilər arasında baş verən çəkişmələr nəticəsində İbrahim asılılıqdan qurtardı. İbrahimlə Teymurun nəvəsi Mirzə Ömər arasındakı dostluq düşmənçiliyə çevrildi [53][54][55] Teymurilərin ara çəkişmələrindən və Şirvanın xalq kütlələrinin yadelli hökmranlığından azad olmaq uğrunda mübariz hərəkatından istifadə edən Şirvanşah Azərbaycanı öz hakimiyyəti altında birləşdirməyə çalışırdı. Azərbaycanın bir sıra şəhərlərində Teymurilər əleyhinə üsyan qalxdı. Teymurun oğlu Miranşahın 1393/4-cü ildə hurifilik təriqətinin müəssisi Fəzlullah Nəimini edam etdirməsi Şirvanın xalq kütlələrinin xüsusilə narazılığına səbəb olmuşdu.[56] Siyasi vəziyyətdən istifadə edən Şeyx İbrahim Kürü keçərək Gəncəni və Qarabağın böyük bir hissəsini tutdu. İri feodalların bir çoxu İbrahimlə birləşərək, öz qoşunları ilə onların qoşunlarına qoşuldular. Gürcüstanda üsyan baş verdi və gürcü hökmdarı Şəki hakimi Sidi Əhməd kimi İbrahimlə ittifaq bağladı.
Qarabağdakı qaramanlı tayfasının əmiri Yar Əhməd, cəyirli tayfasından əmir Bəstam Cəyir, Ərdəbil hakimi öz qoşunları ilə İbrahimlə birləşdilər. İbrahim qoşunla hərəkət edərək Kürü keçdi və Bərdədə dayandı. Bu vaxt Miranşahın oğlu Mirzə Ömər Şeyx İbrahimin yanına elçi göndərib, ondan öz yanında saxladığı Bəstam Cəyiri ələ verməyi tələb etdi. Şeyx İbrahim bundan boyun qaçırmağa çalışaraq qeyri-müəyyən cavab verdi: "İndi artıq yaydır. Əgər əlahəzrət qışı keçirməyə Qarabağa təşrif gətirsə, sizin bəndəniz özü əmir Bəstamı əlahəzrətin hüzuruna gətirəcəkdir".[57][58][59] İbrahimin hərəkətindən qəzəblənən Mirzə Ömər Araz çayını keçərək Babı kəndində (Füzuli rayonu) düşərgə saldı. Şeyx İbrahim, əmir Bəstam Cəyir, Yar Əhməd Qaramanın oğulları və Şəkili Sidi Əhməd Bərdəni tərk edərək Kür sahillərinə gəldilər. Onlar öz dəstələri ilə sahildə yerləşərək istehkamlar qurmağa və vuruşmanı gözləməyə başladılar. Mirzə Ömər sürətlə yaxınlaşıb, qarşı sahildə düşərgə saldı. Düşmən qoşunları bir həftə ərzində qarşıqarşıya durdular və onların arasında hərbi əməliyyat baş vermədi.
Miranşahın və Əbu Bəkrin Sultaniyyəni və Cənubi Azərbaycanın bir sıra şəhərlərini tutmaq xəbərini alan Mirzə Ömər Şirvanşahla barışaraq Qarabağı tərk etdi. Azərbaycanın Teymurilər arasındakı nifaqdan istifadə edən şəhər əhalisi zülm və ağır vergilər əleyhinə üsyan qaldırdı. 1406-cı ilin baharında Əbu Bəkr Xoca Məhəmməd Dəvani və Zeynəddin Qəzvininin müvəkkillərinin şəhərin bürclərini və istehkamlarını bərpa etmək üçün şəhər əhalisindən böyük məbləğdə pul tələb etmələri ilə əlaqədar Təbrizdə üsyan baş verdi. Bu vaxt Əbu Bəkr Təbrizi tərk etmişdi və başı qardaşı Ömərlə müharibəyə qarışmışdı. Üsyanın başında şəhər tamğaçası (şəhərin baş vergi yığanı) Şeyx Əxi Qəssab və sənətkar karxanalarının digər rəisləri dururdu.
Bu zaman xəbər gəldi ki, əmir-Bəstam Cəyir Təbrizdə iğtişaşlar baş verdiyini bilib ora yollanmışdı Hadisələrdən istifadə edən Şeyx İbrahim də öz qoşunları ilə Təbrizə doğru hərəkət etdi. Teymurilərin asılılığından çıxmış Şeyx İbrahim ölkəni vahid bir dövlətdə birləşdirmək məqsədilə Cənubi Azərbaycanı ilhaq etməyə can atırdı. Bəstam 1406-cı ilin aprelində Təbrizə girdi. Bu, Bəstamla Şeyx İbrahim arasında düşmənçiliyə səbəb oldu. Bəstamın yaxın adamları İbrahimin gəlməsi xəbərini eşidib onun tərəfinə keçdilər. Şeyx İbrahimin Təbriz üzərinə gəldiyini bilən Bəstam şəhəri tərk edərək Ərdəbilə çəkildi. Əbu Bəkr Məhəmməd Devani və Məhəmməd Keçəçi müvəkkillərini Şirvanşahların ordugahına göndərərək itaət etdiklərini bildirdilər. İbrahim bundan əvvəl şəhər əhalisindən yığılmış böyük məbləğin verilməsini tələb etdi.
Şeyx İbrahim mayın axırlarında Təbrizə daxil oldu. O, burada özünü ədalətli və müdrik hökmdar kimi göstərdi. İbrahim tezliklə Uçana tərəf yollandı. Bu vaxt Cəlairi sultanı Əhmədin başına topladığı çoxlu tərəfdarları ilə Azərbaycana gəldiyini eşidən Şirvanşah əmirlərini yığıb dedi: "Biz bu əlihəzrət xanədanla (Cəlarilərlə) uzun müddət dostluq etmişik. Ölkə (Azərbaycan) başçısız qaldığından və Azərbaycan sultan Əhmədin əcdadlarının iqamətgahı olduğundan biz bura yalnız zalımlar təbəələri incitdiklərinə görə gəlmiş və onları məmurların azğınlığından xilas etmişik. İndi isə evin əsl sahibi gəldiyi üçün biz öz ölkəmizə qayıdırıq".[60] O, Bəstanın qardaşı Mənsuru və onun oğlunu azad edərək Şirvana yollandı. Sultan Əhməd h.809-cu il məhərrəm ayının (iyun, 1406-cı il) ortalarında Təbrizə girdi. Lakın sultan Əhmədin öz təbəələrinə qarşı amansız rəftarı və zülmü Təbriz əhlini qoşunları ilə Təbrizə yaxınlaşan Teymuri Əbu Bəkrin tərəfinə keçməyə və şəhəri ona təhvil verməyə vadar etdi. Sultan Əhməd Təbrizdən Bağdada qaçdı.[61][62]
1406-cı ildə böyük qoşun toplamış Qaraqoyunlu Qara Yusif Əbu Bəkrin qüvvələrini darmadağın edərək onu qaçmağa məcbur etdi. 1408-ci ildə Qara Yusif Cənubi Azərbaycanda baş vermiş böyük vuruşmada Teymurun oğlu Miranşahın qoşunlarını, qardaşı Şahruxun 20 min döyüşçüdən ibarət kömək göndərməsinə baxmayaraq, darmadağın etdi. Miranşahın özü bu vuruşmada öldürüldü. Təbrizin əhalisi tezliklə şəhəri Qara Yusifə təhvil verdi, Teymurilərin məğlub olunmuş qoşunlarının qalıqları isə Azərbaycanı tərk etdi. Qara Yusifin köməyilə sultan Əhməd Təbrizə qayıtdı.[63][64]
Real hakimiyyət Cənubi Azərbaycanın bütün şəhərlərində hərbi dəstələri dayanan Qara Yusifin əlində idi. Tezliklə sultan Əhmədlə Qara Yusifın münasibətləri pozuldu. Sultan Əhməd Ağqoyunlu tayfası ilə müharibə aparan Qara Yusifin olmamasından istifadə edərək, Təbrizdəki hərbi dəstəni şəhərdən qovmaq məqsədilə ona basqın etdi. Bunun üçün o, əvvəlcədən oğlu Kəyumərsin (Həsən bəy Rumlunun "Əhsən ət-təvarix" əlyazma əsərinin XI cildində (Sankt-Peterburq Kütləvi Kitabxanası, Dorn kataloqu, M9278, v.l8a) Şirvanşahın bu oğlunun adı Gövhərşahdır [65]) başçılığı altında Təbrizə qoşun göndərən Şirvanşah İbrahimdən yardım istəmişdi. Şeyx İbrahim Şirvanşahlar dövləti üçün böyük təhlükə törətməyən daha gücsüz sultan Əhmədin tərəfini saxlamağı üstün tutdu. Bu zaman Qara Yusif Ərzincanda idi, Təbrizdə baş verən hadisələrdən xəbər tutan Qara Yusif Təbrizin iki fərsəxliyindəki Azad şəhərciyinə Kəyumərsin qoşunlarından əvvəl yetişdi. 1410-cu il avqustun 30-da Əhməd və Qara Yusifin qoşunları arasında baş verən şiddətli vuruşma nəticəsində sultanın qoşunları Təbrizin həndəvərində tamamilə darmadağın edildi. Oxla əlindən yaralanmış Əhməd qaçıb Təbriz sakini başmaqçı Baba əd-Din Cülahın bağında gizləndi. Baba əd-Din onu tutub Qara Yusifə verdi. Sultan Əhməd əmirin əmri ilə öldürüldü. Cəlairilər dövləti süqut etdi, onun yerində baharlı tayfasından olan hökmdar Qara Yusifin başçılıq etdiyi Qaraqoyunlu dövləti yarandı.
1413-cü ildə Qaraqoyunlu dövlətinin tərkibində şimalda Kür çayına qədər Azərbaycanın böyük bir hissəsi, Ermənistan, Kürdüstan və Ərəb İraqı daxil idi. Təbriz bu dövlətin paytaxtı oldu. Baharlılar sülaləsinin başçılıq etdiyi Qaraqoyunlu dövləti 1410-cu ildən 1468-ci ilə qədər davam etdi.
Sultan Əhməd Təbrizi tərk etməzdən əvvəl Şirvanşah İbrahimdən yardım istəmiş, o isə dərhal oğlu Kəyumərsin başçılığı ilə Şirvan qoşunlarını köməyə göndərmişdi. Sultan Əhmədin məğlub olduğu gün Kəyumərs Təbrizin həndəvərinə gəlib çatdı. Gecə o, Qara Yusifin qoşunlarının qəfil hücumuna məruz qalaraq əsir alındı. Qara Yusifin əmri ilə Kəyumərs Ərciş qalasında saxlanılırdı. Şirvanşah oğlunun geri qaytarılması üçün böyük məbləğdə pul təklif etdi.[66][67] Lakin Qara Yusif Kəyumərsi təmənnasız buraxaraq, hədsiz iltifat göstərdi və onunla atası Şeyx İbrahimə tabe olmaq tələbi ilə məktub göndərdi. Şirvanşah Kəyumərsin xəyanət etməsindən, atasını devirərək, Qara Yusifin vassal olmaq barədə onunla saziş bağlamasından şübhələnərək oğlunu edam etdirdi.[68][69][70]
Kəyumərsin edam olunması xəbərini alan Qara Yusif Təbrizdən çıxaraq Qarabağa yollandı. Sonra o, Şeyx İbrahimin yanına elçi göndərərək tabe olmasını təklif etdi. Müstəqilliyini itirmək istəməyən İbrahim Şirvanda böyük ordu toplayaraq Şəki hakimi Sidi Əhməd və gürcü hökmdarı II Konstantinlə ittifaqda on iki minlik süvari ilə Qara Yusifin üzərinə yeridi. İbrahim əvvəllər də gürcü hökmdarı ilə dostluq münasibətləri saxlayırdı və onunla müttəfiq idi. Qələbə çalacağına əmin olan Qara Yusif böyük qoşunla, soyurqal və hədiyyələr bağışladığı vassalları – Cənubi Azərbaycanın iri feodalları ilə birlikdə çıxış etdi. Şeyx İbrahim Kür sahilində düşərgə saldı. Vuruşma h.815-ci ilin şaban ayında (1412-ci il noyabrın 6-dan dekabrın 4 dək) oldu. Qara Yusifin qüvvələri Şirvanşahın, gürcü hökmdarının və şəkili Sidi Əhmədin birləşmiş qoşunlarının qüvvəsindən xeyli üstün idi. Vuruşma zamanı müttəfiq qoşunlarının son dərəcə mərdliklə döyüşməsinə baxmayaraq, üstünlük Qara Yusifin tərəfində oldu. Şirvanşahın qoşunları məğlubiyyətə uğrayıb qaçdı. Döyüşü öz qoşunları ilə gürcü hökmdarı davam etdirirdi. Tezliklə müttəfiqlərin birləşmiş qoşunu Qara Yusifin qoşunları tərəfindən mühasirəyə alınaraq əsir götürüldü. Bu an Şirvanşah İbrahim atla xəndəyin üstündən sıçrayıb keçməyə cəhd göstərdi, lakin yaşlı olduğu üçün (onun yaşı 60-a yaxın idi) duruş gətirə bilməyərək yıxıldı və qolunu sındırdı. Türkmən döyüşçüsü onun paltarını çıxarıb atını əlindən alaraq öldürmək istəyirdi. İbrahim özünü nişan verməli oldu. Onda türkmən onun boynunu qurşaqla bağlayıb Qara Yusifin yanına gətirdi. Gürcü hökmdarı Konstantin, Şeyx İbrahimin oğlanları Qəzənfər, Əsədullah, Xəlilüllah, Mənuçöhr, Əbdürrəhman, Nəsrətullah və Haşım, qardaşı Şeyx Bəhlul, Şirvanın adlı-sanlı adamları – qazı Bəyazid (Əbu Yəzid), əmir Huşəng və oğulları, qazı Mövlana Zahirəddin, habelə, təbib, münəccim, "carçı" və digər əyanlar da əsir alınmışdılar. Onların hamısı qandallarda Qara Yusifin hüzuruna gətirildilər. Qara Yusif sıravi Şirvan döyüşçülərini pulsuz buraxdırdı, gürcü əsirlərin isə edam olunmasını əmr etdi. Üç yüz aznaur eləcə də gürcü hökmdarının qardaşı qılıncdan keçirildi. Özünü məğrur aparan hökmdar Konstantini isə Qara Yusif və oğlu Pirbudaq öz əlləri ilə öldürdülər. İbrahimi, onun oğullarını məiyyəti ilə birlikdə zəncirlənmiş halda Təbrizə göndərib zindana saldılar. Qara Yusif Şamaxını, Şirvanın digər yerlərini və kəndlərini tarmar edib Təbrizə yollandı. O, ölkədən bir milyon mal-qara qovub apardı. Onların böyük bir qismi yolda soyuqdan tələf oldu.
Təbrizdə Qara Yusif əsir Şirvanşah İbrahimlə danışıqlar aparmağa başladı. O, İbrahimdən 1200 İraq tüməni, Şeyx Bəhluldan 200 tümən, qazı Mövlana Zahirəddindən 100 tümən məbləğində can bahası tələb etdi. Sonra Qara Yusif Şirvanşahdan sarayda (ehtimal ki, Bakıdakı Şirvanşahlar sarayında) saxlanılan cavahiratın və qızılın öz xəzinəsinə gətirilməsi tələbini irəli sürdü. Lakin bu zaman Təbrizin tacir və sənətkar rəisləri, başda Şeyx Əxi Qəssab olmaqla, Qara Yusifin divanına gələrək əgər Qara Yusif pul əvəzinə mal qəbul etməyə razılıq verərsə, Şirvanşahın can bahasını dərhal ödəməyə hazır olduqlarını bildirdilər. Bu fakt təbrizlilərin Şirvanşahlara böyük hörmət və rəğbət bəslədiklərini göstərir. Qara Yusif buna razı oldu və təbrizlilər Qara Yusifın divanına 1200 tümən məbləğində mal verdilər, əvəzində isə Şeyx İbrahim həmin məbləği Şirvan divanından almaq üçün Əxi Qəssabın və tacirlərin adına bərat kağızları verdi.
Bundan sonra Qara Yusif İbrahimi buxovdan azad edib ziyafətdə öz yanında oturtdu. Şirvanşah Qara Yusifin vassallığını qəbul etdi və ondan Şirvan vilayətini Şəki hüdudlarından Dərbəndə qədər bütün şəhərləri ilə birlikdə əvvəlki qaydada idarə etmək hüququnu təsdiq edən fərman aldı. Şirvanşah İbrahim və digər Şirvan əsirləri h. 816 (1413)-ci ilin baharında vətənə qayıtdılar. Qara Yusif Ucana getdi və onun qoşunları Şirvanı tərk etdi.[11][71][72][73][74][75][76][77] Şirvanşah İbrahim əvvəlki kimi, otuz beş il ərzində hakimiyyət sürdüyü böyük bir dövlətin hökmdarı idi. Şeyx İbrahim Şirvana qayıtdıqdan sonra üç il hökmranlıq edərək h.820 (1417)-ci ildə ölmüşdür. Cənnabi, Qaramani və başqa müəlliflər İbrahimin ölüm tarixini h.821-ci il göstərsələr də, Hacı Xəlifənin "Cahannamə" əsərində onun varisinin h.820-ci ildə taxta çıxdığı qəti surətdə göstərilir.[11][16][78]
Şirvanşah İbrahim Bikə xanım (ö. 1435) və böyük ehtimal başqa qadınlar ilə də evlənmişdir. Övladları:
Şeyx İbrahimin hakimiyyəti illərində Şirvan güclü və müstəqil dövlət idi. Qonşu ölkələrin feodalları kömək üçün tez-tez Şirvanşaha müraciət edir və ona sığınırdılar. Şeyx İbrahim qonşu ölkələrlə, Gürcüstanla, bir sıra iri yaşayış məntəqələrini öz nüfuzuna tabe etdiyi Dağıstanla müttəfiqlik və dostluq münasibətləri saxlayırdı. I Şeyx İbrahim zamanında Dərbənd və mahalı, Cənubi Dağıstanın Samur vadisindəki kənd və icmaları Şirvanın siyasi asılılığında idi.
Şeyx İbrahimin fərmanı ilə XIV əsrin sonu – XV əsrin əvvəllərində Axtı, Miskinçi, Doqquzpara, Mükrək, Kürə kəndlərinin, Xakül-Məkə, Xınalıq, əl-Fiy, əl-Məzə qalalarının idarə olunması qaytaq usmisinin (hakiminin) oğlu Məhəmməd bəyə həvalə edilmişdi. Şirvanın vassalı Məhəmməd bəyin nəsilləri sonralar da həmin ərazini, habelə Kurax və Təbərsəranı idarə etmişlər. Şirvanla Dağıstan arasında əlaqələr daha əvvəllərdə də mövcud olmuşdur. Şirvan hakimləri hərbi əməliyyatlar və təhlükə zamanı Cənubi Dağıstanda, xüsusilə Təbərsəranda gizləndikləri kimi, Dağıstanın feodal hakimləri də Şirvanşahın yanında sığınacaq tapırdılar. Şeyx İbrahim qaytaq usmisinin Şirvana qaçmış oğlunun məsləhəti ilə Teymura könüllü surətdə itaət göstərməklə özünün bütün torpaqlarını qoruyub saxlaya bilmişdi.[79]
Qızıl Orda xanı Şadi bəy onu məhv etmək istəyən Cumci əmiri Yedigeydən yaxasını qurtarmaq üçün Dərbəndə qaçmışdı. O, Şirvanşah İbrahimin yanında pənah taparaq Şirvanda ölmüşdür. Yedigeyin Şadi bəyin ələ verilməsini tələb etməsinə baxmayaraq, İbrahim buna məhəl qoymamışdir.[80][81] Görkəmli dövlət xadimi, cəsur sərkərdə və mahir diplomat olan İbrahim Şirvanı güclü və müstəqil dövlətə çevirə bildi. Qara Yusifdən vassal asılılığı kağız üzərində qalmış, Şirvan üçün praktik əhəmiyyətə malik olmamışdır.[5]
Dərbənd əvvəlki kimi Şirvanşaha məxsus idi. Bunu Dərbənddəki aşağıdakı kitabə də təsdiqləyir: "Xalqların ixtiyar sahibi olan əzəmətli sultan Şeyx İbrahimin – Allah onun hökmranlığını əbədi etsin – hakimiyyəti zamanında..." [82][83][84]
Sultanı İbrahimin adı daha iki kitabədə də çəkilir: onlardan biri – Abşeronun Maştağa kəndindəki Birə Arğutay məscidinin portalındakı kitabə h.817 (1414/5)-ci ilə, ikincisi – Bakının İçərişəhər hissəsindəki Xacə Əmir şah məscidinin qapısı üzərindəki kitabə h.818 (1415/6)-ci ilə aiddır: "Sultan Şeyx İbrahimin oğlu sultanın dövründə".[85]
Şeyx İbrahimin hakimiyyəti dövründə Şirvanın şəhər və kəndlərində qala binaları, məscidlər, karvansaralar, ovdanlar tikilmişdi. Ehtimal ki, Bakıdakı Şirvanşahlar sarayının tikintisinə də Şeyx İbrahimin vaxtından başlanılmışdır. Tanınmış şairlər və alimlər Şirvanşıhın sarayında yaşayırdılar. Hökmdar onlara səxavətlə hədiyyələr verir, hamilik edirdi. Dövlətşahın verdiyi məlumata görə məşhur fars şairlərindən biri – Katibi Turşizi Şirvanşahların saray şairi Bədr Şirvani ilə görüşmək üçün Şirvana gəlmişdi. Şeyx İbrahim bir şeirə görə Katibi Turşiziyə 10000 qızıl dinar bağışlamışdır. Sonralar Katib Turşizi özünün savadlı və səxavətli hamisi Şirvanşah Şeyx İbrahimi tərk edərək, heç bir diqqət və qayğı görmədiyi Qara Yusifin saray şairi olmasına acı-acı təəssüflənmişdir.[86][87][88] Şeyx İbrahimin hakimiyyəti dövründə şəhər mədəniyyətinin, incəsənət və poeziyanın dirçəlişi müşhaidə edilir. XV əsrin əvvəllərindən Şirvanşahlar dövlətinin 100 ilə yaxın davam edən müstəqillik və inkişaf dövrü başlayır.[5]
SƏLƏF Huşəng ibn Kavus |
I İbrahim Dərbəndilər |
XƏLƏF I Xəlilullah |