Babı — Azərbaycan Respublikasının Füzuli rayonunun Arayatlı kənd inzibati ərazi dairəsində kənd.[2]
Babı | |
---|---|
39°29′15″ şm. e. 47°22′54″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1915[1] |
Vikianbarda əlaqəli mediafayllar |
XIII əsr mənbələrində Babı kəndinin adı çəkilir. Bu kəndin Beyləqan vilayətinə bağlı olduğu göstərilir. Babı kəndi Şeyx Babi Yəqubun olacağı idi. Şeyx Babi Yəqub bin İsmayıl Qur Xərdir. Şeyx Babi Yəqub XIII yüzildə yaşayıb. Hazırkı Babı kəndinin ərazisində yerləşən İmamzadə məqbərəsi yaxınlığında zaviyəsi varmış. Dövrünün böyük alimlərindən, təriqət mürşidlərindən sayılıb. Elxanlı sultanları ona hörmət edirmişlər. Onun müridlərini də əzizləyirmişlər. Tarixçi Fəzlullah Rəşidəddin yazır: "Əhmədin Şeyx Əbdürrəhmana böyük hörməti vardı və onu ata adlandırırdı. Aranda yaşayan Babi Yəqubun müridi Menqli işana isə qardaş deyirdi".[4]
Qaynaqlardan bəlli olur ki, Şeyx Babi Yəqub Elxanlı dövlətinin ictimai-siyasi yaşamında önəmli rol oynayıb. Taxt-tacı qazanmaq istəyən xanzadələr öncə onunla siyasi birliyə nail olmalıymışlar. Hülaku xanın Kutiy xatundan olan yeddinci oğlu Təkudar (Sultan Əhməd xan) Şeyx Babi Yəqubun müridlərinə çox hörmət edirdi. Tarixçi Fəzlullah əsərində qeyd edir: "Arqun haçan ki, Bəstama çatdı, (övliyaların şahı) Əbu Yəzid Bəstaminin, Allah onun qəlbini işıqlandırsın, qəbrini ziyarət etdi. Burdan xeyir-dua və böyük Allahdan uğur və qələbə arzuladı. Əhməd isə Şeyx Babinin yanına qaçdı və onun ardıcıllarından (müridlərindən) kömək istədi".[5]
Tarixçinin gətirdiyi mənzum parçadan aydın olur ki, Şeyx Babi Yəqub ibn İsmayıl Qur Xər artıq vəfat etmiş, müridləri onun işini davam etdirirmişlər.
Şeyx Babi Yəqub Füzuli bölgəsinin Babı kəndində dəfn edilmişdir. Məqbərəsinin üstünə yazılmış kitabənin tərcüməsi budur: "Bu məqbərənin zahid, kamil Şeyx Babi Yəqub bin İsmail Qur Xər üçün tikilməsinə altı yüz yetmiş ikinci ildə əmr olunmuşdur. Yer üzündə nə varsa məhv olacaqdır". Hicri 672-ci il 1273/74-cü il miladi ilinə müvafiqdir.
Elxanlı əmirlərinin düşərgəsi çox zaman Babı kəndində olardı.
Tarixçi Fəzlullah Rəşidəddin yazır: "…Qoşunu hazırlayan çağda əmir Mulay Xorasandan gəlib xəbər gətirdi ki, Novruz Sukeyi və Barulayı öldürüb. Əmir Nurin isə Xorasanda İncəki və Doladayı tutub. İşlər arzulandığı kimi gedir və yağıların böyük hissəsi yenilib. Qalanları isə Arslan oğulu özlərinə başçı seçiblər və Biləsuvara gəliblər. Ordan da Saray Mənsuriyyəyə irəliləyib, Babı kəndində dayanıblar.[6] Üsyançılar Babı kəndini özlərinə dayancaq etmişdilər. Qazan xan Əmir Çoban Sulduza, Sulamiş Oyrota, Qurimiş Handukur noyon oğluna, Toğrulçay-taytağa və Elbasmışa buyruq verir ki, savaş üçün hazırlaşsınlar. Tarixçi FəzlullaH Rəşidəddin yazır: "Beyləqan vilayətində qarşılaşdılar və amansız döyüşdülər. Arslan oğulun əmirləri bunlar idilər: Cəlairərdən Tülək Uçan silahçının əmisi oğlu, İnə bəy Eşək-tuğlunun oğlu, Qazan Taycı Bahadurun oğlu, İusa tarxan, Sərkis Narın Əhmədin oğlu".[7] Babı savaşında öncə Arslan oğulun qoşunu qalib gəlsə də, sonra Qazan xanın ordusuna yardım gəldiyindən üsyançılar darmadağın olur. Arslan oğul yenilib əsir düşür və öldürülür.
Əmir Nurin Aranın hakimi təyin edilmişdi. 1302-ci ildə öldü. Yerinə Əmir Qutluqşah keçdi. Bu hakimlər Babı kəndinə qayğı göstərirdilər.
Tarixi qaynaqlarda qeyd edilir ki, 1405-ci ildə Teymurun ölüm xəbərini eşidən Şirvanşah I İbrahim Teymurlular dövlətinin asılılığından çıxdığını elan edərək ona xərac verməkdən imtina edir. Bu xəbəri eşidən Teymurun oğlu Ömər mirzə İbrahimi cəzalandırmaq üçün böyük oğlu ilə Şirvana doğru irəliləyir. Dəhşətli müharibənin Şirvan torpağında olmasını istəməyən I İbrahim Ömər mirzənin ordusunun yolda qarşılamaq fikrinə düşür və o da öz ordusu ilə Ömər mirzəyə doğru irəliləyir. Nəhayət, Ömər mirzə öz ordusu ilə Arazın cənub sahilində I İbrahim isə şimal sahilində Babi kəndində qarşı-qarşıya dayanırlar. Onlar arasında həlledici olmasa da bir neçə həmləedici döyüşlər oldu.
Hər iki sərkərdə öz dövrünün ən əzəmətli ordularına malik idi. Onların arasında baş verən ən kiçik döyüşün belə dəhşətli olmasını başa düşmək çətin deyil. Bütün bunları yəqin etmək üçün Babi kəndi ərazisində yerləşən yerli əhali arasında "Mağara təpəsi" kimi adlanan yerə baxmaq kifayətdir.
XV əsr qaynaqlarında bu kənd "Məvaziyi-Babı" kimi xatırlanır. Bu kəndin yanından keçid vardı.
Azərbaycan hakimləri, o cümlədən Qarabağın başçısı Əmir Yarəhməd Qaramanoğlu, Ərdəbil və Muğanın başçısı Əmir Bəstam Cəgirli, Şirvanın Şeyx İbrahim, Şəkinin başçısı Sidi Əhməd Orlat və tərəkəmə əmirləri Ömər mirzə Teymurluya qarşı birləşmişdilər. Barlas əmiri bu xəbəri eşidib Arazı adlamışdı. Tarixçi Hafiz Əbru yazır: "Əmirzadə Ömər bu mənadan çox qəzəbləndi və qoşunla o tərəfə getdi, sonra Araz çayından, Məvaziyi-Babı yanından keçdi. Xəbər gəldi ki, Əmir Şeyx İbrahim və Əmir Bəstam və Qaramanın oğulları və Sidi Əhməd Şəkki və tərəkəmələrin kələntərləri Bərdənin Çuq bazarların yanında əyləşiblər".[8]
Babı kəndi 1593-cü ilə bağlı Osmanlı qaynağında Arazbar nahiyəsinin Zaviyəyi-Babı kimi qeyd olunub. Bəylərbəylik dönəmində Arazbar qəzasına, xanlıq dönəmində Xırdapara-Dizaq mahalına bağlı olub. Babı kəndi Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirin idi. Onun ölümündən sonra böyük oğlu Cəfərqulu xana qaldı.
1727-ci ilə bağlı Osmanlı qaynağında Babı kəndində iki qardaş yaşayırdı. Şeyx Həsən Şahqulu oğlu və qardaşı Zal. 1823-cü ilə bağlı rus qaynağında yazılır: Babı kəndi — 3 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Rəncbərlər 6 tüstü, Kədxuda Behbudəli bəy 1 tüstü, molla 1 tüstü, Köyük obasından 1 tüstü, nökər Şahverdi 1 tüstü, Alı bəy Bəhmənli 1 tüstü, onun rəncbəri 1 tüstü, bağban Tanrıverdi 1 tüstü.
XIX əsrin əvvəllərində Babı kəndinin kədxudası Behbudəli bəy idi. Onun vəfatından sonra oğlu Əhmədalı bəy kəndə başçılıq etdi.
XVIII əsr el şairi Lələ bayatılarının birində deyirdi:
Lələyəm, Babı haray,
Arğalı, Babı haray!
Namərd aşıb-daşsa da,
Boş qalar qabı haray.
Cəfərqulu xan Nəva ilə arası olmayan Qasım bəy Zakir yazırdı:
Belə vilayəti dağıtsın tarı,
Ziyadə məğşuşdu Ərəs kənarı.
Xırdapara-Babı, Qarğabazarı,
Maralyan, Horadiz, Nəziyar, Quycaq…
El arasında zarafatla "babılı, axsaq yabılı" deyimi vardı.
1832-ci ildə Babı kəndində Qaradağın Qulubəyli obasından, Hacıəlili elindən bir neçə ailə yaşayırdı. Mahmud bəy, Əli bəy, Rəcəbəli və Ağaməhəmməd Urana qayıtmaq üçün Tiflis canişinliyinə ərizə vermişdilər.
1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Babı Bələdiyyəsi[9] təşkil edilib, onun ilk Nizamnaməsi 2000-ci ildə, yeni Nizamnaməsi isə 05.04.2024-cü il tarixində qəbul edilmişdir[10].
Babı Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[11] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[12] uyğun olaraq, Babı Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
2024-cü ilin sentyabr ayında Bala Bəhmənli Bələdiyyəsindən verilən məlumata görə Babı Bələdiyyəsi həmin bələdiyyəyə birləşdirilməsi planlaşdırılır[13].
"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[14] əsasən Babı kəndi Babı Bələdiyyəsinin (vergi kodu: 7507, statistika kodu: 60604027[15]) mərkəzidir. Həmin Bələdiyyənin ərazi hüquqlarına yalnız Arayatlı kənd inzibati ərazi dairəsində yerləşən Babı kəndi mövcuddur.
Babı Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[16] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvüdür.
"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[17] uyğun olaraq, Babı Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.
Füzuli şəhərində, eləcə də bu rayonun digər kəndlərində də qədim məscidlər çoxdur. Lakin Babı kəndindəki tək Füzuli rayonu üçün deyil, bütün Qarabağ bölgəsi üçün hələ ki, yeganəlik təşkil edir. Belə ki, Babı məscidinin inşa olunma tarixi XII–XIII əsrlərdə bağlanır. Məscid Babı kənd məzarlığında yerləşir. Daha doğrusu bu məzarlıqdakı Şeyx Babı Yaqubi türbəsinin qonşuluğundadır. Dövrümüzə qədər məscidin bir metr hündürlüyə malik olan daş kürsülüyü və bişmiş kərpiclə inşa edilmiş yaruçuq minarəsi gəlib çatmışdır. Məscidin bünövrəsinin mərkəzi hissəsində dörd ədəd sütun altlıqları indi da qalıb. Sütun altlıqlarının ölçülərindən (2mx2m) görünür ki, onlar üzərində oturdulmuş gümbəz çox möhtəşəm olmuşdur. Məscid girişinin sol tərəfindəki minarə yuxarı tərəfdən dağıdıldığından onun çardaq örtüyü haqqında fikir söyləmək çətindir. Lakin həmin məscidin yüksək keyfiyyətlə cilalanmış daş kürsülüyü, həm zərif gövdəli minarənin kompozisiya qurluşu, burada dövrünün ustad memarı olan Qarabağlı Əli Məcdəddinin əl işlərini bir daha nümayiş etdirir. Bu baxımdan Şeyx Babı Yəqubinin qəbirüstü türbəsi, eləcə də onun cənub tərəfindəki hamamın yüksəsk bədii memarlıq həlli və inşaat texnikası da bu ustad memarın çox yüksək peşəkarlığa malik olmasını bir daha təsdiqləyir.[18]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |