Körpülü Numan Paşa

Körpülü Numan Paşa (17 mart 1674, Ədirnə, Osmanlı imperiyası6 fevral 1719, İraklion, Krit vilayəti) — III Əhməd səltənətində 4 il 1 ay 12 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.[1][2][3][4][5][6]

Körpülü Numan Paşa
osman. كوبريللى نعمان پاشا
16 iyun 1710 – 16 avqust 1710
ƏvvəlkiÇorlulu Kürəkən Əli Paşa
SonrakıBaltaçı Mehmed Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 17 mart 1674(1674-03-17)
Doğum yeri
Vəfat tarixi 6 fevral 1719(1719-02-06) (45 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası Körpülü Fazil Mustafa Paşa
Həyat yoldaşları Ruqiyə xanım
Ayşə Sultan
Uşaqları Əl-hac Əhməd Paşa
Vəliyə xanım
Rabiyə xanım
Ailəsi Körpülülər
Dini islam
Rütbəsi general

17 mart 1674-cü ildə Ədirnədə dünyaya gəldi.[7] Atası Körpülü Fazil Mustafa Paşadır. Atasının 1691-ci ildə Avstriya üzərinə çıxdığı son səfər əsnasında dövlət təcrübəsi qazanması məqsədilə Rumelidə yerləşən arxa cəbhəyə göndərildi. Səfər davam edərkən iyul ayında Modava alaybəyi təyin olunaraq Dunay çayı sahilindəki İrşova qalasının təmiriylə vəzifələndirildi.[8] Ancaq o əsnada baş tutan Salankamen döyüşündə atası şəhid düşdü və Osmanlı ordusu məğlub edildi.[9] Hələ 17 yaşında ikən atasının ölümüylə əmisi oğlu Hüseyn Paşa tərəfindən himayə edildi.[10]

Ərzurum bəylərbəyliyi dövrü

[redaktə | mənbəni redaktə et]

Hüseyn Paşanın 1697-ci ildə sədarətə gətirilməsi Numan Paşanın da yolunu açdı. 3 iyul 1700-cü ildə İstanbula çağırıldı və altıncı vəzir olaraq divana daxil oldu. Bununla yanaşı Sultan Mustafanın qızlarından 7 yaşlı Ayşə Sultanla nişanlandı. Ancaq evlilik üçün gözləməli olan Numan Paşa 28 fevral 1701-ci ildə Ərzurum bəylərbəyi təyin edildi.[11][12] Buradakı ilk fəaliyyəti isə bəzi əlavə vergiləri ləğv etmək oldu. Ardından Van əyaləti ilə davam edən sərhəd probleminin həlliylə məşğul oldu.[13] Əyalətdəki yeniçəriləri siyahıya aldırdı və bu yolla haqsız qazanc əldə edən şəxslər aşkarlanaraq cəzalandırıldı.[14]

Anadolu bəylərbəyliyi dövrü

[redaktə | mənbəni redaktə et]

Ərzurumdakı xidmətinin ardından 10 oktyabr 1702-ci ildə Anadolu bəylərbəyi təyin edildi.[15] Onun Anadoluya təyin edilməsində başlıca səbəb isə hamisi olan Hüseyn Paşanın vəzifədən uzaqlaşması oldu. Ancaq bu vəzifədə çox qalmadı. 1703-cü ildə baş tutan Ədirnə hadisələrindən bir neçə gün öncə əmrindəki 8 min nəfərlik birliklə Ədirnəyə çağırıldı. Məqsəd İstanbula iğtişaşlar törədən üsyançıların Ədirnəyə hücumunun qarşısını almaq idi. Ancaq Anadolu birliklərinin gecikməsi və Sultan Mustafanın qardaş qanı tökməkdən imtina etməsiylə taxt dəyişikliyinə gedildi. Taxtdan çəkilən Sultan Mustafa özüylə birlikdə Ədirnəyə gətirdiyi qardaşı Şahzadə Əhmədi taxta çıxardı.[16]

Əyalətlərdəki fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Taxt dəyişikliyinin ardından 1703-cü ilin noyabrında Əyriboz sancaqbəyliyi, 1704-cü ilin sentyabrında isə Kandiyə qalasının mühafizəsiylə vəziləndirilən Numan Paşanın bu dövrdəki fəaliyyətləri haqqında yetərli məlumat yoxdur. 10 fevral 1706-cı ildə boğazların, 3 may 1706-cı ildə isə ikinci dəfə Kandiyə qalasının mühafizəsiylə vəziləndirildi. Bu vəzifədə ikən illərdir nişanlı olduğu Ayşə Sultanla evlənməsinə icazə verildi. 9 aprel 1708-ci ildə Topqapı sarayında keçirilən mərasimlə Numan Paşa Ayşə Sultanla, sədrəzəm Çorlulu Əli Paşa isə Əminə Sultanla nigahlandı. Ancaq gəlinin hələ 12 yaşında olması səbəbilə bu toy mərasimi formal olaraq keçirildi və evliliyin "tamamlanması" üçün gəlinin həddi-büluğa çatması gözlənildi.

Mərasimdən təxminən bir il sonra 1709-cu ilin iyulunda yenidən Əyriboz sancaqbəyliyinə təyin edilən Numan Paşa, həmin ilin dekabrında Bosniya bəylərbəyliyinə gətirildi. Ancaq onun vəzifə yeri olan Bosniyaya yox, İstanbula gəlməsi tələb olundu. Buna səbəb isə daha öncə toy mərasiminin olduğu Ayşə Sultanla olan evliliyinin hələ də "tamamlanmamış" olması idi. 14 mart 1710-cu ildə Topqapı sarayında bu münasibətlə ziyafət verildi və cütlük mərasimin ardından vaxtilə şeyxülislam Feyzullah Əfəndiyə aid olan, ancaq üsyanın ardından dövlət tərəfindən müsadirə edilən Zeyrək sarayında məskunlaşdı.

Çox keçmədən 17 may 1710-cu ildə Belqrad qalasının mühafizəsiylə vəzifələndirilən Numan Paşa yenə vəzifə yerinə getməyərək İstanbulda saxlanıldı. Buna səbəb isə sədrəzəm Çorlulu Əli Paşaya qarşı birləşən Başmaqçızadə Əli Əfəndi, Silahdar Əli ağaDarüssəadə ağası Süleyman ağanın da qatıldığı müxalif qrup idi. Bu müxalif qrupun səyləriylə çox keçmədən sədrəzəm Çorlulu Əli Paşa 15 iyun 1710-cu ildə vəzifədən alınaraq sürgün olundu və yerinə Numan Paşa sədrəzəm təyin edildi. Sofa köşkünə dəvət edilən Numan Paşaya burada sədarət möhürü təqdim olundu və xilat geyindirildi.

Sədarət dövrü

[redaktə | mənbəni redaktə et]

Sədarətə gətirildikdən sonra bəzi vəzifələrdə dəyişiklik edən Numan Paşa qardaşı Abdullah Paşanı Belqrad qalasının mühafizəsiylə, bibisi oğlu Əli Paşanı isə Diyarbəkir bəylərbəyliyi ilə vəzifələndirdi. Ancaq o illərdə təyinat məsələləri Sultan Əhməddən çox, ətrafındakı bəzi şəxslərin əlində idi. Bu şəxslərin istəyi və tələbiylə bir çox mühüm vəzifələrə yeni təyinatlar oldu. Validə Gülnuş Sultanın istəyilə İstanköydə sürgündə olan sabiq sədrəzəmlərdən Hacı Əhməd Paşa bağışlandı və Kandiyə qalasının mühafizəsiylə vəzifələndirildi. Digər yandan Sultan Əhmədin silahdarı və kürəkəni olan Silahdar Əli ağanın səyləriylə, sabiq şeyxülislam Başmaqçızadə Əli Əfəndi yenidən vəzifəsinə qaytarıldı.

Təyinat məsələləri bitdikdən sonra İsveç kralı XII Karlla bağlı davam edən problemin həlliylə məşğul olan Numan Paşa kralın İstanbuldakı təmsilçisiylə görüşərək müzakirələr apardı. İlk addımda 30 min nəfərlik xüsusi birliklə İsveç kralının ölkəsinə aparılması qərarlaşdırılsa da, kral bunu qəbul etmədi və ruslara qarşı Osmanlıları müharibəyə təhrik etməyə başladı. Bütün bu danışıqların getdiyi ərəfədə Numan Paşa vəzifədən alındı (18 avqust 1710). Buna səbəb isə İsveç-Rusiya müharibəsini qızışdırmaq və Osmanlı imperiyasını da tərəf olaraq bu müharibəyə daxil etmək göstərilsə də, əsas səbəbkar Sultan Əhmədin silahdarı və dövrün pərdə arxası gücü olan Silahdar Əli ağa idi.

Sonrakı fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Darüssəadə ağası Süleyman ağa vasitəsilə sədarət möhürü əlindən alınan Numan Paşa Əyriboz sancaqbəyi təyin edilərək paytaxtdan uzaqlaşdırıldı. Çox keçmədən həmin ilin noyabrında vəzifə yeri Hanya olaraq dəyişdirilsə də, 1711-ci ilin dekabrında yenidən Kandiyə qalasının mühafizəsiylə vəzifələndirildi. Keçmiş rəqibi və vəzifədən alınmasında mühüm rol oynayan Silahdar Əli Paşanın sədarətə gəlməsinin ardından vəzifədən alındı və 7 noyabr 1713-cü ildə Yanya sancaqbəyliyinə, 24 yanvar 1714-cü ildə isə Bosniya bəylərbəyliyinə gətirildi. Bu vəzifədə ikən indiki Monteneqroda ayaqlanmanın yatırılmasıyla vəzifələndirildi və toplanan ordunun nizama salınmasının ardından 14 oktyabr 1714-cü ildə səfərə çıxıldı. 20 noyabra qədər davam edən səfər əsnasında bölgənin mərkəzi Çetinye şəhəri talan edildi. Mükafat olaraq 1714-cü ilin dekabrında ikinci dəfə Belqrad mühafizi təyin edilən Numan Paşa, sədrəzəm Silahdar Əli Paşanın onu rəqib görməsiylə vəzifədən alındı və 17 aprel 1715-ci ildə İçel sancaqbəyliyinə gətirildi. Burada yerli quldurlarla mübarizə aparan Numan Paşa sədrəzəmin Avstriyaya qarşı məğlub olması və şəhid edilməsinin ardından, 1716-cı ilin dekabrında yenidən Bosniya bəylərbəyi təyin edildi. 1717-ci ilin iyununda Bosniyaya gələn Numan Paşa Belqradın itirilməsinə mane ola bilmədi. Cəbhədə qazandığı kiçik zəfərlər istisna olmaqla, Osmanlı ordusu bu səfərdə ağır itkilər verdi. Nəhayət, sülh tərəfdarı Nevşəhərli İbrahim Paşanın sədarətə gəlməsiylə sülh danışıqları sürətləndi və 21 iyul 1718-ci ildə tərəflər arasında məşhur Pasarofça sülhü imzalandı.

Səfər davam edərkən İstanbulda da canlanma var idi. Cəbhədə qazandığı qələbələrin ardından qardaşı Əsad bəy 2 yanvar 1718-ci ildə vəzir rütbəsilə Mosul bəylərbəyi təyin edildi. Digər yandan 1718-ci ilin iyulunda Zeyrəkdə baş verən yanğın əsnasında vaxtilə xanımı Ayşə Sultanla yaşadığı Zeyrək sarayı da külə çevrildi.

Sülhün təmin edilməsinin ardından 1718-ci ilin avqustunda yenidən Kandiyə qalasının mühafizəsiylə vəzifələndirilən Numan Paşa bu vəzifəsində ikən humma xəstəliyinə tutuldu və çox keçmədən 6 fevral 1719-cu ildə vəfat etdi. Cənazəsi əmisi Fazil Əhməd Paşanın Kandiyədəki məscidinin həyətinə dəfn olunan Numan Paşanın məzarı üzərində oğlu Əl-hac Əhməd Paşa tərəfindən türbə inşa edildi.[17]

Xeyriyyə işləri

[redaktə | mənbəni redaktə et]

Öldüyü əsnada 44 yaşında olan Körpülü Numan Paşa ölümünün ardından geridə xeyrli əsər qoymuşdur. Kandiyədə 11 otaqlı mədrəsə və bir çeşmə inşa etdirən Numan Paşanın qızı Vəliyə xanımın türbəsi də bu çeşmənin yanında yerləşir.[18][19] Bundan başqa Salonikidə bir məscid və təkyə inşa etdirmiş, Numan Paşa məscidi adlanan bu məscidin daxilində Sünbüliyyə təriqətinə məxsus təkyə də fəaliyyət göstərmişdir.

İlk evliliyi Ruqiyyə xanımla (ö. 18 iyun 1733) baş tutan Numan Paşanın bu nigahdan Əl-hac Əhməd Paşa (ö. 1769), Vəliyə xanım və Rabiyə xanım adlı 3 övladının olduğu bilinir. Qızlarından Rabiyə xanımı qardaşı Abdullah Paşanın oğlu Əbdürrəhman Paşayla evləndirmişdir.[20]

Ancaq saray ənənəsinə görə Ayşə Sultanla nigahlandığı əsnada bu xanımından boşanmışdır. İkinci evliliyindən isə övladı yoxdur.

  • Behcetî, Silsiletü’l-Âsafiyye, Köprülü Ktp., Ahmed Paşa, nr. 212, vr. 182b-186a;
  • Şeyhî, Vekāyiu’l-fuzalâ, II-III, 463-467, 485, 595-596, 708, 709, 710, 711;
  • Râşid, Târih, III, 137, 245-246, 323-327, 330, 331;
  • Dilâver Ağazâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ, İstanbul 1271, s. 12-14;
  • Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 100;
  • Hammer, HEO, XIII, 196, 218-223;
  • İsmet, Tekmiletü’ş-Şekāik, s. 164;
  • Sicill-i Osmânî, IV, 568-569;
  • Ahmed Refik [Altınay], Memâlik-i Osmâniyye’de Demirbaş Şarl, İstanbul 1332, s. 30-31;
  • Osmanlı Müellifleri, I, 267;
  • Uzunçarşılı, Osmanlı Tarihi, VI/1, s. 32, 99-101, 137;
  • Danişmend, Kronoloji2, IV, 3;
  • Tayyib Gökbilgin, “Köprülü”, İA, VI, 905-907;
  • a.mlf. - R. C. Repp, “Köprülü”, EI2 (İng.), V, 262-263.
  1. Akdes Nimet Kurat, İsveç Kralı XII. Karl’ın Türkiye’de Kalışı ve Bu Sıralarda Osmanlı İmparatorluğu, İstanbul 1943, s. 15, 25, 220, 225-228, 229-249, 264-267, 270-271, 281, 285, 286, 314, 327-330, 348;
  2. Silâhdar, Nusretnâme (haz. Mehmet Topal, doktora tezi, İstanbul 2001), MÜ Sosyal Bilimler Enstitüsü, s. 550, 666, 684, 717, 723, 727-728, 730, 757, 860, 865;
  3. D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1980, III, 326-329, 514-515;
  4. a.mlf., “XVIII. Yüzyıl Başı Avrupa Umumî Harbi’nde Türklerin Tarafsızlığı”, TTK Belleten, VII/26 (1943), s. 265-268;
  5. Anonim Osmanlı Tarihi: 1099-1116/1688-1704 (haz. Abdülkadir Özcan), Ankara 2000, s. 148, 160, 225, 285;
  6. Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 801;
  7. Abdullah b. Süleyman, Menakıbu Numan Paşa ve Tarihuhu, Köprülü Yazma Eser Kütüphanesi, Hafız Ahmed Paşa, no. 34 Ha 217/1, vr. 5b
  8. Cumhurbaşkanlığı Osmanlı Arşivi (BOA), Mühimme Defterleri, no.101
  9. Özcan, Abdülkadir, “Köprülüzâde Fâzıl Mustafa Paşa”, DİA, c. 26, Ankara 2002, s. 263-265
  10. Dimitri Kantemir, Osmanlı İmparatorluğu'nun Yükseliş ve Çöküş Tarihi, çev. Özdemir Çobanoğlu, c. II, İstanbul 1998, s. 1032-1033
  11. Özlem Seçkin, 111 Numaralı Mühimme Defteri’nin 508-709. Sayfalarının Transkripsiyonu ve Değerlendirilmesi, Yayımlanmamış Yüksek Lisans Tezi, Artvin Çoruh Üniversitesi Lisansüstü Eğitim Üstü Enstitüsü Tarih Anabilim Dalı, Artvin 2020, s. 55-56.
  12. Joseph de Tournefort, Tournefort Seyahatnamesi, haz. Stefanos Yerasimos, çev. Teoman Tunçdoğan, c. II, İstanbul 2013, s. 48.
  13. Cumhurbaşkanlığı Osmanlı Arşivi (BOA). Mühimme Defterleri 112, sayfa 827
  14. Cumhurbaşkanlığı Osmanlı Arşivi (BOA). Mühimme Defterleri 112, sayfa 468
  15. Cumhurbaşkanlığı Osmanlı Arşivi (BOA). II. Mustafa (AE.SMST.II.), nr. 106/11459
  16. ABOU EL-HAJ, Rifa’at Ali, 1703 İsyanı ve Osmanlı Siyasasının Yapısı, çev. Çağdaş Sümer, Ankara 2011
  17. Mersiye fi Numan Paşa el-Köprülü, Köprülü Yazma Eser Kütüphanesi, Hafız Ahmed Paşa no. 34 Ha 360/3, vr. 19b
  18. Ekrem Hakkı Ayverdi, Avrupa’da Osmanlı Mimâri Eserleri (Bulgaristan, Yunanistan, Arnavudluk), c. 4, İstanbul 1982, s. 216
  19. TOPÇU, Sultan Murat. “Köprülüzade Abdullah Paşa’nın 15 Cemadiel-evvel 1133- M. 14 Mart 1721 Tarihli Vakfiyesine Göre İmar Faaliyetleri ve Bani Kişiliği” Uluslarlarası Sosyal Araştırmalar Dergisi, c. 4, say 17, Bahar 2011, s. 405- 415
  20. İstanbul Kadı Sicilleri, Bab Mahkemesi, 150 Numaralı Sicil (H. 1143-1144/ M. 1730-1732), proje yön. Mehmet Akif Aydın, ed. Coşkun Yılmaz, çev. Ali Coşkun, Abdullah Sivridağ, c. 65, İstanbul 2019, s. 460., orj. mtn. no. 110a-4