Saliha Sultan (21 mart 1715, Topqapı sarayı, İstanbul – 11 oktyabr 1778, İstanbul) — 23. Osmanlı padşahı III Əhmədin qızlarındandır.
Saliha Sultan | |
---|---|
osman. صالحه سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 mart 1715 |
Doğum yeri | |
Vəfat tarixi | 11 oktyabr 1778 (63 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | III Əhməd |
Anası | Hatəm Qadınəfəndi |
Həyat yoldaşları |
Sarı Mustafa Paşa Abdipaşazadə Əli Paşa Xətibzadə Yəhya Paşa Qoca Raqif Paşa Ağa Mehmed Paşa |
Uşaqları |
Sultanzadə Əhməd bəy Fatma xanım Sultan Xədicə xanım Sultan Əminə xanım Sultan Ayşə xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
21 mart 1715-ci ildə Topqapı sarayında dünyaya gəldi. Atası Lalə dövrünün məşhur Osmanlı sultanı III Əhməd, anası isə onun xanımlarından Hatəm Qadınəfəndidir.[1] Doğum xəbəri, o əsnada Ədirnədə olan atası Sultan Əhmədə sədrəzəm Şəhid Əli Paşa tərəfindən verildi.[2] Dünyaya gəlişi səbəbilə dönəmin validə sultanı Gülnuş Sultan tərəfindən sarayda şənliklər təşkil edildi və həm anasına, həm də yeni dünyaya gələn Saliha Sultana dəyərli hədiyyələr verildi.[3][4][5]
İlk dini təhsilinə atasının nəzarəti altında Topqapı sarayında başlayan Saliha Sultan bununla yanaşı, hüsnxətt dərsləri aldı. Əmisi oğlu I Mahmudun taxta çıxması münasibətiylə yazdığı təbrik məktubundakı əl yazısı və istifadə etdiyi ifadələr bunu bir daha sübut edir. 1728-ci ildə sədrəzəm Nevşəhərli İbrahim Paşanın təklifi və atası Sultan Əhmədin təsdiqiylə Dəli Hüseyn Paşanın nəvəsi olan İrəvan bəylərbəyi Sarı Mustafa Paşayla evlənməsinə qərar verildi. Cütlüyün nigahı 28 may 1728-ci ildə Topqapı sarayında baş tutan toy mərasimi əsnasında dövrün şeyxülislamı Yenişəhərli Abdullah Əfəndi tərəfindən kəsildi. Toy mərasiminin ardından Əyyubsultandakı sahilsaraylarından birində yaşamağa başlayan cütlüyün bu nigahdan 2 övladı - Sultanzadə Əhməd bəy (1729-1736) və Fatma xanım Sultan (1730-1795) dünyaya gəldi.
Ancaq Sarı Mustafa Paşa 1731-ci ildə vəfat etdi.[6] 16 yaşında dul qalan Saliha Sultan isə övladlarıyla birlikdə Əyyubsultandakı öz sarayında yaşamağa davam etdi. İkinci evliliyi isə bundan 9 il sonra - 29 iyun 1740-cı ildə əmisi oğlu I Mahmudun istəyilə o əsnada Belqrad mühafizəsiylə vəzifələndirilən Abdipaşazadə Əli Paşa ilə baş tutdu.[7] Eyni mərasim əsnasında bacısı Aişə Sultan Əhməd Ratib Paşayla, əmisi qızı Safiyə Sultan isə Hacı Əbubəkr Paşayla nigahlandılar.[8] Cütlüyün bu nigahdan Xədicə xanım Sultan (?-?) adlı bir qızı dünyaya gəldi. Ancaq bu evliliyi də Əli Paşanın 1744-cü ilin mayında vəfat etməsiylə başa çatdı.[9]
Saliha Sultanın üçüncü evliliyi isə təxminən 1747-ci ildə Əyyubsultan məscidinin imamı Mustafa Əfəndinin oğlu olan Rumeli valisi Yəhya Paşa ilə baş tutdu. Hətta bu nigahdan bir il sonra, 1748-ci ildə ilk evliliyindən doğulan qızı Fatma xanım Sultanı paşanın kiçik qardaşı İbrahim bəylə evləndirdi.[10][11] Bu evlilikdən cütlüyün 2 qızı - Əminə xanım Sultan (1750-1823) və Ayşə xanım Sultan (1751-1754) dünyaya gəlsə də, bu qızlar uşaq yaşlarında vəfat etdilər. Ardından Yəhya Paşanın 1755-ci ilin sentyabrında vəfat etməsiylə, Saliha Sultan üçüncü dəfə dul qaldı.
Saliha Sultanın növbəti evliliyi isə taxta yenicə çıxan qardaşı III Mustafanın istəyilə 31 mart 1758-ci ildə sədrəzəm Raqif Paşa ilə baş tutdu.[12] Toy mərasiminin ardından Əyyubsultandakı sahilsarayında yaşamaq istəsə də, sədrəzəm olan ərinin Topqapı sarayına yaxın olmaq arzusu səbəbilə, özü sədrəzəm Raqif Paşanın sarayına gəlin köçmüşdür. Paşanın 8 aprel 1763-cü ildə vəfat etməsiylə dul qalan Saliha Sultan sonuncu dəfə yenə qardaşı Sultan Mustafanın istəyilə kaptan-ı dərya Ağa Mehmed Paşayla nigahlandı. 9 may 1764-cü ildə baş tutan toy mərasiminin ardından cütlük Saliha Sultanın Əyyubsultandakı sahilsarayında yaşamağa davam etdi.
Saliha Sultanın 6 il davam edən son evliliyi boyunca Ağa Mehmed Paşanı qoruduğu və siyasi məsələlərə qarışdığı bilinir. Belə ki, aralarında yaranan siyasi sürtüşmələr səbəbilə sədrəzəm Bahir Mustafa Paşa tərəfindən vəzifədən alınan Ağa Mehmed Paşa 1765-ci ilin fevralında paytaxtdan uzaq olan Vidin valiliyinə təyin edildi. Ancaq Saliha Sultanın qardaşı Sultan Mustafanın hüzuruna çıxaraq buna etiraz etməsinin ardından bu təyinat dəyişdirildi və Ağa Mehmed Paşa 2 ay sonra Anadolu bəylərbəyliyinə təyin olunaraq paytaxtda saxlandı. Ancaq bununla kifayətlənməyən Saliha Sultan sədrəzəmə qarşı müxalif cəbhəni dəstəkləməyə başladı və paşanın 30 mart 1765-ci ildə vəzifədən alınaraq sürgün edilməsi və daha sonra edam olunmasında fəal iştirak etdi. Ancaq sonrakı illərdə Ağa Mehmed Paşanın əyalətlərə təyin olunmasına mane ola bilmədi və paşa sırasıyla Hotin sərdarlığı və Hələb valiliyinə təyin olundu. 1771-ci ilin fevralında isə Dunay çayı sahilindəki Yergöyü qalasında aldığı sərt tədbirlər səbəbilə düşmən olduğu yeniçərilər tərəfindən qətlə yetirildi.
Qalan illərini Divanyolundakı sarayında ailə fərdləriylə keçirən Saliha Sultan 1778-ci ilin ortalarında istiska xəstəliyinə (bədənin su toplaması) tutuldu. Saray həkimləri tərəfindən hava dəyişikliyi məsləhət görülən Saliha Sultanın Əyyubsultandakı sahilsarayına aparılması istənilsə də, arabaya minə bilməyəcək vəziyyətdə idi. Bu səbəblə kəcavə vasitəsilə Əyyubsultandakı sahilsarayına aparılan Saliha Sultan elə həmin gecə - 11 oktyabr 1778-ci ildə vəfat etdi. Ölüm xəbəri gecə saatlarında sədrəzəm Kalafat Mehmed Paşaya, sədrəzəm tərəfindən isə səhər saatlarında qardaşı I Əbdülhəmidə çatdırıldı. Əyyubsultan məscidində Anadolu qazəsgəri tərəfindən qılınan cənazə namazının ardından, öz vəsiyyətinə əsasən burada kiçik yaşda itirdiyi övladlarının məzarları yanına dəfn olundu.
Saliha Sultanın olduqca geniş vəqfləri olması və ölümünün ardından bu vəqflərə ailə fərdlərinin rəhbərlik etməsi səbəbilə, özündən sonra gələn övladları və nəvələri haqqında ətraflı məlumat tapmaq mümkündür.