Yenişəhərli Abdullah Əfəndi (Yenişəhər, Mersin ili – 1743, İstanbul) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı.[1]
Yenişəhərli Abdullah Əfəndi | |
---|---|
Əvvəlki | Əbu İshaq İsmayıl Əfəndi |
Sonrakı | Mirzəzadə Şeyx Mehmed Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | İsgəndər Paşa məscidi, İstanbul |
Doğum tarixi bilinmir. İlk təhsilini doğulduğu Yenişəhərdə aldıqdan sonra İstanbula gəldi və mədrəsə təhsilini burada tamamladı. Ardından müdərris olaraq fəaliyyətə başladı və ən yüksək müdərrislik dərəcəsi hesab edilən Süleymaniyyə Darülhədisinə qədər yüksəldi. Daha sonra qazı olaraq təyinat alaraq öncə Hələbə, ardından isə Bursaya təyin olundu. İstanbula qazısı olduğu illərdə Moreya səfərinə qatıldı (1715). Səfərin ardından Anadolu qazəsgəri olsa da, çox keçmədən vəzifədən alındı. Ardından Rumeli qazəsgərliyinə gətirildi və bu vəzifədə ikən şeyxülislam İsmayıl Əfəndinin yerinə sədrəzəm Nevşəhərli İbrahim Paşanın da təkidləriylə şeyxülislam təyin olundu (7 may 1718).[2]
Uzun müddət bu vəzifədə qalan Abdullah Əfəndinin fəaliyyət illəri lalə dövrünə təsadüf etmişdir. İlk illərində dövrün Osmanlı padşahı Sultan Əhməd və sədrəzəmi Nevşəhərli İbrahim Paşayla yaxın münasibət qursa da, son illərdə sədrəzəmin fəaliyyətindən narazılığını bildirmiş, hətta ona müxalif olan bir çox dövlət adamlarıyla əlaqə quraraq tənqid etməyə başlamışdı. Patrona Xəlil üsyanının başlamasıyla isə sədrəzəm Nevşəhərli İbrahim Paşanın ən güclü müxaliflərindən birinə çevrildi. Üstəlik bütün bunlara göz yumaraq kürəkəni olan sədrəzəmini müdafiə edən Sultan Əhmədi də tənqid etməkdən çəkinməyən Abdullah Əfəndinin əsas məqsədi baş verən bu hadisələrdən kənarda qalmaq idi. Buna baxmayaraq üsyançıların Sultan Əhməddən tələb etdikləri 37 dövlət adamının arasında sədrəzəmlə birlikdə şeyxülislamın da adı var idi. Bundan çəkinən Abdullah Əfəndi isə tərəf dəyişdirərək üsyançı birliklərin təşkil etdiyi məclislərə qatıldı və bu məclislərdə iqtidarı tənqid etməyə davam etdi. Üstəlik yaşlı olduğunu bildirərək özünün üsyançılar tərəfindən bağışlanmasını təmin etdi. Buna baxmayaraq etdiyi bu hərəkətlər səbəbilə Sultan Əhməd tərəfindən vəzifədən alındı və Bozcaadaya sürgün edildi (30 sentyabr 1730). Sürgündə ikən İstanbuldakı evi də üsyançılar tərəfindən qarət edildi.
1732-ci ildə verilən bir fərmanla sürgündə ikən həccə getməsinə icazə verildi. Ziyarətin ardından uzun müddət İstanbul yaxınlığındakı bir köşkdə yaşamağa başlayan Abdullah Əfəndi daha sonra bağışlandı və İstanbula çağırıldı. Ancaq heç bir dövlət vəzifəsinə qəbul edilməyən Abdullah Əfəndi 1743-cü ildə vəfat etdi və cənazəsi İsgəndər Paşa məscidinin həyətinə dəfn edildi.