Halldor Kilyan Laksness (isl. Halldór Kiljan Laxness, doğru transkripsiya Haltour Kilyan Laxsness, doğum adı Halldór Guðjónsson, Haltour Qvyudyounsson; 23 aprel 1902[1][2][…], Reykyavik, İslandiya, Danimarka krallığı – 8 fevral 1998[3])) — island yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı (1955) və Ümumdünya sülh şurası ədəbiyyat mükafatı laureatı. Katolik, sosialist. İslandiya-SSRİ Dostluğu cəmiyyətinin sədri olmuş, SSRİ-yə səfərləri haqqında "Şərqə yol" və "Rus nağılı" kitablarını yazmışdır.
Halldor Laksness | |
---|---|
Doğum adı | Halldór Kiljan Laxness |
Doğum tarixi | 23 aprel 1902[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 fevral 1998[3] (95 yaşında) |
Vəfat səbəbi | Altsheymer xəstəliyi |
Fəaliyyəti | dilçi, roman yazıçısı, tərcüməçi, dramaturq, şair, filosof, yazıçı |
Fəaliyyət illəri | 1916-cı ildən |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsl adı Halldor Qudonsson olan island yazıçısı Halldor Kilyan Laksness Reykyavikdə, yol nəzarətçisi ailəsində doğulmuşdu. O, üç yaşında ikən ailələri Laksness adlı fermaya köçmüşdü. İsland dilində "maral yarımadası" mənasını verən bu söz sonralar yazıçının təxəllüsünə çevrilmişdi. Kiçik yaşlarından atasından island saqaları dinləyən Halldor yenə də onun təşviqi nəticəsində musiqi ilə maraqlanmış, skripka ifaçılığına yiyələnmişdi. Yazmağa məktəb illərində başlamışdı. "Təbiətin övladı" adlı ilk povesti çap ediləndə Laksnessin cəmisi 17 yaşı vardı.
Atasının ölümündən sonra (1919) Avropa ölkələrinə səyahətə çıxmış, Danimarka, Avstriya, Almaniya və Fransada olmuşdu. Parisdə sürrealistlərlə yaxınlaşmışdı. Avropa səyahəti dini əqidəsində ciddi təbəddülat yaratmışdı. Laksness 1923-cü ildə Lüksemburqda lüteranlıqdan katolikliyə keçmişdi. Yazıçının bir island uşağının həyatını təsvir edən "Müqəddəs dağın ətəyində" romanı 1924-cü ildə çap olunmuşdu. Eyni ildə İslandiyaya qısamüddətli qayıdışdan sonra Laksness Siciliyaya köçmüş və bir müddət burada yaşamışdı. İlk iri həcmli əsəri — "Kəşmirli böyük toxucu" (1927) romanı da İtaliyada yazılmışdı. Məzmunca avtobioqrafik, yazı manerası baxımından sürrealist olan roman Avropada Laksnessin ədəbi uğuru kimi qiymətləndirilmişdi. Lakin üslubi eksperimentlərin ifratlığına, habelə əcnəbi söz və ifadələrdən yersiz, bol istifadəyə görə İslandiyada romanı milli mədəniyyətin qayə və prinsipləri ilə uzlaşmayan əsər adlandırmışdılar.
1927–1929-cu illərdə Laksness Şimali Amerikada yaşamışdı. Kanadadakı island mühacirlərinin acınacaqlı həyatını gerçək boyalarla təsvir etdiyinə görə yazıçı deportasiya təhdidi ilə üzləşmişdi. Onun dini-siyasi baxışlarında da ciddi dəyişiklik yaranmışdı. Laksness bir neçə il əvvəl qızğın tərəfdarı olduğu katolisizmdən uzaqlaşaraq solçu-sosialist mövqeyinə keçmişdi.
İsland parlamentinin min illik yubileyinin qeyd olunduğu 1930-cu ildə yazıçı doğma vətəninə qayıtmışdı. İki cildlik "Salka Valka" romanının nəşri (1931–1932) və bir müddət sonra ingilis dilinə tərcüməsi Laksnessi ABŞ və Avropada orijinal yaradıcılıq üslubuna malik təkrarsız island sənətkarı kimi tanıtmışdı.
30-cu illərin ortalarında yazıçı digər dialogiyasını — "İmkanlı adamlar"ı (1934–1935) çap etdirmişdi. Hər iki roman island cəmiyyətinin aşağı təbəqəsini təşkil edən insanların ağır, əzab və məhrumiyyətlərlə dolu həyatından söz açırdı. İsland insanının üzləşdiyi problemlər, onun təbiəti, dünyaya baxışı, istək və arzuları milli ədəbiyyat nümayəndəsinin əsərlərində ilk dəfə belə psixoloji dəqiqlik, epik genişlik və fəlsəfi dərinliklıə əks olunurdu.
Müasir saqa adlandırdığı dörd cildlik "Dünyanın işığı" (1937–1940) romanını Laksness nəsr yaradıcılığının zirvəsi sayırdı. Romanda dünya ədəbiyyatı üçün universal sayılan mövzulardan biri — sənətkar və cəmiyyət problemi island reallıqları nöqteyi-nəzərindən işıqlandırılmışdı. "İsland zəngi" trilogiyasında isə (1943–1946) yazıçı ilk dəfə tarixi mövzuya üz tutaraq XVII əsrdə Danimarka ağalığı altına düşən İslandiya xalqının iztirab və mübarizələrini əks etdirməyə çalışmışdı.
Bir sıra Avropa intellektualları kimi Laksness də 30-cu illərdə "dünyadakı ilk fəhlə-kəndli hökumətinə" — SSRİ-yə rəğbəti ilə seçilirdi. O, 1933-cü ildə Sovet İttifaqında olmuş və səfər təəssüratlarını "Şərqə yol" (1933), "Rus nağılı" (1938) kitablarında əks etdirmişdi. Yazıçının kommunizmə rəğbəti bədii əsərlərinin, ilk növbədə isə atom epoxası haqqındakı satirik əhvali-ruhiyyəli "Atom stansiyası" (1948) romanının mövzusuna çevrilmişdi. Laksnessin 1950-ci ildə "İslandiya-SSRİ cəmiyyəti"nin sədri seçilməsi də onun siyasi rəğbəti ilə bağlı idi.
İslandiyanın kiçik və kasıb ölkə olduğunu, hətta ən məşhur yazıçının da burada qələmi ilə dolana bilməyəcəyini nəzərə alan hökumət 40-cı illərdə Laksnessə xüsusi təqaüd ayırmışdı. Lakin təqaüdün miqdarı ilbəil azaldığından yazıçı bir müddətdən sonra ondan imtina etməli olmuşdu.
1955-ci ildə Halldor Laksness "İslandiyanın böyük təhkiyə sənətini dirçəldən parlaq epik gücə malik əsərlərinə görə" Nobel mükafatı aldı. İsveç Akademiyasının üzvü E. Vessenin fikrincə, Laksness island ədəbiyyatını öz həqiqi mənşəyinə qaytarmış və müasir məzmunu ifadə etmək üçün milli dili yeni ifadə vasitələri ilə zənginləşdirmişdi. Laureat Nobel mühazirəsində bütün uğurları üçün ilk növbədə, orijinal ədəbi janr olan və dünyanın ən ifadəli dillərindən birinin yaranmasına təkan verən island saqalarının naməlum müəlliflərinə minnətdar olduğunu bildirmişdi.
Laksnessin 50–60-cı illərdəki yaradıcılığı və ictimai-siyasi baxışları bir sıra dəyişikliklərlə səciyyəvidir. Məsələn, "Balıq oxumağı bacarır" (1957) romanında o, əvvəlki əsərləri üçün çox da səciyyəvi olmayan lirik-emosional mövzu və təhkiyəyə üstünlük vermişdi. Tərcümeyi-halı kimi düşünülmüş "Poetik əsr" kitabında (1963) isə siyasi mövqeyini dəyişərək kommunizmin sovet modelini kəskin tənqid etmişdi.
İsland ədəbiyyatının XX yüzillikdəki inkişaf yolu əsrin əvvəllərində doğulan, sonunda isə vəfat edən Halldor Laksnessin şəxsiyyətində və yaradıcılığında özünün ən parlaq ifadəsini tapmışdır.