Xumar Zülfüqarova
Xumar Rza qızı Zülfüqarova (15 noyabr 1927, Bakı – 2 iyul 2017, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster, Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı.
== Həyatı ==
Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olmuşdur. O, 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirmişdir. 1945–1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966–1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978–1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olmuşdur. Üzeyir Hacıbəylinin "Koroğlu" operası əsasında rəqs qurmuş, Qara Qarayevin "Yeddi gözəl" baletində çıxış etmiş, kinofilmlərdə rol almışdır. "Şah İsmayıl", "Aşıq Qərib", "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarında rəqqasə qismində mahircəsinə çıxış etmişdir. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olmuş, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ etmişdir. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirmişdir. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycan Respublikasının xalq və əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələri olub.
25 iyun 2017-ci ildə görkəmli sənətkar insult keçirmiş, 2 iyul 2017-ci ildə 89 yaşında vəfat etmişdir.